Azərbaycan Avropa bazarına qaz ixracını artırmağa hazırdır - İlham Şaban 

İtaliyanın “Money.it” portalı Azərbaycanın Avropanın təbii qaz bazardakı aparıcı mövqeyinə və oynadığı rola dair yazı dərc edib.

Materialda ölkəmizin 2027-ci ilə qədər Avropaya qaz ixracını iki dəfə artırmaq kimi iddialı məqsədə doğru irəlilədiyi vurğulanır.

Qeyd olunur ki, 2023-cü ildə Avropa İttifaqı Rusiyadan qaz idxalını kəskin azaltdıqdan sonra Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen Azərbaycan Prezidenti İlham Əliyevlə görüşmək üçün Bakıya səfər edib və “köhnə qitənin” qaz təchizatını gücləndirmək üçün 10 milyard kubmetr qaz tədarükü haqqında saziş imzalanıb. Yeni enerji sazişləri çərçivəsində isə 2022-ci ilin oktyabrında Buxarestdə Rumıniyanın “Romgaz” şirkəti və SOCAR arasında Azərbaycan qazının Bakı-Kulevi-Konstansa marşrutu üzrə nəqlinin texniki-iqtisadi əsaslandırılmasının hazırlanmasına dair Anlaşma Memorandumu imzalanıb. Memorandum digər zəruri infrastrukturun yaradılması və müvafiq olaraq yenidən qazlaşdırma qurğularının tikintisi ilə yanaşı, SOCAR-ın Kulevi terminalında mayeləşdirilmiş təbii qazın (LNG) istehsalını və Konstansa limanına nəqlini əhatə edir. Layihə üzrə texniki-iqtisadi əsaslandırmanın cari il ərzində başa çatdırılması gözlənilir.

Mövzu ilə bağlı "Sherg.az"a açıqlama verən neft sahəsi üzrə tanınmış ekspert, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib ki, Azərbaycan Avropanın bir sıra ölkələrinin enerji təhlükəsizliyində önəmli rol oynayır:

"Azərbaycan enerji resursları hesabına Avropanın bəzi ölkələrinin enerji təhlükəsizliyinə böyük töhvə verir. Həmçinin bu ticarət həmin ölkələrlə ikitərəfli əlaqələrin inkişafına böyük təsir edir. Rəsmi Bakı Avropa bazarına ixrac etdiyi mavi yanacağı 11.8 milyar kub metrdən 20 milyard kub metrə çatdırmaq niyyətindədir. Xatırlayaq ki, Azərbaycan prezidenti İlham Əliyev Berlində Almaniya kansleri ilə görüşündə çıxışı zamanı bunun bir öhdəlik yox, məqsəd olduğunu demişdi".

Ekspert əlavə edib ki, Azərbaycan Avropa bazarına qaz ixracını artırmağa hazırdır:

 "Sadəcə olaraq alıcı ölkələr buna hazır olmalıdır. Əgər alıcı dövlət və ya o dövləti təmsil edən hökumət uzunmüddətli müqaviləyə meyilli olmasa, boru kəmərlərinin genişləndirilməsi üçün maliyyə yardımı ayırmasa, Azərbaycan əlbəttəki qazını satmaq üçün alternativ alıcılar axtarışında olacaq". 

Yusif Məmmədxanlı