Şuşaya ilk köç baş tutdu, uzun illər doğma yurd həsrəti çəkən şuşalılar nəhayət evlərinə geri döndülər. Bölgəyə səfər etmiş Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva mühüm obyektlərin açılışında və təməlqoyma mərasimlərində iştirak etdilər. Dövlət başçısı Şuşaya qayıdan ilk sakinlərə mənzillərinin açarlarının təqdim edilməsi mərasimində çıxışı zamanı bir sıra mühüm məqamlara da toxundu.
Prezident Qarabağda, Şərqi Zəngəzurda görülən və görüləcək işlərlə yanaşı, sülh prosesindən, regional vəziyyətdən də söz açdı. Ölkə rəhbəri prosesi pozmağa çalışan güclərə növbəti xəbərdarlığını çatdırdı. Qeyd etdi ki, revanşistlərin baş qaldırdığını görsək, bunun cavabı veriləcək: "Əgər bu gün yenə də görsək ki, Ermənistanda revanşistlər baş qaldırır, Fransa Ermənistana öldürücü silahlar verir, o silahların kritik həddə çatmasını görsək, onda bizdən heç kim inciməsin. Hər halda hər kəs bilir ki, biz nəyə qadirik, Ordumuz nəyə qadirdir və iradəmiz nə qədər möhkəmdir. Heç kim bizim qabağımızda dura bilməz. Heç kim bizə heç nə diktə edə bilməz və bizim daxili işlərimizə müdaxilə edə bilməz. Nəyi lazım biliriksə, onu da edəcəyik". Dövlət başçısı bölgəyə maraq göstərənlərə də mesaj verdi: "İkinci Qarabağ müharibəsindən sonra biz Ermənistana demişik ki, gəlin, sərhədi ədalətli müəyyən eləyək. Yox, istəmirsinizsə, onda biz deyəcəyik, harada istəyirik, orada da sərhəd olacaq. Neyləyəcək, kimə zəng edəcək, lap 100 dəfə zəng etsin, nəticəsi nə olacaq? Həm Azərbaycan xalqına, həm də bu bölgəyə maraq göstərənlərə bir daha demək istəyirəm ki, bizimlə hesablaşmadan burada bir addım da atılmamalıdır bundan sonra. Əminəm ki, mənim sözümü eşidirlər, bilirlər mən nəyi deyirəmsə, onu da edirəm”. Prezident vurğulayıb ki, bu gün təkcə bizim tələbimizlə Qazaxın dörd kəndi bizə qaytarılır. Bundan sonra da belə olacaq: "Burada söz sahibi bizik, Qafqazda aparıcı dövlət bizik, iqtisadi, siyasi, hərbi, hər cəhətdən aparıcı dövlət bizik, bizimlə hər kəs hesablaşmalıdır. Həm Ermənistan, həm onun arxasında duran, onlara yalançı vədlər verən xarici dairələr bizimlə hesablaşmasalar, peşman olacaqlar".
Millət vəkili Nəsib Məhəməliyev "Sherg.az"a açıqlamasında deyib ki, 32 illik fasilədən sonra, “Böyük Qayıdış” çərçivəsində Şuşada ilk sakinlərin məskunlaşması tarixi hadisədir. Deputatın sözlərinə görə, ən yüksək standartlara uyğun şəkildə inşa olunmuş binalardakı mənzillərin açarlarını məhz Müzəffər Ali Baş Komandan İlham Əliyevin əlindən almaları Şuşalılar üçün əsl xoşbəxtlik rəmzidir:
"Bu münasibətlə onları təbrik edirəm. Bir neçə kəlmə cənab Prezidentin və Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Füzulidə, Şuşada, digər rayon və şəhərlərdə icra olunan layihələr barədə danışmaq istərdim. İstər infrastruktur layihələri, istərsə yeni tikilən inzibati və sosial obyektlər, bərpa olunan tarixi abidələr ən yüksək standartlara cavab verməklə, estetik baxımdan zövqlə icra olunur. Nəticədə, ermənilərin xarabazara çevirdikləri ərazilərin cənnətə çevriləcəyi gün yaxınlaşır. Hesab edirəm ki, strateji cəhətdən olduqca düzgün yanaşmadı. Yaxın zamanda, dünya birliyi, ermənilərlə azərbaycanlılar arasındakı kəskin fərqi, kimin qurucu, kimin barbar olduğunu görəcək. Şuşalılarla görüşdə dövlət başçısı Qarabağda həyata keçirilən layihələr, Ermənistanla aparılan sülh danışıqları, sərhədlərin delimitasiya və demarkasiya işləri barədə məlumat verdi. Eyni zamanda Ermənistanı yenidən müharibəyə sürükləyən, silahlandıran ölkələrə mesajlarını çatdırdı. Xüsusilə, bu məsələdə ermənidən daha çox ermənilik edən Fransanı qeyd etdi".
Parlamentari qeyd edib ki, burada bir nüansa diqqət etmək lazımdır: "Prezident İlham Əliyevin bütün çıxışları Ermənistanla yanaşı, beynəlxalq birlik tərəfindən diqqətlə izlənilir. Onlar gözəl bilirlər ki, İlham Əliyev ciddi siyasi liderdir və publik şəkildə nə deyirsə, hamısını yerinə yetirir. Bu baxımdan, cənab Prezidentin mesajları ilk növbədə preventiv xarakter daşıyır. Ermənistanı və onun arxasında duranlara xəbərdarlıq olunur ki, “qırmızı xətti” keçməyin. Əks halda heç nəyə baxmadan lazımi tədbirlər görüləcək. Hesab edirəm, olduqca praqmatik, düşünülmüş və dəfələrlə özünü doğrultmuş addımdır. Regionu gərginlikdə saxlamaq istəyənlərə layiqli cavabdır".