Bakının yaşıl gündəliyi zəngindir

İnanırıq ki, Azərbaycan region və dünya dövlətləri ilə birlikdə dünyanı təhdid altına almış bir çox məsələlərin həllində həmrəyliyə gələ biləcəklər

  Mayın 1-də öz işinə başlayan “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dünən yekunlaşıb. Bağlanış mərasimində çıxış edən mədəniyyət naziri Adil Kərimli bildirib ki, forumda bir çox məsələlərə toxunulub, gəncliyi və gələcəyi maraqlandıran problemlər müzakirə edilib. Nazir forum çərçivəsində COP29 və digər beynəlxalq tədbirlərə mesajlar ötürüldüyünə diqqət çəkib: "Mədəniyyət bəşəriyyət həyatında önəmli rola malikdir. Mədəniyyət iqlim problemlərinin aradan qaldırılmasına, gələcək nəsillər üçün daha dayanıqlı mühitin qurulmasına dəstək ola bilər". Qeyd edək ki, 100-dən çox ölkənin təmsilçisinin qatıldığı forum çərçivəsində 12 panel müzakirə və dörd plenar sessiya keçirilib. Tədbirdə müzakirə olunan mövzular təhsil, gənclər, xüsusilə də iqlim dəyişikliyi fonunda mədəni irsin mühafizəsi məsələsinin aktuallığı, ksenofobiya, qanunsuz miqrasiya və digər vacib sahələri əhatə edib. Yüksəksəviyyəli dövlət xadimləri, parlament rəhbərləri, dini liderlər, alimlər, jurnalistlər və müxtəlif etnik və mədəni qrupa daxil olan şəxslərdən ibarət iştirakçılar Azərbaycanın 30 illik işğaldan azad edilmiş əraziləri ilə tanışlıq məqsədilə mayın 3-də Şuşa və Ağdama səfər edəcəklər. Tədbir çərçivəsində Ağdam və Şuşada xüsusi panel sessiyaların keçirilməsi də nəzərdə tutulub. Forumun açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev keçirilən tədbiri mədəniyyətlərarası dialoq məsələlərinin müzakirə olunduğu çox mühüm beynəlxalq platforma kimi qiymətləndirib: “Mən burada Forumun proqramına baxdım. Görürəm, o, çox geniş proqramdır, bir çox sahələri əhatə edir. Gündəlik həqiqətən genişdir - mədəniyyətlərarası dialoq, müxtəliflik, iqlim dəyişmələri, miqrasiya, sülh və təhlükəsizlik, postmünaqişə vəziyyəti, turizm, süni zəka. Mən məhsuldar müzakirələr arzu edirəm. Əminəm ki, bu müzakirələr və o cümlədən Forum zamanı irəli sürülən ideyalar bizə yanaşmaları formalaşdırmağa imkan verəcək ki, mədəniyyətlərarası dialoqu necə gücləndirək, biz necə edək ki, mövcud və potensial hədələri aradan qaldıraq?”.
  Millət vəkili Naqif Həmzəyev "Sherg.az"a deyib ki, Azərbaycan uzun müddətdir "Bakı prosesi" çərçivəsində mədəniyyətlərarası forumların təşkil edilməsi və ölkəmizin bu proseslərə baxışının dünya ictimaiyyətinə, iştirakçılara çatdırılması üçün əla platformadır. Deputatın sözlərinə görə, dünyanın müxtəlif ölkələrindən, fərqli dinlərin, millətlərin nümayəndələrinin, fərqli siyasi görüşlərə sahib insanların belə forumlarda iştirakı çox önəmlidir:

"Çox təəssüflər olsun ki, dünyada münaqişələrin, qeyri-sabit məkanların sayı artmaqdadır. Azərbaycan da uzun illər işğaldan, təcavüzdən əziyyət çəkmiş bir dövlətdir. Azərbaycan öz gücü hesabına torpaqlarını işğaldan azad edib. Amma torpaqlarımızın işğal altında olduğu dövrdə Ermənistana qarşı hansısa təzyiqin, sanksiyaların tətbiq edilməsinin şahidi olmadıq. Azərbaycan öz gücü hesabına torpaqlarını düşmənlərdən təmizlədi, ərazi bütövlüyünü, suverenliyini və stabilliyi təmin etdi. Ancaq əfsuslar ki, dünyada yeni müstəmləkəçilik siyasətinin şahidi oluruq. Bir çox Avropa dövlətləri digər ölkələrin daxili işlərinə qarışır. Sülhü təşviq etmək əvəzinə, əksinə, qarşı tərəfi silahlandıraraq, cəsarətləndirərək münaqişələri yenidən alovlandırırlar. Azərbaycanda keçirilən beynəlxalq Forumun əsas məqsədlərindən biri məhz barışı, mədəniyyətlərarası dialoqu təşviq etməkdir. Azərbaycan yerləşdiyi coğrafi ərazidən və uzun illər əldə etdiyi təcrübədən çıxış edərək mədəniyyətlərarası dialoqun mümkün olduğunu dəfələrlə gündəmə gətirib. Bu gün bunu əyani formada təşkil edən dövlət kimi çıxış etməkdədir. Azərbaycanda bütün dinlər, millətlər, fərqli fikirlərə malik olan insanlar rahat şəkildə yaşayırlar. Həm ölkəmizdə, həm də Cənubi Qafqazda sülh və əmin-amanlıq olması üçün öz səylərini səfərbər edirlər".
  Parlamentari qeyd edib ki, Azərbaycan 120 ölkənin üzv olduğu Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə də qlobal problemlərin birlikdə həllini təşviq edib: "Həm pandemiya dövründə, həm ondan sonrakı dönəmdə mövcud problemlərin həllində ölkəmiz bir çox təşəbbüslərlə çıxış edib. Azərbaycan bu il COP29-a ev sahibliyi edəcək, ölkəmizin yaşıl gündəliyi çox zəngindir. "Yaşıl dünya" naminə həmrəyliyi təşviq edirik. İnanırıq ki, Azərbaycan region və dünya dövlətləri ilə birlikdə dünyanı təhdid altına almış bir çox məsələlərin həllində həmrəyliyə gələ biləcəklər. Azərbaycan beynəlxalq forumlara ev sahibliyi etməklə, bu sahədə mütəxəssisləri, rəsmiləri, ekspertləri məhz birgəyaşayışa inandırmağa çalışır. Sevinirik ki, iştirakçılar da təşəbbüsümüzü, təkliflərimizi dəstəkləyirlər".