Deputatın sözlərinə görə, son illər iki ölkə arasında iqtisadi və ticari əlaqələrin daha da dərinləşməsi müşahidə olunur
Mayın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və ölkəmizdə səfərdə olan Bolqarıstan Prezidenti Rumen Radevin iştirakı ilə Azərbaycan-Bolqarıstan sənədlərinin imzalanması mərasimi olub. Liderlər “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannamə”ni imzalayıblar. Daha sonra prezidentlərin geniş tərkibdə görüşü keçirilib. Dövlət başçısı çıxışında deyib ki, hazırda Bolqarıstan və Azərbaycan enerji təhlükəsizliyi məsələləri üzərində sıx şəkildə çalışır: "Bizim Bolqarıstana qaz təchizatımız artır. Ümidvaram ki, bu il də artım müşahidə edəcəyik. Biz həmçinin yaşıl gündəlik üzərində birlikdə işləyirik. Mən cənab Prezidenti COP29-da iştirak etməyə dəvət etdim və onu noyabrda yenidən görməyə şad olaram. Eyni zamanda yaşıl enerji kabeli layihəsində heyətlərimiz sıx şəkildə işləyirlər. Əminəm ki, səfərin yaxşı nəticələri olacaq və tərəfdaşlığımız uğurla davam edəcək". Prezident Rumen Radev də çıxış edərək deyib ki, enerji sektorunda aparılan əməkdaşlıqdan çox məmnundur: "Son iki il ərzində biz çoxlu işlər görmüşük. Yunanıstan və Bolqarıstan arasında rəsmi interkonnektorun açılışında şəxsən iştirak etdiniz. Bununla yanaşı, SOCAR-ın nümayəndəliyinin açılışında iştiraka görə Sizə təşəkkür edirəm. Həmçinin Sizin iştirakınızla biz “Həmrəylik Halqası” layihəsi çərçivəsində Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın qazötürücü şəbəkələri, habelə SOCAR arasında Anlaşma Memorandumunu imzaladıq. Bu, Avropa Komissiyasının strateji baxışına və Avropa Komissiyasının Prezidenti ilə 2022-ci ildə imzaladığınız strateji tərəfdaşlığa dair Memoranduma əsasən həyata keçirilir. Biz Azərbaycan qazının əlavə həcmlərinin Avropaya nəql edilməsi üçün ölkənizlə birlikdə işləyə biləcəyimizə görə çox məmnunuq. Aydındır ki, biz birlikdə işləməklə təkcə ikitərəfli əməkdaşlığımızı gücləndirmirik. Bu, Qafqaz və Qara dəniz regionunun sabitliyi və iqtisadi inkişafı üçün atılan bir addımdır. Bu, ümumilikdə Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi üçün atılan bir addımdır. Qeyd edək ki, Avropada cərəyan edən hadisələr səbəbindən enerji böhranının yaşandığı bir dövrdə Azərbaycanın “köhnə qitə” üçün əhəmiyyəti getdikcə çoxalır. Bir neçə il bundan əvvəl Cənub Qaz Dəhlizinin istismara verilməsi ölkəmizi Avropanın enerji təminatında mühüm aktora çevirib. Hazırda Avropa Azərbaycanla münasibətlərə xüsusi diqqət yetirir. Azərbaycan ilə Avropa İttifaqı arasında “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanması bunun əyani təzahürüdür. Son dövrlər Balkan regionu Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərdən birinə çevrilib və ölkəmiz də bu bölgə üçün xüsusi əhəmiyyətə malikdir. Hazırda Azərbaycanın Balkan regionu ölkələri ilə münasibətlərində dinamizm müşahidə olunur, o cümlədən bu bölgənin bir parçası olan Bolqarıstanla əməkdaşlığı dinamik şəkildə inkişaf edir. Bu xüsusda Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci ilin ikinci yarısında Bolqarıstana, Albaniyaya, Serbiyaya və Rumıniyaya səfərləri, 2023-cü ilin yanvarında Davos İqtisadi Forumu çərçivəsində Xorvatiya və Monteneqro Baş nazirləri ilə görüşləri, həmçinin bu ay Bosniya və Herseqovinaya rəsmi səfəri xüsusi qeyd olunmalıdır. Eyni zamanda Balkan ölkələrinin liderləri tərəfindən Azərbaycanla əməkdaşlığa böyük maraq göstərilir. Onların Azərbaycana səfərləri bunun bariz göstəricisidir. Bu baxımdan Albaniya Prezidentinin və Baş nazirinin, Serbiya Prezidentinin, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi çərçivəsində təşkil edilən tədbirlərdə iştirak etmək üçün Balkan ölkələrinin, o cümlədən Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana səfərlər etmələri, dövlətimizin başçısı ilə görüşlər keçirmələri xüsusi məna kəsb edir. Azərbaycan Balkan regionu ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Azərbaycan təbii qazını Avropaya nəql edən və Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Adriatik boru kəməri bu regiondan - Yunanıstan və Albaniyadan keçir. Qeyd etmək yerinə düşər ki, 2022-ci ildə Yunanıstan-Bolqarıstan interkonnektoru istifadəyə verilib və Azərbaycan qazı Balkan regionuna daxil olub, eyni zamanda bu regionda daxili interkonnektorlar vasitəsilə Azərbaycanın təbii qaz ixracı bazarı daha da genişlənib. SOCAR ilə Bolqarıstanın “Bulgartransgaz”, Rumıniyanın “Transgaz”, Macarıstanın “FGSZ” və Slovakiyanın “Eustream” şirkətləri arasında əməkdaşlığın təşviqinə dair Anlaşma Memorandumunun imzalanması Bolqarıstan tərəfindən təklif olunub. Memorandum Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün 4 ötürücü sistem operatoru ilə SOCAR arasında əməkdaşlığın istiqamətlərini müəyyən edir. Əlavə qaz tədarükü “Həmrəylik halqası” adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistemləri vasitəsilə həyata keçiriləcək.
İki ölkə arasında münasibətlər hər zaman yüksək səviyyədə olub və müsbət dinamikası ilə seçilib. Ölkələrimiz arasında diplomatik münasibətlər 1992-ci il iyunun 5-də qurulub. Ötən müddət ərzində qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Bolqarıstan əlaqələri siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə dinamik şəkildə inkişaf edib və ölkələrimiz arasında səmərəli əməkdaşlıq formalaşıb. 1995-ci ildə Ümummilli Lider Heydər Əliyev Bolqarıstan Prezidenti Jelyu Jelevin dəvəti ilə Sofiyaya rəsmi səfər edib. Həmin səfər zamanı iki ölkə arasında dostluq və əməkdaşlıq haqqında saziş imzalanıb. İki dövlət arasında əlaqələrə müsbət təkan vermiş bu səfərdən sonra Azərbaycan-Bolqarıstan münasibətləri yüksələn xətlə inkişaf edib. Sonralar isə ali və yüksək səviyyələrdə çoxsaylı qarşılıqlı səfərlər baş tutub. İndiyədək iki ölkə arasında 65 sənəd imzalanıb. 1999-cu ildə Bolqarıstanın Bakıda səfirliyi, 2005-ci ildə isə Azərbaycanın Sofiyada səfirliyi fəaliyyətə başlayıb. Azərbaycan-Bolqarıstan münasibətləri Prezident İlham Əliyevin 2015-ci ildə Sofiyaya rəsmi səfəri zamanı Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması ilə keyfiyyətcə daha yüksək mərhələyə qalxıb. Son dərəcə vacib əhəmiyyət daşıyan bu sənədlə tərəflər qarşılıqlı maraq doğuran sahələrdə həm ikitərəfli formatda, həm də beynəlxalq miqyasda iki ölkə arasında əməkdaşlığı dərinləşdirmək və genişləndirmək məqsədilə strateji tərəfdaşlığa daxil olduqlarını bəyan ediblər. Birgə Bəyannaməyə əsasən, Azərbaycan-Bolqarıstan Strateji Dialoqu təsis olunub. Strateji Dialoqun birinci iclası 2018-ci ildə, ikinci iclası isə 2022-ci ildə keçirilib. 2022-ci ildə Bolqarıstan Azərbaycanın 28-ci xarici ticarət tərəfdaşı olub - iki ölkə arasında ticarət dövriyyəsi 325 milyon ABŞ dolları, ikitərəfli ticarətin saldosu 259 milyon ABŞ dolları ilə Azərbaycanın xeyrinə təşkil edib. Enerji sahəsində əməkdaşlıq ölkələrimizin iqtisadi əlaqələrinin əsas istiqamətlərindən biridir. 2013-cü ildə imzalanmış qaz satışı müqaviləsinə əsasən, Azərbaycanın "Şahdəniz" yatağında hasil olunan 1 milyard kubmetr təbii qaz Cənub Qaz Dəhlizinin sonuncu seqmenti Trans-Adratik boru kəməri (TAP) və 2022-ci il oktyabrın 1-də istifadəyə verilmiş Yunanıstan-Bolqarıstan qaz interkonnektoru vasitəsilə Bolqarıstana çatdırılacaq. Mədəni-humanitar münasibətlər, ölkələrimiz arasında humanitar sahədə əməkdaşlıq da xüsusi vurğulanmalıdır.
Millət vəkili Vüqar Bayramov "Sherg.az"a açıqlamasında deyib ki, Bolqarıstan Azərbaycanın Avropa İttifaqında əsas tərəfdaşlarından biridir. Deputatın sözlərinə görə, son illər iki ölkə arasında iqtisadi və ticari əlaqələrin daha da dərinləşməsi müşahidə olunur:
"İki ölkə arasındakı ticarət dövriyyəsi 2023-cü ildə 510.9 milyon dollar olub. Bu əvvəlki ilə nisbətən 57 faiz artım deməkdir. 2021-ci il ilə müqayisədə isə ölkələr arasındakı ticarət dövriyyəsi 7 dəfə artıb. Bu, illər üzrə rekord göstəricilərdəndir. Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru (İGB) vasitəsilə ötən il Bolqarıstana yarım milyard kubmetr qaz nəql edilib. Bu rəqəm 2024-cü ildə 1 milyard kubmetrədək yüksələcək. İxracatın daha sonra 1.5 milyard kubmetrədək artacağı gözlənilir. İGB-nin ötürmə qabiliyyətinin 3,5 milyard kubmetrdən 5,5 milyard kubmetrdək artırılması isə Slovakiya, Ruminiya, Şimali Makedoniya kimi ölkələrin də Azərbaycan qazını almasına imkan yarada bilər. Mərkəzi, Şərqi Avropa enerji təhlükəsizliyini daha çox Azərbaycanın mavi qazı hesabına gücləndirmək niyyətindədir. Göründüyü kimi, ölkələr arasındakı strateji əməkdaşlıq dinamik inkişaf edir. Qarşılıqlı rəsmi səfərlər bu əməkdaşlığın daha da dərinləşməsinə töhfə verməkdədir".