“10 il idi ki, yurduma gedə bilmirdim” - Zəlimxan Məmmədli

"Qurbanlar kəsildi, qonaqlıqlar verildi, öpdülər, oxşadılar, el-obada mükəmməl bir sevgini gördüm"

“Soydaşlarımız hər yerdə eyni sualı verirdilər”

“Deyirdilər ki, "bəy, sizin yolunuz açıldı, bəs bizim quru yolumuz, gediş-gəlişimiz nə vaxt açılacaq?"

  “Borçalı” cəmiyyətinin sədri, tanınmış ictimai-siyasi xadim Zəlimxan Məmmədli 10 ildən sonra ona qoyulmuş qadağanın aradan qalxmasına nail olaraq yenidən doğma el-obasına, Gürcüstana, Qardabaniyə, Kosalı kəndinə gedə bilib. Z.Məmmədli öncə doğulduğu doğma kəndi Kosalıya baş çəkib və sevincini doğmaları ilə bölüşüb. Daha sonra başqa yerlərə də gedərək bir sıra şəxsləri ziyarət edib, önəmli görüşlər keçirib. 

Xatırladaq ki, Zəlimxan Məmmədliyə 2014-cü ildən bugünədək Gürcüstana daxil olmasına qadağa qoyulmuşdu. Doğma yurdundan, Gürcüstan səfərindən geri dönən Zəlimxan Məmmədli uzunmüddətli qadağadan və onun ləğvindən "Sherg.az"a danışıb. Təbii ki, uzun aradan sonra yenidən el-obasına getməyin, həyata keçirdiyi ziyarətlərin sevincini də bizimlə bölüşüb...


 - Zəlimxan bəy, öncə məlum qadağadan qısaca bəhs edərdiz. Məhdudiyyətin konkret səbəbini, mahiyyətini öyrənə bildinizmi?

- Qadağanın müddəti yox idi təbii. Amma mən 10 il idi ki, yurduma gedə bilmirdim. Bunun siyasi motivli qərar olduğunu düşünürdüm və məncə, reallıq da budur. Çünki hansısa hüquq pozuntusuna yol verməmişəm. Gürcüstanı təhdid edən əməl, ya fikir sahibi deyiləm. Heç bir fakt ortaya qoya bilmirlər. Sadəcə olaraq soydaşlarımızla bağlı fəaliyyətimizin aktiv müstəviyə keçməsi, vətəndaş hüquqlarının təmin olunması istiqamətində atılan addımlar onları qane etmirdi. Hətta bizim rəsmilərdən biri yaxşı ifadə etdi ki, "sənin el qarşında hörmətin, gördüyün təmənnasız işlər Gürcüstana təhdid kimi qəbul olunurdu". Yəni qadağanın qoyulması siyasi qərar idi. Regionda, Gürcüstan və Azərbaycan arasında konfliktik mühitinin qalmasını istəyən mərkəzlərin ortaq işidir.

 - Necə oldu ki, 10 illik qadağa aradan qalxdı və müraciətinizə müsbət cavab gəldi?

 - Mən burada Azərbaycan Prezidentinin siyasi iradəsini yüksək dəyərləndirirəm. Hər zaman müraciət edirdim, ildə iki-üç dəfə hökumətə, xarici işlər nazirinə, o cümlədən dövlət başçısına. Sonuncu müraciətimizə operativ reaksiya verildi və Prezident Aparatına dəvət olundum. Görüşdük, danışdıq. Nəhayət, bu yasağın yüksək səviyyədə, Gürcüstanın baş naziri və təhlükəsizlik orqanları səviyyəsində aradan qaldırılması reallaşdı və mən yurduma döndüm.

- Sərhəddə, buraxılış məntəqəsində hər hansı problemlə üzləşdinizmi? 


- Bilirsiz, mənim əskim tüstülüdür. Əvvəllər də Gürcüstan sərhədini keçəndə özəl baxış olurdu.
Mənimlə bağlı sonuncu qərar, yəni məlum qadağanın ləğv olunması sistemdə oturmayıb deyə, hardasa 1 saata yaxın ləngimə oldu. Nəhayət, problem həllini tapdı. Orada Faiq müəllim (Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev - red) məni yüksək səviyyədə qəbul etdi və bir saatlıq görüşümüz oldu.  


Məhz onun müdaxiləsi işi sürətləndirdi. Bu, böyuk ehtiram idi. Ancaq əvvəlcədən məlumatım var idi ki, belə bir problem çıxa bilər, dözümlü olmaq lazımdır. Ümumən, səfirliyimizin orada fəaliyyətini qiymətləndirirəm və daha strateji görürəm. Ələlxüsus, səfirimizə qonaqpərvərliyinə görə, bizi qarşıladığına görə sizin qəzet vasitəsilə təşəkkürümü bildirirəm.



 - Bəy, xeyli vaxt gedə bilmədiniz. Necədir el-obada vəziyyət? Nələr dəyişib?

 - 10 ildə Gürcüstan və soydaşlarımız çox inkişaf edib. Hər yerdə quruculuq işlərini gördüm. Təbii ki, ilk növbədə sevginin şahidi oldum. Birinci işim artıq haqq dünyasında olsa da, ruhən diri olan şəxslərin məzarlarını ziyarət etdim. Hətta qohumlardan biri dedi ki, "sən gələndən ölülərlə məşğulsan, bəs dirilərlə nə vaxt məşğul olacaqsan?". Hər halda mənəvi borcumuzu yerinə yetirməliydik və yetirdik. Ölmək o demək deyil ki, bitdi, hər şey qurtardı. Azərbaycan, Gürcüstan, el-oba naminə öz şəxsiyyəti, qələmi, sənəti ilə yüksək səviyyədə xidmət göstərmiş dəyərli insanları ziyarət etməyi özümə borc bildim. 



Haqq dünyasında olan müəllimlərimi, həmçinin İsaxan Aşurovu, Arif Əliyevi, Dərviş Osmanı, Dünyamalı Kərəmi, Süleyman əfəndini və digərlərini ziyarət etdim. Eyni zamanda 90 yaşlı müəllimlərimə baş çəkdim, əllərindən öpdüm. Onlardan güc aldım. Əlbəttə bu, dağıdıcı güc deyil, qurucu gücdür. Amma yağışlı hava başqa ziyarətlərə imkan vermədi. Növbəti səfərimizdə yarımçıq qalan işlərimizi görəcəyik. Xüsusi bəyan etməmişdik, amma hansı kəndə getdiksə, sevgi və ehtiram gördük. 


 
 Qurbanlar kəsildi, qonaqlıqlar verildi, öpdülər, oxşadılar, yığıldılar, dağıldılar. El-obada mükəmməl bir sevgini gördüm. Yenə deyirəm, elimiz on il öncəki vəziyyətdə deyil. Kəndimiz böyüyüb, gözəl binalar tikilib. İnkişaf edirlər, Gürcüstan cəmiyyətinə inteqrasiya edirlər. Artıq 6 minədək gürcü dilində təhsil alan tələbəmiz, mütəxəssisimiz var. Bir zamanlar xəyal etdiklərimiz artıq reallaşıb. Vaxtı ilə ənənəsini qoyduğumuz Elat bayramı da hər yerdə xatırlanır. Reallıqlar dəyişib. Azərbaycan suverenliyini təmin etmiş güclü dövlətdir. İdeya olaraq deyirəm ki, bundan sonra Azərbaycanın təşəbbüsü ilə Türkiyə, Gürcüstan və gələcəkdə pozitiv xətt tutarsa, Ermənistanın da iştirakı ilə dövlətlər səviyyəsində Elat bayramı qardaşlıq, dostluq və mədəniyyətlərarası tədbir kimi qeyd oluna bilər. Birinci missiyanı xalq, toplum yerinə yetirib, ikinci missiya isə dövlətlərarası münasibətlər səviyyəsində olmalıdır. Elimizi yaxşı gördüm, təbii ki, müəyyən problemlər də var. Xüsusən daha çox diqqət ayıracağımız məsələ orta məktəblərdə tədrislə bağlıdır. Bu məsələdə də dinamika müsbətə doğrudur.

 - Gürcüstanda "Agent haqqında" qanun layihəsi ciddi etirazlara səbəb oldu. Məlum olaylar soydaşlarımız yaşayan bölgələrə də sirayət edirmi?

 - Bizim orada yetkin gəncliyimiz, siyasi mövqe ortaya qoyan təbəqə var. İqtidar tərəfində də, müxalifətdə də var və bu bizi sevindirməlidir. Onlar meydandadır. Hökumətin də, müxalifətin də təşkil etdiyi aksiyalarda iştirak edənlər var. Azərbaycan və türk faktoru artıq Gürcüstanda qəbul olunur və sayılır. Təbii ki, Gürcüstanın stabilliyinin tərəfdarı olmalıyıq. Rusiyanın hansısa formada bölgədə separatçılığı dəstəkləməsi bəllidir. Gürcüstanda növbəti gərginliklər yaranmamalıdır. Gürcüstanın indiki hökuməti də, əvvəlkilər də, müxalifət də Qərbə inteqrasiyanın tərəfdarıdırsa, dinc və demokratik qaydada prosesi sona çatdırmalıdırlar. İndiki zamanda müşahidə etdiyim odur ki, Gürcüstanda ciddi siyasi qütbləşmənin elementləri görünür. Ölkənin prezidenti və baş naziri fərqli mövqedədirlər. Biz qonşu Gürcüstana salamatlıq arzulayacağıq. Gürcüstanda siyasi təcrübə kifayət qədər güclüdür və siyasi instisional quruluş oturuşmuş vəziyyətdədir.

 - Azərbaycanın quru sərhədləri hələ də bağlıdır və Gürcüstana mütəmadi gedib-gələn insanlarımız üçün problemlər yaradır. Sizcə, bu məsələnin həlli zəruridirmi?

 - Soydaşlarımız da bu məsələ ilə çox maraqlanır, hər yerdə sual edirdilər. Deyirdilər ki, "Zəlimxan bəy, sizin yolunuz açıldı və bəs bizim quru yolumuz, gediş-gəlişimiz nə vaxt açılacaq?". Gürcüstandakı soydaşlarımız, eyni zamanda buradan ora gedən vətəndaşlarımız üçün bu məsələ ciddi problemdir. Soydaşlarımız özləri özlərini idarə edirlər. Şükür Allaha, zəngin insanlarımız var və onlar orada dayaqdırlar. Həmçinin müəyyən təşkilatlar da fəaliyyət göstərir. Ancaq istək və arzu odur ki, gediş-gəliş bərpa olunsun. Sərhəd kəndlərində qohumlar illərdir bir-birini görə bilmirlər. Yəni sərhəd kənddəki qohumunu görmək üçün öncə Bakıya gəlməlidir, oradan həmin kəndə getməlidir. O baxımdan ən azından sərhəd kəndlərində soydaşlarımızın gediş-gəlişini təmin etmək üçün müəyyən güzəştlər ola bilər. Azərbaycandan ən çox tələb olunan odur ki, Gürcüstanla quru sərhədlərinin açılması, vətəndaşların sərbəst gediş-gəlişinə icazə verilməsidir.

 - Bəy, Azərbaycanda hansısa partiyanın təmsilçisi, yaxud rəhbəri kimi yenidən aktiv siyasi fəaliyyətə qayıtmaq planlarınız varmı?

 - Xalq hərəkatının qurucularından biri olaraq bizim siyasi fəaliyyətimizin əsas mahiyyəti Qarabağ probleminin həlli idi. Şükür Allaha, torpaqlarımız işğaldan azad edilib, Qarabağ problemi həllini tapıb. Bundan sonrakı işimiz dövlət və milli maraqlarımızın təmini üçün zəruri olan addımları atmaqdır. Əldə etdiyimiz mövqelərimizi qorumaq və möhkəmləndirmək uğrunda çalışmalıyıq. Zəlimxan Məmmədlinin qarşısında böyük hədəflər var. Azərbaycanın və millətimizin maraqları, bütövlük və Turan idealları.. Bu idealların reallaşması üçün çalışacam. Təbii ki, çəkilib küncdə durası deyiləm. Siyasi partiyaların və bir müddət üçün xalq hərəkatından gələnlərin bir missiyanı yerinə yetirdiyinin fərqindəyəm. Fövqəl nələrsə baş verəsi deyil. Azərbaycanın bölgədə əldə etdiyi uğurları qorumaq və hamımızın ideal olaraq qəbul etdiyimiz demokratiyaya keçidin zamanını gözləmək lazımdır. Qabaqlamaq yox, zamanını gözləmək lazımdır. Nəzərə alaq ki, demokratiyanın düşməni olan qonşularımız var. Ölkəmizi təhdidlərdən qorumalıyıq. Azərbaycanın təsir coğrafiyasını fikir, şüur və ideyalarla genişləndirmək vacibdir. Zəlimxan Məmmədlinin də yolu budur. Mən hər zaman radikal müxalif mövqedə olan adam olmuşam. Son illərdə daha çox ictimai fəaliyyət göstərmişəm. İndiki zamanda dövlətimin var olması üçün hansı model gündəmə gələcəksə, hətta hakimiyyətlə əməkdaşlıq etmək müstəvisinə qədər istənilən modellərə hazıram. Siyasi fəaliyyət hökmən siyasi partiya qurmaq anlamına gəlmir. İnsanlar azad formada da ictimai-siyasi fəaliyyətlə məşğul ola bilər. Mən də hazırda müstəqil siyasi fəaliyyətlə məşğulam. Heç bir partiyanın üzvü deyiləm. Amma bundan sonrakı fəaliyyətimlə dövlətimin, millətimin bütövlüyü, siyasi uzlaşma, etimad mühitinin inkişafı və Türk dünyasının birliyi istiqamətində əlimdən gələni etməyə hazıram. Bu ideallarla hakimiyyət də daxil bütün qüvvələrlə əməkdaşlıq etməyi doğru sayıram".