Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin mütəxəssisləri tərəfindən “Ortaq türk əlifbası”nın layihəsi hazırlanıb. Bu barədə Trend-in sorğusuna cavab olaraq, Elm və Təhsil Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, hazırda layihə üzərində işlər davam etdirilir. "Beynəlxalq Türk Akademiyası tərəfindən hazırlanmış “Türk dünyasının coğrafiyası” və “Ortaq türk ədəbiyyatı” tədris vəsaitlərinin layihələri üzrə işlər davam etdirilir. Hazırda Akademiyada fənn üzrə mütəxəssislərin dərslik layihələrinə dair rəy və təkliflərinə baxılır", - nazirlikdən əlavə edilib. Xatırladaq ki, nazirlik tərəfindən bildirilib ki, həmin dərsliklərin tam orta təhsil pilləsin üzrə seçiləcək pilot məktəblərdə dərsdənkənar məşğələlərə ayrılan saatlardan bir saatı dərs cədvəlinə daxil edilməklə tədrisi planlaşdırılır.
Məsələ ilə bağlı danışan Azərbaycan Dillər Universitetinin Türk Dünyası Araşdırmaları Mərkəzinin müdiri filologiya elmləri doktoru, dosent Elçin İbrahimov "Sherg.az"a bildirib ki, türk əlifbası layihəsi 1991-ci ildə İstanbulda Mərmərə universitetində keçirilən millətlərarası çağdaş türk əlifbaları simpoziumda Azərbaycanın dəyərli alimi professor Firuddin Cəlilov tərəfindən irəli sürülüb:
"İnternetdə də 34 hərfdən ibarət ortaq əlifba ilə bağlı məlumatlar var. Həmin konfransda türk dünyasından gələn mütəxəsislər də bunu imzalayaraq təsdiqləyiblər. İkinci konfrans isə 2019-cu ildə yenə Mərmərə universitetində keçirildi. Lakin Firuddin bəyin səhətində problem olduğuna görə, onun yerinə mən iştirak etdim. Daha sonra, adında türk olan təşkilatların rəhbərləri dəyişdiyinə görə, bu məsələ yenidən gündəmə gəldi. Türk əlifbasının yaradılması keçmişdən günümüzədək aktual olub və ortaq əlifba türk dünyası üçün vacibdir. Çünki türk dünyasının hər bir coğrafiyasında çap olunan kitab qovuşan əlifbada olmalıdır ki, biz Qazaxıstan, Özbəkistanda çıxan kitabları oxuya bilək. Təəssüf ki, əksəriyyət türk dilini bilmir. Təbii ki, bunun kimi önəmli məsələ mütəxəsislərlə müzakirə olunmalıdır. Bu işin isə bir nömrəli mütəxəssisi, ortaq türk əlifbası layihəsinin rəhbəri Firuddin Cəlilovdur. Mənim isə bu işlə bağlı namizədlik və doktorluq dissertasiyam var, 2023-cü ilin dekabrında kitabım işıq üzü görüb. Bir sözlə, bu istiqamətdə akademik cəhətdən araşdırmalar aparırıq. Lakin keçirilən toplantılar dost-tanış məclisi olmamalıdır. Bu türk dünyasının gələcəyidir. Monoqrafiyamın nəticə hissəsində irəli sürdüyüm tezisləri orada hər hansı bir mütəxəsis oxuyur. Bu kimə xoş gələr? Ayıb deyilən şey var. Təşkilatdakı bütün alimlərə hörmətim var, hər biri öz sahəsində böyük mütəxəsislərdir".
E. İbrahimov vurğulayıb ki, ortaq türk əlifbası mövzusunu həmin sahənin peşəkarı, yaxşı araşdırmalar aparan, ömürünü bu işə sərf edən mütəxəsis müzakirə etməlidir:
"Bu zaman effektiv nəticə almaq mümkün olacaq. Prezident İlham Əliyev andiçmə mərasimində qeyd etmişdi ki, türk dünyası bizim ailəmizdir. Ölkəmizin əsas strategiyası isə türk dünyasının birliyi istiqamətində töhvə verməkdir. Əgər cənab Prezidentin göstərişinə dost-tanış məclisi, sovet ideologiyası ilə nail olmaq istəyiriksə, məsafə qətt edə bilməyəcəyik. Onsuz 33 il ərzində bu yöndə bir iş görə bilmədik. Hər zaman eyni məsələlər müzakirə olunub".