“Bu addım sülhə qarşı çıxan qüvvələrin önünü kəsmək üçün vacibdir. Çünki böyük ehtimal revanşistlər, kilsə və müxaliflər sülh sazişindəki ayrıca bəndi nəzərə almayacaqlar”
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsinin noyabra qədər bağlana biləcəyini deyib. Onun sözlərinə görə, bunun üçün danışıqlar zamanı razılaşdırılmış bütün prinsipləri sənəddə qeyd etmək lazımdır və bu prinsiplər açıqdır. Paşinyan iki ölkənin xarici işlər nazirlərinin Almatıda keçiriləcək görüşündən sonra irəliləyişə ümid etdiyini vurğulayıb. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da mayın 10-da Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında keçiriləcək görüşü alqışlayıb. Zaxarova qeyd edib ki, Rusiya Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına yardımı davam etdirməyə hazırdır. Böyük Britaniyanın Baş naziri Rişi Sunak da deyib ki, Azərbaycan və Ermənistan arasında sülh sazişi noyabr ayına - COP29 tədbirinə qədər imzalana bilər. Son günlər sülh müqaviləsi ilə bağlı pozitiv fikirlər səslənməkdədir. Prezident İlham Əliyev COP29-la bağlı ADA-da keçirilən beynəlxalq forumda da bildirmişdi ki, “COP29-dan əvvəl Azərbaycanla Ermənistan arasında ən azı baza prinsipləri ilə bağlı razılaşmanın əldə olunması tamamilə realdır”. Nəhayət, Nikol Paşinyan da bəyan etdi ki, “Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi noyabra qədər bağlana bilər”. Lakin bəzi ekspertlərə görə, tərəflər arasında fikir ayrılıqlarını nəzərə alsaq, bu, çətin görünür. Kommunikasiyanın hansı prinsiplə açılması “həlledilməz” məsələ olaraq qalır. Rəsmi Bakı Naxçıvana maneəsiz çıxış üçün ən azı “Azərbaycandan Azərbaycana prinsipi”nin qəbul edilməsini istəyir, İrəvan isə bundan da imtina edir. Qazax-Tavuş sərhədində demarkasiya ilə bağlı razılaşma olsa da, sərhədin digər hissəsinin müəyyənləşməsində yanaşma fərqlidir. Bakı haqlı olaraq, İrəvanın Almatı bəyannaməsinin əsas götürülməsi istəyini qəbul etmir. Ən əsası isə Ermənistanın ərazi iddialarının əks olunduğu mövcud konstitusiyası da sülh sazişinin önündə əngəllərdən biridir.
Sabiq xarici işlər naziri Elmar Məmmədyarov "Sherg.az"a açıqlamasında deyib ki, Ermənistan rəhbərliyi və digər rəsmilər sülh müqaviləsinin tezliklə imzalanmasından danışsalar da, öz tələblərini irəli sürməkdən də geri durmurlar. Keçmiş XİN başçısı vurğulayıb ki, sülhün çərçivə sazişinin imzalanması problemlərin bitməsi, gərginliyin aradan qalxması anlamına gəlmir:
"Əgər indiki halda iddia edildiyi kimi noyabr ayınadək sülh müqaviləsi imzalanarsa, Ermənistandakı revanşist qüvvələr, Paşinyana müxalif olanlar müəyyən orqanlara müraciət edəcəklər ki, sülh sazişi Ermənistanın Konstitusiyasına ziddiyyət təşkil edir. Bundan da Paşinyana qarşı istifadə edəcəklər. Ermənistan Konstitusiyasında açıq-aşkar Azərbaycan və Türkiyəyə ərazi iddiaları və digər qondarma məsələlər var. İrəvan hökuməti sülhün qalıcı və real olmağını istəyirsə, ilk növbədə referendum yolu ilə Konstitusiyadakı dəyişikliyi həyata keçirməlidir. Yaxud da digər variantlardan istifadə edilməlidir. Məsələn, Avropa İttifaqında hansı qanunlar qəbul edilirsə, həmin qanun üzv ölkələrin milli və yerli qanunlarından daha üstün sayılır. Azərbaycan və Ermənistan arasındakı sülh sazişinə də bənzər bənd, müddəa salına bilər. O halda Ermənistanda buna etiraz haqqına heç kim sahib olmayacaq. Ancaq daha yaxşı olar ki, Ermənistan öz qanunvericiliyini dəyişdirsin. Bu addım sülhə qarşı çıxan qüvvələrin önünü kəsmək üçün vacibdir. Çünki böyük ehtimal revanşistlər, kilsə və müxaliflər sülh sazişindəki ayrıca bəndi nəzərə almayacaqlar. Xatırladım ki, Polşa və başqa bir sıra ölkələr Aİ-nin bəzi qanunlarına qarşı çıxır, onun ölkə Konstitusiyasına zidd olduğunu bəyan edirdilər. Ona görə də qalıcı addım atmaq lazımdır. Əslində, Konstitusiya məsələsi bir müddət əvvəl Ermənistanda müzakirə mövzusuna çevrilmişdi. Azərbaycan Prezidenti konkret olaraq vurğulamışdı ki, İrəvan sülhdə maraqlıdırsa, ölkə Konstitusiyasındakı iddiaları çıxarmalıdır. Nikol Paşinyan da bir müddət bu məsələni gündəmdə saxlamışdı. Amma sonra ortadan qalxdı, müzakirələr səngidi. Hesab edirəm ki, sülh müzakirələrinin gedişində bu məqamı yaddan çıxartmaq, görməzdən gəlmək olmaz. Çünki sonrakı mərhəldə müəyyən problemlər yarada bilər. Ən azından sülhə qarşı çıxanlara meydan verməmək üçün bir sıra zəruri addımları atmaq lazımdır".