"Qərb təşkilatlarının ölkəmizdə təxribat cəhdləri yolverilməzdir" - EKSPERT 

Qərbin təxribat institutları Azərbaycanda müxtəlif adlar altında  “yığcam və çevik qruplar” formalaşdırıblar.
Onlar ayrı-ayrılıqda çalışan muxtar şəbəkələr kimi görünsələr də, sonda eyni mərkəz ətrafında birləşir, ABŞ-dən yönləndirilən “qrant şəbəkəs”nin diqtəsi ilə hərəkət edirlər.
Belə lokal şəbəkələrin sayı çoxdur, bütün sferalarda təmsil olunurlar. Bir-birilərinə dəstək verərək, ictimai rəyə təsir edən güc mərkəzi kimi çıxış edirlər.
Ölkəmizdə fəaliyyət göstərən bəzi media qurumlarının Qərb siyasi dairələri tərəfindən maliyyələşdirilməsində məqsəd Azərbaycanda qarışıqlıq yaratmaqdır. Məlum olduğu kimi, bu günlərdə “Toplum TV”-nin fəaliyyətinə hüquqi müstəvidə qiymət verilməsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilib. Belə ki, “Toplum TV”-nin ofisində axtarış-əməliyyat tədbirlərinin həyata keçirilməsi Qərb institutlarının Azərbaycan qanunlarına zidd şəkildə medianı, jurnalistləri və ayrı-ayrı şəxsləri maliyyələşdirməsinə dair ciddi dəlillərin müəyyən edilməsi ilə bağlıdır.

Qeyd edək ki, "Toplum TV”-nin xaricdən cəlb olunmuş qeyri-qanuni qrant vəsaitləri hesabına fəaliyyət göstərdiyini əks etdirən yeni məlumatlar ortaya çıxıb.

APA-nın xəbərinə görə,  hazırda bu iş üzrə saxlanılan şəxslər müxtəlif beynəlxalq donor təşkilatlarının qrant layihələrindən pul əldə ediblər.
Bu təşkilatların arasında Çexiyanın "Praqa Vətəndaş Cəmiyyəti Mərkəzi", "People in Need", “Zinc Network”, “Open İnformation Partnership”, “Transitions”, “OC Media” və digərləri var.
Məlum olub ki, həmin təşkilatlardan ayrı-ayrı layihələr adı altında külli miqdarda qeyri-qanuni maliyyə vəsaiti cəlb olunub. Bu vəsaitlər həm xarici ölkələrdə nağdlaşdırılaraq müxtəlif yollarla ölkəyə gətirilib, həm də ölkə daxilində əsas məqsədi gizli saxlanılan bank hesabları vasitəsilə nağdlaşdırılıb.

Şəbəkə formasında həyata keçirilən bu proses zamanı qanunvericilik pozularaq, layihələrin heç biri Ədliyyə Nazirliyində qeydə aldırılmayıb. Layihələr üzrə verilən vəsaitlər isə hissələrə bölünərək, Azərbaycan, Gürcüstan və bəzi Avropa ölkələrindəki banklar üzərindən köçürmələr edilib.

Siyasi şərhçi Azər Həsrət  isə "Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycan qanunvericiliyi xaricdən daxil olan bu tipli maliyyələrin leqallaşdırılmasının aşkar yollarını göstərir: 

"Bu məsələ milli təhlükəsizliklə bağlı olduğundan Azərbaycan dövlətinin seyrçi qalması mümkün deyildi. Bu şəbəkələri gizli şəkildə maliyyələşdirən təşkilatların amalı xoş ola bilməz. Azərbaycanın müstəqil daxili və xarici siyasət yürütməsi, heç bir dövlətdən, beynəlxalq və ya donor təşkilatdan, maliyyə qurumundan asılı olmaması Qərbdəki azərbaycanofob dairələrə rahatlıq vermir. Ölkəmiz dünyada mövqelərini xeyli möhkəmləndirib və hazırda “orta güc” hesab olunan ölkələr kateqoriyasına daxildir.  Ölkəmizin türk dövlətləri ailəsinin və müsəlman dünyasının fəal üzvü olması da bizə edilən hücumların digər bir səbəbidir. 
Bu hücumlar bir çox hallarda QHT-lər, ayrı-ayrı media qurumları, jurnalistləri, siyasi fəalları maliyələşdirmə yolu ilə həyata keçirilir. Bunu nəzərə alaraq bir neçə il əvvəl Azərbaycan dövləti gərəkli profilaktik tədbirlər gördü. Yəni xaricdən bu və ya digər şəkildə maliyyələşən şəxslərin və qurumların fəaliyyətinin şəffaflaşdırılması üçün gərəkli qanunlar qəbul edildi, qaydalar müəyyənləşdirildi. Nəticə etibarı ilə hər kəsə çağırış edildi ki, bütün qanuni fəaliyyətlər şəffaf şəkildə həyata keçirilsin. Ancaq təəssüflər olsun ki, bəlli bir kəsimə aid insanlar və onların rəhbərlik etdiyi təşkilatlar, hətta siyasi təşkilatlar bu şəffaflıq çağırışına məhəl qoymadılar. Dövlət bəyan edirsə ki, hər şey şəffaf, hər şey qanun çərçivəsində olmalıdır, hüquq, qanun uğrunda mücadilə etdiyini iddia edən adamlar niyə bundan qorxmalıdır, çəkinməlidir? O baxımdan düşünürəm ki, bütövlükdə bizim cəmiyyətimiz bu kimi məsələlərdə diqqətli olmalıdır".
Ekspert hesab edir ki, xaricdən maliyyə almaq istəyən şəxslər öz layihələrini qanunvericiliyin tələblərinə uyğun qaydada qeydiyyatdan keçirməlidir:

 "Eyni zamanda öz fəaliyyətlərində maliyyə şəffaflığını təmin etməlidir. Sözügedən media qurumlarında çalışan şəxslərin bu yöndəki fəaliyyətləri ilə bağlı müvafiq qurumların ciddi şübhələri yaranıb və onlara qarşı gərəkli addımlar atılıb. Bütün bu məsələlər hələlik araşdırma mərhələsindədir. Biz nəyin necə olduğu haqqında indidən hökm verə bilmərik. Gerçəklərin üzə çıxması istintaqın birbaşa vəzifəsidir və biz də səbrlə proseslərin davamını izləməliyik. Amma istənilən halda bu cür fəaliyyətlərin şəffaf olmaması  müəyyən suallar doğurur və bu sualların cavabı mütləq verilməlidir".
A.Həsrət onu da  qeyd edib ki, həmin Qərb təşkilatlarının  ölkəmizin daxilində hansısa təxribat həyata keçirmək cəhdləri yolverilməzdir və Azərbaycan dövləti buna qarşı barışmaz mövqe sərgiləyir.