Rəsmi Tirana hər zaman Azərbaycanı dəstəkləyib
Viza rejiminin ləğv edilməsini, əslində, bilavasitə Avropa İttifaqı ilə əlaqələrin yeni dövrü hesab etmək olar
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında iqtisadi əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” fərman imzalayıb. Fərmana əsasən, 2024-cü il martın 1-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında iqtisadi əməkdaşlıq haqqında Saziş” təsdiq edilib. Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Albaniya Respublikası Nazirlər Şurasına bildiriş göndərməlidir. Bununla yanaşı, Azərbaycan və Albaniya arasında viza rejimi də ləğv edilib. Məlumat üçün bildirək ki, Azərbaycan və Albaniya arasındakı diplomatik münasibətlər hələ 1993-cü il sentyabr ayından başlayıb. Bu müddətdə ayrı-ayrı vaxtlarda Albaniyanın keçmiş Prezidenti İlir Meta və Baş nazir Edi Rama siyasi məsələlərlə bağlı Azərbaycana səfər ediblər. Ümumiyyətlə, bu günə qədər Albaniya prezidentləri ölkəmizə 6 işgüzar səfər, baş nazirləri isə 2 rəsmi və 2 işgüzar səfər ediblər. Albaniyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması demək olar ki, bütün məsələlərdə öz əksini tapır. Buna misal olaraq işğal dövrünü və İkinci Qarabağ müharibəsini qeyd etmək olar. Azərbaycan Prezidenti İlham Əliyev də öz çıxışında İkinci Qarabağ müharibəsində Albaniyanın Azərbaycanın ərazi bütövlüyünə verdiyi dəstəyi yüksək qiymətləndirib. Vurğulayıb ki, bu, Albaniyanın Azərbaycan üçün dost və qardaş ölkə olduğunu bir daha göstərir. Azərbaycan Albaniyaya qarşı münasibətlərində öz mövqeyini qoruyub saxlayır. Eyni zamanda Azərbaycan Albaniya tərəfindən onun ərazi bütövlüyünə göstərilən dəstəyi yüksək qiymətləndirir və onu qarşılıqsız qoymur. Azərbaycan-Albaniya arasındakı iqtisadi əməkdaşlıq münasibətlərində 2016-2017-ci illərdə canlanma müşahidə edilir. İqtisadiyyat və sənaye üzrə yaradılmış müştərək işçi qruplarının müzakirə etməli olduqları məsələlərin sayı olduqca çoxluq təşkil edir və bunlardan ən önəmli əməkdaşlıq istiqamətlərindən biri də qaz sahəsidir. Azərbaycan Albaniya ilə eyni zamanda qarşılıqlı münasibətlərin mövcudluğu və qarşılıqlı sərmayə qoyuluşu nəticəsində işğaldan azad edilmiş ərazilərimizdə turizm, kənd təsərrüfatı, yeni müəssisələrin yaradılması, müasir texnologiyalardan istifadə kimi məsələləri daha da genişləndirilmiş formada həyata keçirməyi nəzərdə tutur. Qeyd edək ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev 2022-ci ilin noyabr ayının 15-də dost Albaniya Respublikasına səfər edib. Bu, Azərbaycan Prezidentinin Albaniyaya ilk səfəri idi. Səfərin məqsədi ölkələr arasında olan dostluq və iqtisadi münasibətləri daha da inkişaf etdirərək yüksək səviyyəyə çatdırmaq olub. Azərbaycan Prezidentinın Albaniya Respublikasının Prezidenti Bayram Beqay və Baş nazir Edi Rama ilə görüşü olub. Görüş dostluq və qarşılıqlı anlaşma şəraitində keçib. Qeyd edək ki, Azərbaycan əvvəlki dövrlərdə NATO-ya üzv olmayan ölkələr sırasında idi. NATO ilə Azərbaycan arasındakı əməkdaşlıq 1994-cü ilə təsadüf edir. Azərbaycan uzun illər Əfqanıstanda NATO-nun əməliyyatlarında fəallıqla iştirak edib. Biz Əfqanıstandan çıxan son iki ölkədən biriyik (Türkiyə və Azərbaycan). Qalan bütün üzvlər bizim ölkəmizdən qabaq oradan çıxmışdılar. Albaniya da NATO-nun bir üzvü kimi NATO-Azərbaycan münasibətlərinə həmişə böyük dəstək verib. 2023-cü ilin sentyabr ayında Azərbaycan ilə Albaniya arasında diplomatik münasibətlərin 30 ili tamam olub.
Politoloq Azər Qasımov "Sherg.az"a açıqlamasında bildirib ki, Azərbaycanın Avropa İttifaqı ölkələri arasında Albaniya ilə münasibətləri xüsusi xarakter daşıyır. Ekspertin sözlərinə görə, Albaniya-Azərbaycan münasibətləri həmişə artan xətt üzrə inkişaf edib:
"Rəsmi Tirana Azərbaycanın hər zaman Qarabağ məsələsində haqlı mövqeyini dəstəkləyib. Şərqi Avropaya çəkilən qaz xətlərinin paylayıcı kollektorlarında əhəmiyyətli rol oynayır. İqtisadi əlaqələrin də yüksək səviyyədə olması iki dövlətin həm Balkan, həm də Cənubi Qafqaz ölkələri kimi əhəmiyyətini artırır. Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycanla Albaniya arasında iqtisadi əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə fərmanı imzalaması bu əlaqələri yeni mərhələyə çıxarır. Viza rejiminin ləğv edilməsi isə əslində bilavasitə Avropa İttifaqı ilə əlaqələrin yeni dövrü hesab etmək olar".
Analitik vurğulayıb ki, Azərbaycan və Albaniya TAP layihəsinin üzvüdürlər və Cənub Qaz Dəhlizinin icrasında Azərbaycanın özünəməxsus rolu var: "Azərbaycan ilə Albaniyanin qarşılıqlı münasibətlərinin genişliyindən bəhs edərkən qeyd edə bilərik ki, Azərbaycan və Avropa İttifaqının sədrliyi ilə bu günə qədər keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının əksər toplantılarında Albaniya nümayəndələri çox fəallıqla iştirak ediblər. Bu ilin iyul ayında Azərbaycanla Avropa Komissiyası arasında imzalanmış əməkdaşlıq Memorandumuna əsasən 2027-ci ilə qədər Avropaya gedən qaz təchizatının iki dəfə artırılması nəzərdə tutulub. Ölkəmiz Avropa İttifaqının rəsmiləri tərəfindən etibarlı tərəfdaş kimi qiymətləndirilir. Azərbaycanın qaz ehtiyatlarının olduqca zənginliyi danılmaz faktdır. Buna görə də həm TAP, həm də TANAP qaz kəmərlərinin iki dəfə genişləndirilməsi məsələsi müzakirə olunmaqdadır. Cənub Qaz Dəhlizinin ayrılmaz hissəsi olan bu hər iki kəmərin genişləndirilməsinin müzakirə olunması onu bildirir ki, buna böyük ehtiyac var, tələbat var. Azərbaycanın Avropa İttifaqı tərəfindən etibarlı əməkdaş kimi qiymətləndirilməsi Azərbaycan və Albaniya arasında olan münasibələri daha da genişləndirir. Buna uyğun olaraq da Azərbaycan investor kimi iştirak edərək Albaniyada bu günə qədər mövcud olmayan qaz şəbəkəsinin yaradılmasına şərait yarada bilər".