Akif Nağı: Onların yeri Bakıdakı həbsxanalardır

Azərbaycan Şahramanyan kimiləri interpol vasitəsilə beynəlxalq axtarışa verməlidir


  Qarabağ separatçılarının keçmiş rəhbəri Samvel Şahramanyan Fransanın “Le Figaro” nəşrinə müsahibə verib. O deyib ki, “mühacirətdə olan Qarabağ hökuməti İrəvanda fəaliyyətini davam etdirir”. Şahramanyan Fransa başda olmaqla xarici gücləri regionun məsələlərinə müdaxilə etməyə çağırıb. Həmçinin Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsinə qarşı çıxıb. Son günlər separatçı ünsürlər xarici ölkələrdə özlərini “mühacir hökumət”, “prezident”, “nazir” kimi təqdim edirlər. Ermənistanın Baş naziri Nikol Paşinyan separatçının məlum açıqlamalarına sərt reaksiya verib. Paşinyan bildirib ki, Ermənistan mühacirətdə olan heç bir “Dağlıq Qarabağ hökumətini” tanımır. Baş nazir deyib ki, Azərbaycanın Qarabağ bölgəsini tərk edən bəzi dairələr Ermənistanın milli təhlükəsizliyini təhdid edən addımlar atırlar: “Açıq şəkildə bildirmək istəyirəm ki, Ermənistanda yeganə hökumət var və bu salonda oturub. Lazım gələrsə, xarici qüvvələrin müəyyən dairələrdən istifadə edərək Ermənistanın təhlükəsizliyinə təhdid yaratmamaları üçün uyğun tədbirlər görülməlidir”. Paşinyanın sözlərinə görə, belə acıqlamalar Ermənistanın milli təhlükəsizliyini təhdid edir. Müsahibənin məhz Fransanın mətbuat orqanlarında dərc edilməsi təsadüfi deyil. Fransa başda olmaqla öz mənfur geosiyasi niyyətləri ilə regiona daxil olmağa çalışan bəzi qüvvələr regionda sülhün əldə edilməsinə yol vermək istəmirlər. Bunun üçün bütün vasitələrlə gərginliyi artırmağa çalışırlar. Ermənistanın hərbiləşdirilməsinə yardımlar, bu müsahibə, 5 aprel 2024-cü ildə keçiriləcək Ermənistan-ABŞ-Avropa İttifaqı sammiti də eyni xəttə xidmət edən vahid kampaniyanın tərkib hissələridir. Qərbi Azərbaycan İcması da separatçı tör-töküntülərin sərsəm bəyanlarına münasibət bildirib. İcma öz bəyanatında Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxarmağa, Fransanın oyunlarına getməməyə çağırıb: "Ermənistan dərk etməlidir ki, öz ərazisində Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qəsd edən ünsürlərin fəaliyyətinə şərait yaratması yolverilməzdir. Qərbi Azərbaycan İcması Ermənistandan revanşist və militarist siyasətinə son verməyi, Azərbaycanla sülh əldə etmək yolunu tutmağı və Qərbi azərbaycanlıların öz evlərinə qayıtmasına şərait yaratmağı tələb edir".

  Azad Vətən Partiyasının sədri Akif Nağı "Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycan öz ərazisində separatizmi kökündən söküb atdı. Partiya rəhbərinin sözlərinə görə, bundan sonra bizim ərazilərdə separatçıların yenidən baş qaldırması mümkün deyil və buna heç vaxt imkan verilməyəcək: 
"Şahramanyan digər separatçı rəhbərlər kimi Azərbaycanda həbs olunmalıydı. Amma Bakının humanistliyi, güzəşti sayəsində Şahramanyan Ermənistana gedə bildi. Əslində, ilk dövrlərdə separatçı Şahramanyan sakit dayanmışdı. Lakin sonra müəyyən xarici güclərin təhriki ilə fəallaşdı, hətta qondarma rejimin ləğvi ilə bağlı imza atdığı sənədin legitim olmadığını iddia etdi. Ardınca xarici ölkələrə səfərlər edərək müxtəlif rəsmilərlə görüşdü, onu hansısa "respublika"nın "prezidenti" kimi qəbul etdilər və s. Söhbət ondan gedir ki, Paşinyan hökuməti indiyə kimi buna göz yumub, hətta onlara şərait yaradılıb, hökumətin tapşırığı ilə İrəvanda nümayəndəlik təsis olunub. Məqsəd müəyyən dövrlərdə Azərbaycana separatçı ünsürlər vasitəsilə təzyiq göstərmək olub. İndi Paşinyanı narahat edən məqam separatçıların başqa kənar güclərin əlində alətə çevrilməsi, İrəvanın kontrolundan çıxmasıdır. Baş nazir fərqindədir ki, onun cızdığı xətdən kənara çıxan Şahramanyanın xarici dairələrin əlində alət olması İrəvan hökumətinin siyasətinə əngəl törədəcək. Yəni Paşinyan separatçılara sülh prosesinə zərbə vurduqları üçün qəzəblənməyib. Sırf öz siyasi ambisiyalarına zidd olduğu üçün Şahramanyanı hədələyib. Şahramanyanın Azərbaycanla bağlı absurd ittihamları boş və mənasızdır. Qarabağ məsələsi artıq bağlanıb və orada separatizmin bərpasından söhbət gedə bilməz". 

  A.Nağı əlavə edib ki, Azərbaycan Şahramanyan kimiləri interpol vasitəsilə beynəlxalq axtarışa verməlidir: 
"Əgər separatçılıq fəaliyyətlərini davam etdirəcəklərsə, onların yeri ölkəmizdəki həbsxanalardır. Şahramanyana "Le Fiqaro" qəzetində yer verilməsi Fransanın anti-Azərbaycan siyasətinin aydın təzahürüdür. Separatçı tör-töküntülər əvvəl Rusiyanın əlində alət idilərsə, indi Fransanın çətiri altına giriblər. Parisin Bakıya qərəzli mövqeyi ortadadır. Əslində, Fransa ermənilərin yox, öz maraqlarını müdafiə edir. Ermənistan üzərindən Cənubi Qafqaz regionuna soxulmağa cəhd göstərir. Fransa rəsmilərinin Ermənistana səfərləri, Avropa Birliyinin missiyasının tərkibinin artırılması da bu məqsədə xidmət edir. Fransa bölgədə öz mövcudluğunu təmin etməyə çalışır".