"Bu, duruma nəzarət üçün mütləqdir. Qərb çalışır ki, vəziyyət nəzarətdən çıxmasın”
Rusiyanın xarici işlər naziri Sergey Lavrov növbəti dəfə Rusiya-Qərb münasibətlərindən danışıb. Lavrov vurğulayıb ki, tərəflərin terrorizmlə mübarizə üzrə işgüzar təmaslar və əməkdaşlıq edəcəyi sahə, demək olar ki, qalmayıb. Onun sözlərinə görə, ABŞ və Böyük Britaniya səfirlikləri Moskvada olan vətəndaşlarını xəbərdar edərək, onları kütləvi tədbirlərdə iştirak etməməyə çağırıb: "Xüsusi xidmət orqanlarının xətti ilə təmaslar bir qayda olaraq anons edilmir". Lavrov qeyd edib ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov bu yaxında verdiyi müsahibədə bu cür təmasların olduğunu, lakin çox ümumi xarakter daşıdığını deyib. Rusiya XİN rəhbəri qeyd edib ki, terrorizmlə mübarizə ənənəvi olaraq Rusiyanı Qərb və Şərqlə yaxınlaşdıran sahələrdən biri hesab olunub: "ABŞ və Böyük Britaniya tez-tez bəyan edirdi ki, siyasi və iqtisadi fikir ayrılıqlarına baxmayaraq, bu mübarizə aparılmalıdır. Lakin Moskva Avropa İttifaqı liderlərini terrorizmlə mübarizə üzrə məlumat və koordinasiya mübadiləsi üçün mexanizm formalaşdırmağa razı salmağa çalışanda Aİ Rusiya ilə yaxınlaşmadı. Bu məsələ ilə bağlı sonuncu görüş 2019-cu ildə keçirildi, bundan sonra onların marağı itdi".
Politoloq Azər Qasımov "Sherg.az"a deyib ki, Rusiya və Qərb arasında əməkdaşlıq Ukrayna müharibəsinə qədər və ondan sonra da olub. Onun sözlərinə görə, tərəflərin əməkdaşlığı təkcə xüsusi xidmət orqanları yox, iqtisadi sahədə də davam edib:
"Qərb Rusiyadan kosmik sənaye məhsulları, nüvə yanacağı və s. almaqda davam edib. Bura sanksiyalardan yan keçərək Rusiya ilə əməkdaşlıq edən ölkələrə, hətta Aİ ölkələrinə belə göz yumulması faktlarını əlavə etmək olar. Əməkdaşlıq etmək üçün tərəflərin ortaq yönləri olmalıdır. Rusiya isə özünü elə bir duruma salıb ki, istənilməyən kənar ölkə, beynəlxalq aləmdən qovulmuş ölkə durumuna düşüb. Odur ki, Lavrovun hansısa əməkdaşlıqdan danışması üçün heç bir şərait yoxdur və yersizdir. Buna baxmayaraq, ABŞ Rusiyaya terror hücumunun olacağını göründüyü kimi əvvəlcədən bildirmişdi. İndi bu nə qədər səmimi davranış idi, söyləmək çətin məsələdir. Qərb və Rusiya nüvə silahı istifadəsi nöqtəsində də göründüyü qədəri ilə əlaqə saxlayırlar. ABŞ-nin Rusiyaya çəkindirmək məqsədilə bu istiqamətdə xəbərdar etdiyi də məlumdur".
Analitik vurğulayıb ki, Qərb hər zaman Rusiyanı sanksiya ilə hədələsə də, əməkdaşlıq üçün pəncərəni açıq saxlayır: "Bu, duruma nəzarət üçün mütləqdir. Qərb çalışır ki, vəziyyət nəzarətdən çıxmasın. Ukrayna müharibəsi fonunda Qərbin Moskva ilə əməkdaşlığı hesab edirəm ki, mümkündür. Bunsuz beynəlxalq proseslər irəliyə getməz. ABŞ-Çin əlaqələrinin gərginliyinə rəğmən, Çin Prezidenti ABŞ-yə səfər edir. Ukrayna müharibəsinin müəyyən məqamında belə əməkdaşlıq mütləq olacaq. Məsələ ondadır ki, tərəflər bir-biriləri ilə de-fakto açıq olmasa da, dolayısı ilə müharibə edirlər. Amma güclərin qarşıdurması adi haldır. Bu, öz maraqları uğrunda olan qarşıdurmadır və üçüncü ölkələrin ərazisində daim olub, indi də davam edir. Belə müharibələr faktiki olaraq iki tərəfin bilavasitə qarşılaşması durumu olmayana kimi hər zaman əməkdaşlıq mühitini aktiv saxlamaq deməkdir. Hesab edirəm ki, Qərb və Moskva hələlik bilavasitə qarşıdurma mühitinə daxil olmayıblar. Əməkdaşlıq pəncərəsi hələlik açıqdır".