Ermənistan həm Rusiyadan, həm də Qərbdən asılı vəziyyətə düşüb
Ermənistan tarix boyu onu himayə edənlərə, arxa çıxanlara xəyanət etməklə tanınıb. Hətta onlara dövlət quran, daim havadarlıq edən, qoruyan, qayğılarını çəkən Rusiya da bu gün erməni xəyanəti ilə üz-üzədir. Öz “ağa”larını düşmən, dönük gözündə görən ermənilər ruslara qarşı ən çirkin əməllər törədir ki, bu da böyük xəyanətdir. Uzun zamandır ki, Nikol Paşinyan hakimiyyəti anti-Rusiya təbliğatını gücləndirməklə Rusiyanı Cənubi Qafqazdan uzaqlaşdırmaq, Qərbi regiona gətirmək siyasətini davam etdirməkdədir. Yəni Ermənistan onu bəsləyən Rusiyaya açıq-aydın xəyanət yolunu tutub və ruslara meydan oxumaqdadır. Hətta iş o yerə çatdı ki, Ermənistan Konstitusiya Məhkəməsi Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya Prezidenti Vladimir Putinin həbsi barədə qərarını da konstitusiyaya uyğun hesab etdi. Bununla Putinin Ermənistana səfərinin qarşısına sədd çəkildi. Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin qərarını tanımasının özü Rusiyaya ən böyük xəyanət idi. Bu, Putinə hörmətsizlik olmaqla yanaşı, ruslara nifrət, etinadsızlıq və dönüklükdür. Görünür, Paşinyan Putini satmaqla Qərbin etimadını qazanmaq niyyətində olub. Lakin proses Paşinyanın istədiyi kimi getməyib. Ona görə də Ermənistan Baş naziri Nikol Paşinyan Putinlə eyni müzakirə masası arxasına keçərək, “hesabat vermək” məcburiyyətində qalıb. Əlbəttə, Moskva Ermənistanın Rusiyaya bütün istiqamətlər üzrə xəyanətini unudacaq qədər sadəlövh deyil. İrəvan ABŞ və Avropa Birliyindən verilən təlimatların yerinə yetirilməsində aciz duruma düşüb. Xüsusilə Paşinyan hakimiyyətinin uzun müddətdən bəri Rusiya ilə qarşıdurma siyasəti yürütməsi artıq öz real nəticələrini verməyə başlayıb və bu siyasətin ucbatından Ermənistan daxildən xaosa doğru sürüklənməkdədir. Artıq İrəvan Kremlin strateji müttəfiqlik dəstəyini itirib, Paşinyan hakimiyyəti indi ən ağır siyasi dövrlə qarşı-qarşıya qalıb. Çünki rəsmi İrəvan Rusiyaya açıq xəyanətin “mükafatı” olaraq, ABŞ və Qərbdən istədiyi dəstəyi ala bilməsə də, Paşinyan hakimiyyətinin bütün siyasi düşmənləri indi vahid mərkəzdə birləşmiş kimi görünürlər.
Məsələ ondadır ki, Ermənistan açıq şəkildə Qərbə də xəyanət edir, Rusiyaya sanksiyalı mallar satır. “The New York Times” qəzeti ABŞ-nin və Avropa İttifaqının yüksək vəzifəli vergi və ticarət rəsmilərinin bu il martın 24-də keçirilmiş görüşündə səslənmiş faktları açıqlayıb. Burada bir sıra maraqlı məqamlar var. Ermənistan vasitəsilə Rusiyaya satılan çiplərin və digər elektron komponentlərin sayında kəskin artım müşahidə olunub. Diqqət yetirək, bu, dünyanın anti-Rusiya mövqe tutduğu bir vaxtda baş verir. Özü də söhbət Rusiyanın Ukraynaya atdığı raketlər də daxil olmaqla, silahların inkişafı üçün kritik hesab olunan yüksək həssas kateqoriyalı çiplərdən və digər elektron cihazlardan gedir. Daha doğrusu, onların kütləvi satışından. Balaca Ermənistanın o qədər avadanlıq nəyinə lazımdır? Sən demə, Ermənistan həmin məhsulların 97 faizini sonradan Rusiyaya ixrac edib. Yəni, Qərbpərəst olduğunu hər addımında bəyan edən ölkə Moskvanın düşdüyü hazırkı durumu özünə mənfəət yeri kimi görüb. Ermənistan Rusiyanın Qərbin sanksiyalarından yan keçmək üçün əsas mərkəzlərdən biridir.
Millət vəkili Azər Badamov "Sherg.az"a açıqlamasında deyib ki, Ermənistan heç vaxt müstəqil ölkə ola bilməz, çünki bu ölkənin rəhbəri iki stulda oturur. Deputatın sözlərinə görə, Ermənistan həm Rusiyadan, həm də Qərbdən asılı vəziyyətə düşüb:
"Təbii ki, Qərb və Rusiya Ermənistanı şirnikləndirib öz tərəfinə çəkmək üçün yardımlar edərək bir müddət nəticəsini gözləyəcək. Amma bunun qarşılığını almayanda təzyiqlərə başlayacaqlar. Ermənistan Rusiyadan həmişə asılı olub. Ona görə də Rusiyaya qarşı aparılan siyasət şoudan başqa bir şey deyil. Rusiyaya qarşı siyasət şousunun göstərilməsində Ermənistanın məqsədi Qərbin xoşuna gəlməkdir. Paşinyan açıq şəkildə Rusiyanın yanında olduğunu bildirsə, Ermənistan Qərbin yardımlarından məhrum olacaq. Ona görə artistlik edərək Qərbə yaxınlaşmaq istədiyini nümayiş etdirir. Paşinyan yaxşı bilir ki, Rusiyaya qarşı səsləndirdiyi mesajlar Ermənistanı sanksiyalardan azad edir və yardımların alınmasına imkan yaradır. Həm də Ermənistana Rusiyaya ixrac etdiyi malların Avropadan gətirilməsində də bir çətinlik yaratmır. Rusiya Ermənistanın əsas ticarət tərəfdaşıdır. Bu il iki ölkə arasında ticarət dövriyyəsi 7 milyard dollara çatıb. Amma bu dövriyyənin bir hissəsinin Qərbdən gətirilən sanksiyalar altındakı malların satışından əldə edildiyini hesab edirəm. Çünki Ermənistanın bu səviyyədə istehsalı yoxdur".