Zəngəzur dəhlizinə nəzarəti Fransa, Avropa İttifaqı və ABŞ həyata keçirmək istəyir
Aprelin 5-də Brüsseldə keçiriləcək ABŞ-Ermənistan-Avropa İttifaqı müştərək konfransı əslində hərbi paktdır və bu, regionda sabitliyə, sülhə qarşı yönəlib. Cənubi Qafqazda ikinci Ukrayna ssenarisinin reallaşdırılması istiqamətində cəhdlər var və məqsəd regionda ikinci cəbhəni açmaqdır. Bu, Azərbaycana təzyiq və hərbi müdaxilə planının tərkib hissəsidir. Bununla Ermənistan revanşa həvəsləndirilir. ABŞ və Avropa Azərbaycanın öz ərazilərini azad etməsi, suverenliyinin və ərazi bütövlüyünün bərpası ilə barışmaq istəmir. 44 günlük Vətən müharibəsindən sonra Qərb 3 il ərzində “humanitar fəlakət” bəhanəsi ilə Azərbaycan rəhbərliyinə qarşı təzyiq kampaniyası apardı. Avropalı siyasətçilərin Qarabağa qanunsuz səfərləri təşkil edildi, separatizmə açıq dəstək verildi. Lakin bunların heç biri nəticə vermədi. Azərbaycanın antiterror tədbirləri Qərbin planlarını alt-üst etdi. Bu səbəbdən indi Azərbaycana qarşı hərbi planlar qurulur. Görünən odur ki, Qərb Ermənistanın əli ilə regionda münaqişə ocağı yaratmaq planlarını yeniləməkdədir. Avropa İttifaqı və ABŞ tərəfindən bu kimi fəaliyyətlər açıq şəkildə birtərəfli və qərəzli xarakter daşıyır və ikili standart yanaşmaya əsaslanır. Məlumdur ki, sözügedən konfrans tam şəffaf şəkildə keçirilməyəcək. Bu konfrans, erməni tərəfini xoş niyyətlə danışıqlara sövq etmək əvəzinə, regionda yeni bölücü xətlər yaradır. Ermənistandakı revanşist əhvali-ruhiyyə fonunda Vaşinqton və Brüssel tərəfindən bu kimi açıq ermənipərəst ictimai təzahür Ermənistanın Azərbaycana qarşı yenidən mümkün təxribatlarında Avropa İttifaqının və ABŞ-nin Ermənistanı dəstəkləyəcəyinə dair bu ölkədə təhlükəli illüziya yarada bilər. Bu halda, Avropa İttifaqı və ABŞ Ermənistanın sabitliyi pozan hər hansı mümkün hərəkətinə görə məsuliyyəti bölüşməlidir.
Millət vəkili Naqif Həmzəyev "Sherg.az"a açıqlamasında bildirib ki, Amerika Birləşmiş Ştatları, Avropa İttifaqı, beynəlxalq təsisatların çoxu, xüsusilə AŞPA açıq şəkildə Ermənistanı dəstəkləyirlər və ermənipərəst mövqe sərgiləyirlər. Deputat vurğulayıb ki, son dönəmlər birbaşa Fransanın diktəsi ilə Ermənistanı dəstəkləyən, Azərbaycana qarşı qərəzli mövqe sərgiləyən bəyanatların və qətnamələrin qəbul edilməsinin şahidi oluruq:
"5 apreldə Brüsseldə Avropa Birliyi və ABŞ ilə Ermənistanın müştərək konfransının keçirilməsinin planlanması anti-Azərbaycan kampaniyasının növbəti raundu kimi dəyərləndirilməlidir. Qərb Ermənistanı nəzarətdə saxlamaqla Rusiyanın bölgədəki təsir imkanlarını sıfıra endirmək niyyətindədir. Rusiyanın zəifləməsi fonunda bu boşluğu Fransa doldurmaq istəyir. ABŞ və Avropa Birliyinin də Fransanı dəstəkləməsi göstərir ki, Qərb İrəvan üzərindən gələcəyə doğru planlar hazırlığındadır. Qərb himayəsinə götürdüyü Ermənistanın Cənubi Qafqazda zəif bənd kimi qalmasını istəmir. Ukraynanın düşdüyü vəziyyəti analiz edərək Ermənistanı fərqli formatlarda istifadə etməyi düşünürlər. İlk növbədə Ermənistanda daha da aktiv şəkildə yerləşmək, imkan olacağı təqdirdə rus hərbi birləşmələrini NATO qüvvələri ilə əvəzləmək istəyirlər".
Parlament üzvü vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında mümkün sülhün baş tutması Qərb ölkələrinə fayda vermir, onların maraqlarına xidmət etmir: "Qərb dairələri sülhün məhz öz istəkləri çərçivəsində olmasını istəyirlər. Avropa İttifaqı və ABŞ Azərbaycan və Türkiyə ilə yaxınlaşma nəticəsində Ermənistanı itirəcəklərindən qorxurlar. Qərb bütün oyunlarını Ermənistan üzərindən oynayır. Zəngəzur dəhlizinə nəzarəti də Fransa, Avropa İttifaqı və ABŞ həyata keçirmək istəyir. Çünki Zəngəzur dəhlizi Orta Dəhlizin faktiki olaraq açar nöqtələrindən biri olacaq. Uzun illərdir Gürcüstan üzərindən enerji resurslarının və yüklərin daşınması həyata keçirilir. Bu proses Qara dəniz və Aralıq dənizi vasitəsilə reallaşdırılır. Ancaq Azərbaycan və Türkiyənin, xüsusilə də türk dövlətlərinin birləşməsi, proseslərdə daha aktiv rol oynaya bilməsi üçün Zəngəzur dəhlizinin açılması zərurətdir. Azərbaycan buna alternativ olaraq İran üzərindən yolun çəkilməsini də planlaşdırır. Hesab edirik ki, alternativ yol faktiki olaraq Qərb dairələrinin nəzarətində olmayacaq. Ermənistan ərazisindən keçəcək Zəngəzur dəhlizinin nəzarətini isə İrəvan Qərb ölkələrinə həvalə edə bilər. İstənilən halda Azərbaycan-Ermənistan münasibətlərinin yaxınlaşdığı indiki mərhələdə Ermənistanı silahlandırmaq, İrəvana cəsarət vermək sülhə ciddi zərbə vurur. Bu pozucu prosesi həyata keçirən də Qərb ölkələridir. Ermənistan anlamalıdır ki, sülhün yubanması ilk növbədə ermənilərin əleyhinədir".