“Nikol Paşinyana təzyiqlər ABŞ-də diqqətlə izlənilir. Səfirin Füzuli və Şuşaya səfərindən sonra növbəti istiqamət Xankəndi olacaq”
ABŞ səfiri Mark Libbi xanımı ilə birlikdə Şuşa və Füzuliyə gedib. Səfər zamanı səfir hökumət nümayəndələri ilə görüşüb. Xanımı ilə birlikdə Şuşa qalası, Xurşidbanu Natəvanın evi, Xan qızı bulağı və Vaqif məqbərəsi ilə tanış olub, Cıdır düzünü gəzib. Həmçinin səfirliyin dəstəklədiyi ingilis dili proqramında iştirak edən yerli təhsil işçiləri ilə görüşüb. Səfir Libbi Şuşada olarkən şəhərin inkişafı üçün görülən işlər və Şuşanın məcburi köçkün icmasının qayıdışı ilə bağlı ətraflı məlumat almaq üçün Şuşa rayonunda xüsusi nümayəndə Aydın Kərimovla görüşüb. Onlar, həmçinin regionun yaşıl enerjisini və ABŞ-nin Azərbaycanın məcburi köçkün icmalarına və minalardan təmizləmə təşəbbüslərinə göstərdiyi dəstəyi müzakirə ediblər. Səfir Şuşada olmaqdan xoşbəxt olduğunu deyib: “Biz iki aya yaxındır ki, bu səfərə hazırlaşırdıq və mən şadam ki, bu səfər nəhayət, baş tutdu. Qonaqpərvərliyinizə görə təşəkkür edirəm. Azərbaycanın bütün bölgələrinə səfərlərimi davam etdirməyi səbirsizliklə gözləyirəm”.
Diplomat onun və xanımın çox səmimi qarşılandığını vurğulayıb: “Qonaqpərvərliyinizə görə təşəkkür edirəm. Bu səfər və şəhərin öz gözlərimlə gördüyüm inkişafı məndə çox böyük təəssürat yaratdı. Azərbaycanın bütün bölgələrinə səfərlərimi davam etdirməyi səbirsizliklə gözləyirəm. Bu gün Şuşadan başqa, hökumət nümayəndələri ilə görüşmək və səfirliyin həyata keçirdiyi ingilis dili proqramlarında iştirak etmiş yerli müəllimlərlə görüşmək üçün Füzuliyə səfər edəcəyəm. Nə qədər ki, Azərbaycanda bizimlə işləmək istəyən tərəfdaşlarımız var, ABŞ bu ölkənin iqtisadi inkişafı və insanlarının rifahının dəstəklənməsi üçün çalışmağa davam edəcək".
Səfir Mark Libbi Füzulidə dağıntıların miqyasını, eyni zamanda yenidənqurma işlərini görəndə çox təsirləndiyini deyib: "Birləşmiş Ştatlar USAID, Siyasi-Hərbi Məsələlər Bürosu, Əhali, Qaçqınlar və Miqrasiya Bürosu və bir çox digər agentliklər və beynəlxalq təşkilatlar vasitəsilə müstəqillik qazandıqdan sonra Azərbaycana 1,5 milyard dollardan çox yardım göstərib. Buraya məcburi köçkün icmalarına 250 milyon dollardan çox ayrılmış yardım və minaların təmizlənməsinə dəstək üçün ayrılmış 38 milyon dollardan çox yardım da daxildir. Biz bu yardımın göstərilməsində üzərimizə götürdüyümüz öhdəliklərə sadiqik".
Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a deyib ki, ABŞ səfirinin 3 il ərzində getməkdən imtina etdikləri Şuşa və Füzuliyə səfəri Vaşinqtonun mövcud reallıqları qəbul etdiyini göstərir. Ekspertin sözlərinə görə, ABŞ səfiri Mark Libbinin Şuşaya səfərini Ağ Evin Azərbaycanla bağlı siyasətində mühüm və müsbət dəyişiklik kimi qeyd etmək olar:
"Məhz İkinci Qarabağ müharibəsindən sonra ABŞ-nin Azərbaycandakı səfiri və diplomatik nümayəndələri bir qayda olaraq Şuşaya səfərdən imtina edirdilər. Ötən günlərdə də səfir Şuşa və digər işğaldan azad olunmuş ərazilərə səfərlə bağlı çox uğursuz bir açıqlama vermişdi. Amerikalı səfirin Şuşaya səfəri Dövlət Departamentinin təlimatı ilə reallaşıb. Çünki ötən gün səfir bu kimi səfərləri "şouda iştirak etməmək" kimi xarakterizə etmişdi. Görünür, səfirin bu kimi açıqlaması Dövlət Departamenti ilə Azərbaycan arasında müəyyən narazılıq yaradıb. Artıq Vaşinqtonda Ermənistanın Azərbaycanın Qarabağ daxil olmaqla ərazi bütövlüyünü tanıdığını, delimitasiya və demarkasiya prosesində müsbət istiqamətdə getdiyini görür".
Analitikin sözlərinə görə, Ermənistanda revanşistlər və müxalifətin Nikol Paşinyana təzyiqləri ABŞ-də diqqətlə izlənilir: "ABŞ səfirinin Füzuli və Şuşaya səfərindən sonra növbəti istiqamət Xankəndi olacaq. Azərbaycan ölkəmizdə diplomatik missiya nümayəndələrinin səfərlərini Xankəndi, Ağdərəyə təşkil etməlidir. İlk günlər bu səfərdən bəzi səfirliklər yayınsa da, bir müddətdən sonra Xankəndiyə də səfər edəcəklər. Necə ki, üç il yarımdan sonra ABŞ səfirlərinin imtina etdiyi Şuşa səfəri reallaşdı. Vaşinqton Ermənistanda revanşistlərə bununla mesaj verdi ki, Ağ Ev Azərbaycanın Qarabağ daxil olmaqla ərazi bütövlüyünü tanıyır".