Qərbin Ermənistan üzərindən planları regionu çalxalayır- TƏHLİL 

 Bu planlar həm də Azərbaycan-Ermənistan sülh danışıqlarını pozacaq

"Təkcə ona görə yox ki, Rusiya və İranın Ermənistana müdaxiləsi bölgədə mümkün sülh gündəliyini alt-üst edir, həm də Qərbin dəstəyinə arxalanan Paşinyan hakimiyyəti sülh danışıqlarından yayınacaq"

Ermənistanın himayədarları  regionda ikinci Ukrayna böhranı yaratmağa hazırlaşırlar. Baş nazir Nikol Paşinyan aprelin 5-də Brüsseldə Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen və ABŞ dövlət katibi Entoni Blinkenlə görüşəcək. Bununla bağlı jurnalistlərə açıqlamasında Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib. Onun sözlərinə görə, Brüsseldə “Ermənistanın inkişafına töhfə verəcək üçtərəfli əməkdaşlığın yolları” müzakirə ediləcək.
  Həmin görüşdə Ermənistanın təhlükəsizliyini gücləndirmək məqsədilə əməkdaşlığın müzakirəsi də istisna edilmir. Görüşlərin yekununda isə  Ermənistanın müdafiəsi məqsədi daşıyan müqavilələrə imza atılacağı ehtimal edilir. 

Aİ və ABŞ-ın Ermənistana dəstək siyasəti yürütməsinin səbəbi nədir?

Politoloqların fikrincə Ermənistanın təhlükəsizliyinin zəmanətçisi qismində ABŞ, yaxud Fransa hərbçilərinin regiona gəlişi, şübhəsiz ki, Bakı və İrəvanın heç vaxt bu qədər yaxın olmadığı sülh perspektivlərini faktiki heçə endirir. Bir sözlə, Brüsseldə regionda yeni təhlükəsizlik konfiqurasiyası barədə gizli dialoq hansısa təhlükəsizlik qarantiyasının yaradılması və beləliklə, Azərbaycanla Ermənistan arasında yekun sülhə nail olunmasına yox,  məsələnin Qərbin arzuladığı formada, birtərəfli qaydada həll edilməsi cəhdidir.  Əlbəttə, bu, Azərbaycan əleyhinə addım olmaqla, həm də milli maraqlarımıza ciddi təhdiddir. Lakin, eyni zamanda uzunmüddətli perspektivdə İrəvana da heç nə vəd etmir. İlk növbədə, mövcud plan regionda Azərbaycanın qələbələrindən sonra oturuşmaqda olan təhlükəsizlik sxeminə ciddi zərbə vura və xüsusən anriterror tədbirlərinin ardınca formalaşmaqda olan sülh gündəliyi və regional təhlükəsizliyə böyük təhdid ola bilər.

Siyasi şərhçi Asif Nərimanlı isə "Sherg.az" a açıqlamasında deyib ki, belə bir görüşün keçirilməsi Aİ-nin missiyasından sonra Qərbin daha geniş miqyasda  regiona hərbi cəhətdən daxil olması cəhdidir: "Hazırda region çox həssas dövrünü yaşayır. Otuz il qarşıdurma şəraitində yaşayan Azərbaycan və Ermənistan sülh müqaviləsi üzərində çalışırlar. Belə həssas dönəmdə Qərbin ermənilərə təhlükəsizlik çətirini uzatmaq istəyi regionda partlayışa və formalaşmaqda olan regional təhlükəsizliyə böyük zərbə ola bilər.
Qərbin Ermənistanın "təhlükəsizliyi” adı altında bu ölkə üzərindən Cənubi Qafqazda möhkəmlənmək, Rusiyaya qarşı buradan növbəti cəbhəni açmaq planlarını həyata keçirmək istəyi aydın görünür. Hərçənd, bu plan strateji yanlışıqlarla doludur.

Birincisi, Ermənistanda Rusiya hərbi bazaları mövcuddur.
İkincisi, Ermənistan siyasi baxımdan Moskvanın orbitindən uzaqlaşmaq istəsə də, iqtisadi baxımdan bu mümkün deyil: bu ölkənin enerji, nəqliyyat, bank sektoru da daxil olmaqla bütün sferalarında rus kapitalı mövcuddur, eləcə də əsas bazarı Rusiyadır, təkcə Lars yolu bağlananda iqtisadi çöküşlə üz-üzə qalır.
Üstəlik, Rusiyanın Ermənistana cavab addımlarını ritorikadan praktiki müstəviyə keçirməsi an məsələsidir. Ermənistan KTMT-də fəaliyyətini dondurub, rus  sərhədçilərini "Zvartnots” hava limanından çıxarılması üçün rəsmi müraciət edib. Moskvada anlayırlar ki, növbəti addım Gümrüdəki hərbi bazanın bağlanması, eləcə də Rusiya hərbçilərinin çıxarılması olacaq. Buna görə tezliklə Rusiyanın müdaxiləsi baş verə bilər, hətta bunun hərbi müstəvidə olacağı da istisna edilməməlidir.
Ermənistana müdaxiləni İran da dəstəkləyəcək. İrəvanın xarici qüvvələri bölgəyə gətirməsi artıq Tehranda narahatlıq yaradıb və bunu prezident İbrahim Rəisi səviyyəsində dilə gətirirlər. Moskvada da, Tehranda da bilirlər ki, Ermənistanın ABŞ, Aİ və NATO ilə təhlükəsizlik müqaviləsi imzalanması Avropa İttifaqının "müşahidəçiləri”ndən sonra Qərb qüvvələrinin daha geniş tərkibdə bölgəyə yerləşməsinə şərait yaradacaq".

Politoloqun sözlərinə görə, Qərbin belə bir ölkə üzərindən Cənubi Qafqazda planlar qurması faktiki olaraq heç bir perspektiv vəd etmir və bəllidir ki, Ukrayna ssenarisi burada da təkrarlanacaq: "Qərb bu ölkə üzərindən həyata keçirmək istədiyi planda taktiki və strateji yanlışığa yol verdiyi üçün bütün bunlar baş verdi. Ermənistanda da analoji hal yaşanacaq, xüsusilə coğrafi amillər burada daha dəhşətli nəticələrin ola biləcəyi ehtimalını önə çıxarır.
Göründüyü kimi, Qərbin Ermənistanın "təhlükəsizliyi” adı altında Cənubi Qafqazda həyata keçirmək istədiyi planlar regionun təhlükəsizliyini risk altına atmaqdan başqa bir şey deyil və bu, bölgəyə genişmiqyaslı eskalasiya cəd edir. Bu planlar həm də Azərbaycan-Ermənistan sülh danışıqlarını pozacaq. Təkcə ona görə yox ki, Rusiya və İranın Ermənistana müdaxiləsi bölgədə mümkün sülh gündəliyini alt-üst edir, həm də Qərbin dəstəyinə arxalanan Paşinyan hakimiyyəti sülh danışıqlarından yayınacaq".