Saç üçün təhlükə saçan boyalar: Qadınlar ehtiyatlı olmalıdır

Saç üçün boyalara 5 minə yaxın kimyəvi maddə qatılır

  Rəngini dəyişmək və ya ağ saçları örtmək üçün saçınızı vaxtaşırı boyayırsınızsa, diqqətli olun! Elmi araşdırmalar göstərir ki, gündəlik həyatda istifadə edilən fərdi qulluq vasitələrinin əksəriyyətində sağlamlığa zərərli kimyəvi maddələr mövcuddur. Bunlar arasında ən çox müzakirə edilənlərdən biri də saç boyalarıdır. Onun zərərli təsirləri çox vaxt nəzərə alınmır. Ancaq dermatoloqlar bu vəziyyətin ciddi sağlamlıq riskləri yarada biləcəyinə diqqət çəkirlər. Dermatoloq Hülya Süslü “sağlamlığınız üçün bu təhlükəni gözardı etməyin" xəbərdarlığını edib.
  “Qalıcı saç boyaları iki əsas komponentdən - adətən ammonyak və ya monoetanolamin ehtiva edən rəngdən və saçın rəngini açan hidrogen peroksiddən ibarətdir. Bu komponentlər baş dərisində qızartı və qaşınma kimi allergik reaksiyalara səbəb ola bilər. Hidrogen peroksid saçda kükürd itkisinə səbəb olduğu üçün saç tökülməsinə gətirib çıxara bilər. Tərkibində ammonyak olmayan məhsullardan istifadə edərkən də diqqətli olmaq lazımdır, çünki onlar da toksik maddə “Monoetanolamin (MEA)” ehtiva edirlər”, - deyə dermatoloq bildirib.
Onun sözlərinə görə, saç boyalarının tərkibində olan benzol, formaldehid, parafenilendiamin (PPD), aminofenol və naftilamin kimi bəzi kimyəvi maddələrin döş xərçəngi və sidik kisəsi xərçəngi riskini artırdığını göstərən araşdırmalar var: “PPD qaraciyərin zədələnməsinə səbəb ola bilər. Saçlarını tez-tez boyayan insanlarda bütün bu risklər artır”.
  H.Süslününü sözlərinə görə, saç boyalarının bitki mənşəli olması onların zərərsiz və ya tamamilə təhlükəsiz olması demək deyil. Qara xına kimi satılan paketlərin tərkibində yüksək allergiya riski olan parafenilendiamin də var: “Yaşıl qoz qabıqlarında tapılan və bitki boyalarında rəngləndirici kimi istifadə edilən “juqlon” hüceyrənin zədələnməsinə səbəb olan sitotoksik maddədir (hüceyrəyə toksik təsir göstərir və hüceyrəni öldürür və ya funksiyasını pozur).
Bundan əlavə, saç boyalarında istifadə edilən bitki ekstraktlarının tərkibi və toksik təsirləri; bitki mənbələrindən, məhsul mövsümündən və hazırlanma texnikasından asılı olaraq dəyişə bilər. Bitki mənşəli boyaların çoxunda kadmium, qurğuşun və xrom kimi ağır metal ionları var. Həm bu səbəbdən, həm də günəş işığına həssaslığı artırdığından onların istifadəsi məhdudlaşır. Bitki mənşəli saç boyalarından ehtiyatla istifadə etmək və onların tərkibində olan inqrediyentlər barədə məlumatlı olmaq vacibdir”.
  Dermatoloq hamiləlik və əmizdirmə zamanı saçlarını boyayan anaların uşaqlarında astma və leykemiya kimi xəstəliklərin yaranma riskinin artdığını göstərən tədqiqatlar olduğunu diqqətə çatdırıb: “Bu səbəbdən xüsusilə hamiləliyin ilk 3 ayında saçların rənglənməməsi məsləhət görülür. Saç boyasının tərkibindəki aktiv maddələrə allergiyası olduğunu bilənlər də saç boyamamalıdır”.
  Onkoloq Rəna Abdullayeva da “Sherg.az"a açıqlamasında saç boyasının daxili orqanlara çox ciddi mənfi təsirinin olduğunu deyib. Onun sözlərinə görə, satışdakı saç boyalarının mütləq əksəriyyətinin tərkibi kimyəvi maddələrdən ibarət olduğundan, qadınların daha çox istifadə etdiyi məhsulların orqanizminə mənfi təsiri getdikcə artır: “Saç üçün boyalara 5 minə yaxın kimyəvi maddə daxildir. Onlardan bəzilərinin mutagen xüsusiyyətləri var, bəziləri də endokrin sistemin pozulmasına gətirib çıxara bilərlər. 1980-ci illərədək boyaların tərkibində aromatik aminlər olub və tünd rəngdə (qara, tünd qəhvəyi) boyalar daha aqressiv sayılırdı. Sıçovullarda aparılan bəzi laborator sınaqlar sübut edir ki, saç boyalarının tərkibində olan P - fenilendiamin süd vəzi xərçənginə gətirib çıxara bilər. Elmi tədqiqatlar açıqlayır ki, kim ki vaxtaşırı 12 ay ərzində saçını boyayır ( 5-8 həftədən daha tez ) süd vəzi xərçənginə tutulması riski 8-9 faiz çoxdur. Kimyəvi saç düzləşdiricilərin kanserogen təsiri daha çoxdu ( 30 faizə qədər). Düzdür, saç boyalarında da kanserogenlər var, lakin saç boyası özü-özlüyündə süd vəzi xərçəngini əmələ gətirməz, burada əlavə amillər, başqa risk faktorları da rol oynayır. Beləliklə, saç boyaları nə qədər müasir və natural olsa da, tərkibində kimyəvi maddələr mütləq var. Gözəl olmanız vacibdir, lakin boyaların mənfi təsirini unutmayın, 5 həftədən bir tez olmamaq şərtilə saçınızı boyaya bilərsiz və bu proses həyatınızda nə qədər gec başlayarsa, o qədər sizin xeyrinizədir. Çox təəssüf ki, son illər saç boyalarından istifadə yaşı cavanlaşır. İllər öncə saç boyalarından ancaq saçlar ağardıqda istifadə edirdilərsə, bu gün gənc xanımlar da saçını gündə bir rəngə boyayır. Mütəxəssis olaraq saç boyalarından erkən istifadəni düzgün hesab etmirik”.