Son 6 ayda Ermənistanla xeyli iş görülüb - RƏY

Sülhə aparan yolda irəliləyiş müşahidə olunur

"Ən böyük nəticə ondan ibarətdir ki, bu proses iki dövlət arasında birbaşa danışıqlar yolu ilə, siyasi-diplomatik yolla həyata keçirilib"

  “Sülh müqaviləsi ətrafında danışıqlar prosesinə gəldikdə, deyim ki, fevral ayından etibarən intensiv danışıqlar bərpa edilib”. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri Yan Borqla birgə mətbuat konfransında deyib. Nazir qeyd edib ki, buna qədər əvvəlki müddətdə sənədlərin və şərtlərin mübadiləsi baş verirdi, sadəcə, fiziki görüşlər dayandırılmışdı: "Amma Münhen, Berlin və Almatı görüşləri ilə proses davam etdirildi. Son görüş nəticəsində xeyli müzakirə aparıldı. Mən bununla bağlı detallara varmaq istəməsəm də, bu danışıqları müsbət qiymətləndirirəm". XİN rəhbəri onu da qeyd edib ki, gözləntilər uyğun və realist olmalıdır: “Bu, olduqca mürəkkəb və lazımlı prosesdir. Sülh sazişi Azərbaycan tərəfi üçün ədalətli və beynəlxalq hüquqa əsaslanan, gələcəkdə hansısa şübhəli məqamları masa üzərinə gətirmək məqamlarını istisna edən saziş olmalıdır. Eləcə də, sözsüz, qarşı tərəfin də gözləntilərini nəzərə alır, qarşılıqlı həll yolları üçün çalışırıq. Almatı danışıqları növbəti bir addım olub. Bu, böyük addımdır, ya kiçik, bunu yalnız prosesin sonunda biləcəyik. Amma deyim ki, bu, prosesin önəmli bir hissəsidir. Bunu biz mətbuata açıqlama zamanı da bildirmişdik ki, tərəflər danışıqların davam etdirilməsi barədə razılıq əldə ediblər. Düşünürəm ki, yaxın gələcəkdə bunun şahidi olacağıq”. Ceyhun Bayramov onu da əlavə edib ki, Azərbaycanla Ermənistan arasında son zamanlarda baş verən müsbət inkişafı tarixi nəticə adlandırmaq olar: “Bunun ən böyük nəticəsi ondan ibarətdir ki, bu proses iki dövlət arasında birbaşa danışıqlar yolu ilə, siyasi-diplomatik yolla həyata keçirilib”, - nazir əlavə edib". Nazir onu da bildirib ki, bu prosesin digər effekti ondan ibarətdir ki, bu istiqamətdə ciddi nailiyyətlərin əldə olunması üçün siqnaldır: “Ümidvarıq ki, işlər müsbət məcrada davam edəcək. Bu istiqamətdə hesab edirik ki, iki ölkə arasında ikitərəfli danışıqların olması müsbət formatdır. Son 6 ayda bu istiqamətdə xeyli iş görülüb. Apreldə iki ölkə arasında sərhədin bir hissəsində delimitasiya prosesinə start verilməsini, 4 kəndin qaytarılmasını müsbət inkişaf kimi qeyd edə bilərik”.
  Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Tural İrfan "Sherg.az"a deyib ki, sülhə aparan yolda xeyli irəliləyiş var. Ekspertin sözlərinə görə, Fransa və ABŞ kimi Qərb ölkələri Ermənistanı revanşizmə təhrik etdiyi üçün sülh prosesi ləngiyir:

 "Ancaq Ermənistan artıq kənar müdaxilələrin onlara xeyir vermədiyini, yalnız öz maraqlarını güddüyünü anlayır. İrəvan Azərbaycanın qüdrəti, haqlı və üstün mövqeyi qarşısında başqa çıxış yolunun qalmadığını dərk edir. Odur ki, sülhə doğru Ermənistan da müəyyən addımlar atmaqda maraqlı görünür. Düşünürəm ki, sülh prosesi sağlam aparılmalıdır. Çərçivə sənədinə qədər bütün şübhəli məqamlara, qaranlıq məsələlərə aydınlıq gəlməli, tam şəffaflıq olmalıdır. Azərbaycan bu məsələdə öhdəsinə düşən fəaliyyəti layiqli icra edir. Lakin Ermənistan tərəfinin fəaliyyəti də gərək məkrsiz, şəffaf olsun. Əgər bu cür davam edərsə, yaxın aylarda, bəlkə də yaxın günlərdə sülhün çərçivə sənədi hazırlana bilər. Düşünürəm ki, ilin sonunadək sülh müqaviləsi imzalanacaq. Regiondakı dövlətlərin ümumi maraqlarını və iqtisadi əlaqələrini ehtiva edən bir çox gələcək layihələr, planlar sülh müqaviləsinin olmaması səbəbi ilə tıxacda gözləyir. Odur ki, sülhün tezləşməsində Azərbaycan və Ermənistan ilə yanaşı digərləri də maraqlı olmalıdır. Ona görə ki, bu müqavilə region üçün də əmin-amanlıq və uzunömürlü sülhün qarantı ola bilər".