"Fətullah gülənlər Azərbaycanda şəbəkə yarada bilməyəcək"  - Deputat

"Heç bir vətəndaş Azərbaycanda əsassız olaraq heç bir ittihama məruz qalmır". 
Bunu "Sherg.az"a  millət vəkili Aydın Mirzəzadə deyib. 


Onun sözlərinə görə, əgər  Azərbaycanın müvafiq hüquqi qurumları Qubad İbadoğlu  haqqında müəyyən istintaq hərəkatlarinə başlayıbsa, bunun mütləq əsası vardır: "Qərb ölkələri Qərb dəyərləri adlandırılan universal dəyərlərə özlərində sadiqdirlər. Amma bu dəyərlər onların hər hansı təhlükəsizliyini təhdid edərkən dərhal ona qarşı mübarizə aparırlar. Kollektiv Qərb bu dəyərləri digər milli dövlətlərə qarşı silah kimi istifadə edir, milli dövlətlərin təhlükəsizliyini təhdid edir, Azərbaycana münasibətdə də belədir.
Onlar  Azərbaycan vətəndaşlarını müxtəlif vasitələrlə öz imperialist siyasətinin toruna salaraq onları Azərbaycana qarşı alətə çevirirlər. Belə olanda ideoloji təhlükəsizliyimizlə bağlı risklər yaranır və dərhal Azərbaycanın hüquq sistemi həmin şəxslərə qarşı mübarizə aparır. Bundan sonra Qərbin "ənənəvi hüquq nəğmələri" başlayır ki, insan hüquqları pozuldu, kimsə vicdan məhbusudur, digəri siyasi məhbusdur və sair. Amma kim nə deyir desin, Azərbaycan öz təhlükəsizliyini təmin etməkdə qərarlıdır. Onun istər ideoloji, istər informasiya, istərsə də fiziki təhlükəsizliyini təhdid edən hansısa risklər varsa, ona qarşı qətiyyətlə mübarizə aparacaq. Azərbaycan imkan verməyəcək ki, xalqımızın iradəsindən kənarda Fətullah Gülənlərin, digər terrorçu qrupların, Qərbin imperialist maşınına xidmət edənlərin Azərbaycanda şəbəkəsi yaradılsın.

Deputat  beynəlxalq aləmdən Q.İbadoğluna gələn dəstəyi də təsadüfi saymır: “Onların sözünü Azərbaycanda deyən adamı müdafiə edirlər. Həmin dairələr ki, heç zaman Azərbaycanın milli maraqlarına, ərazi bütövlüyünün təmin edilməsinə dəstək verməyiblər. Eyni zamanda, həmin mərkəzlər daim ölkəmizə qarşı qərəzli mövqe tutublar. Qubad İbadoğlu da bir qayda olaraq onların mövqeyini müdafiə edir. Onun çıxışlarında heç zaman Azərbaycanın taleyüklü məsələləri öz əksini tapmayıb.
 Azərbaycanın  vətənpərvər, milli maraqları üstün tutan, demokratik düşüncəli ziyalıları ilə zəngin olduğunu vurğulayan deputat deyib ki ölkəmizi  də məhz onlar təmsil edirlər. Heç bir zaman xarici maraqları ölkələrinin maraqlarından üstün tutmurlar.  Çox istərdim ki, Azərbaycan gəncləri ilk növbədə, ölkəmizin maraqlarını üstün tutsunlar. Kiminsə qrantları hesabına maraqlarımızı onların istəklərinə qurban verməsinlər”.