Psixiatrik xəstəxanalardakı şərait: Maliyyələşmə zəifdir!

Bakı kimi böyük şəhərdə cəmi iki psixiatriya xəstəxanası fəaliyyət göstərir

  “Azərbaycanda psixi sağlamlıq və psixi xəstəliklərdən əziyyət çəkən şəxslərin hüquqları” mövzusunda dəyirmi masa keçirilib. Görüşdə səhiyyə naziri, Milli Məclisin müvafiq komitəsinin üzvləri və digər şəxslər iştirak edib.
  İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva psixi sağlamlıq sahəsində Milli Strategiyaya yenidən baxılmasını təklif edib. Onun sözlərinə görə, Azərbaycanda əhalinin müxtəlif qruplarının psixi sağlamlığının yaxşılaşdırılması, bu sahədə məlumatlılıq səviyyəsinin artırılması istiqamətində zəruri tədbirlər görülür, ayrı-seçkilik hallarına qarşı mübarizə gücləndirilir: "Ombudsman təsisatı bu sahədə müvafiq dövlət orqanları tərəfindən həyata keçirilən tədbirləri, proqram və layihələri davamlı olaraq izləyir, müvafiq təhlillər aparır. Hesab edirəm ki, toplanmış məlumatlar arasında Psixi sağlamlıq sahəsində Milli Strategiyaya da yenidən baxılması düzgün olar. Vətən müharibəsi iştirakçılarının postmüharibə dövründə peşəkar və ixtisaslaşmış tibbi, o cümlədən psixiatrik yardımla təmin olunmaları ən vacib məsələlərdən biri kimi qeyd edilməlidir. Ombudsman təsisatı olaraq bu məsələ də diqqətimizdədir".
  Səhiyyə naziri Teymur Musayev isə bildirib ki, ombudsmanın tövsiyəsi əsasında psixiatriya müəssisələri ilə əlaqədar yeddi klinik protokol tərtib olunub. O qeyd edib ki, psixi sağlamlıq üzrə Milli Strategiyanın hazırlanması, psixiatriya xəstəxanalarında müalicə olunan pasiyentlər üçün Müalicə İstehsalat Əmək Emalatxanalarının yaradılması, psixo-sosial reabilitasiya mərkəzlərinin açılması, psixi sağlamlıq sahəsində elmi tədqiqatların aparılması Səhiyyə Nazirliyinin planlarındadır.
  Nazir bildirib ki, “Psixiatriya” ixtisası üzrə rezidentura təhsilinin müddəti 2 ildən 3 ilə artırılıb, “Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların Təsnifatı”na yeni “Uşaq və yeniyetmə psixiatriyası” ixtisası əlavə edilib. O qeyd edib ki, nazirlikdə “Müharibə əlilləri, yaralıları və şəhid ailələri ilə iş sektoru və “9109 Çağrı Mərkəzi” yaradılıb: "Həmçinin tibbi xidmətin əlçatanlığının və keyfiyyətinin artırılması, bu sahədə illərlə formalaşmış stiqmanın aradan götürülməsi məqsədilə artıq bir müddətdir ki, ambulator və stasionar psixiatriya xidməti dövlət tibb müəssisələri ilə yanaşı, özəl tibb müəssisələrində də göstərilir. Həmin müəssisələr həm Bakı şəhərində, həm də regionlarda yerləşir".
Məlumat verilib ki, Bakı şəhərində iki böyük narkoloji xəstəxananın inşası davam edir. Onlardan biri 350, digəri isə 150 çarpayılıqdır. Onun sözlərinə görə, xəstəxanalar istifadəyə verildikdən sonra ölkədə bu sahədə çarpayı fondu artacaq: "Bu, göstərilən narkoloji xidmətin keyfiyyətinə də öz təsirini göstərəcək".
  Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanovun sözlərinə görə, psixoloji yardım həyata keçirilən özəl müəssisələrdə çalışan mütəxəssislərin tam əksəriyyəti bu sahə üzrə təhsili olmayan şəxslərdir. O qeyd edib ki, həmin şəxslərin pasiyentlərə göstərdiyi "yardımlar" adekvat deyil: "Onlar psixi sağlamlıqla məşğul olmur, hətta psixiatriya xəstələrini də prosesə cəlb edirlər. Bu sahəyə ciddi nəzarət edilməlidir".
  “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının qanunu olduğunu xatırladan psixoloq Azad İsazadə isə “Sherg.az"a açıqlamasında deyib ki, indiki halda vacib olan qanunun icra mexanizminə daha ciddi nəzarət etməkdir: 

“Fikrimcə, psixi sağlamlıq sahəsində elmi tədqiqatların aparılması gələcəkdə psixiatrik yardımın keyfiyyətinin yaxşılaşdırılması baxımından faydalıdır. Psixo-sosial reabilitasiya mərkəzlərinin açılması isə arzuolunandır. Hazırda psixiatriya mərkəzlərində çarpayı çatışmazlığı var. Ötən illərlə müqayisədə bir xeyli irəliləyişlər olsa da, hələ də psixiatriya xidmətinin maliyyələşdiriləsi çox zəifdir. Ona görə də psixiatrik xəstəxanalarda şərait arzuolunan səviyyədə deyil. Bakı kimi böyük şəhərdə cəmi iki psixiatriya xəstəxanası fəaliyyət göstərir. Bu da sıxlığa və psixi xəstəlikləri olan bir çox insanın bu xidmətdən uzaq qalmasına səbəb olur”.
  Kadr bazasına gəldikdə isə A.İsazadə Azərbaycanda kifayət qədər psixiatr olduğunu deyib. Hazırda təqaüddə olduğu üçün yeni kadrların bilik və bacarığının hansı səviyyədə olduğunu deyə bilmərəm, amma say baxımından ciddi bir çatışmazlıq görmürəm. Vaxtı ilə Azərbaycan psixiatriyasının yaxşı nəticələr göstərən peşəkarlardan ibarət olduğunu vurğulayan psixoloq ümid edir ki, psixiatrlarımız illər ərzində qazanılan bu keyfiyyəti itirməyib.