Elxan Şahinoğlu parlament seçkilərində gücünü sınayacaq

  "Bu dəfə parlament seçkilərində gücümü sınamaq barədə düşünürəm. Ətrafımdakı insanlar da bu qərarla bağlı mənə dəstək verdiklərini bildirirlər. Ona görə əgər namizədliyimi irəli sürməyə qərar versəm, böyük ehtimalla doğma Ağdamı seçəcəm". Bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Ekspert bildirib ki, keçmiş illərdə bu barədə düşünməyib: "Uzun illər jurnalist və köşə yazarı kimi fəaliyyət göstərmişəm, təxminən 25 ildir analitik fəaliyyətlə məşğulam. “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri olaraq bülletenlər hazırlayır və mediada yayımlayırıq. Hadisələri izləmək və bunların əsasında analizlər hazırlamaqdan, fikirlərimi ictimaiyyətə çatdırmaqdan zövq alıram. 119 saylı Ağdam kənd seçki dairəsində namizədliyimi qeydə almağa çalışacam. Niyə məhz Ağdamı seçmişəm? Əslimiz Şuşanın, hazırda isə Xocalının Malıbəyli kəndindən olsa da, babam sonrakı illərdə Ağdama köçüb. Atam, əmilərim, bibilərim bu şəhərdə doğulublar. Özümün də uşaqlıq illərimin bir hissəsi Ağdamda keçib".
  E.Şahinoğlu qeyd edib ki, Ağdam qəhrəman şəhərdir, Birinci Qarabağ müharibəsindəki döyüşlərdə ən çox itki verən bölgələrimizdəndir: "Ağdam yenidən qurulur və Qarabağın ən böyük şəhərlərindən birinə çevriləcək. Bu işlərdə mən də əlimi daşın altına qoymaq istəyirəm. İlk növbədə yerli əhalinin problemlərini dinləmək istəyirəm. Yerli əhali əsasən kənd təsərrüfatında çalışır, məhsullarının satışı ilə bağlı problemlər var. Millət vəkili seçiləcəyim təqdirdə həmin problemlər və onların həlli yollarını diqqətdə saxlayacam. Ağdamın şəhid ailələri və qazilərin nümayəndələri ilə görüşəcəm, onların fikir və təkliflərini öyrənəcəm. Çünki ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etmişiksə, buna görə dövlət başçısına, şanlı ordumuza və döyüşlərdə şəhid və qazi olanlara borcluyuq".