“Çin restoranları”nın ilginc hekayəsi

İstanbula gəldi və geri dönmədi

  Çinin Sichuan şəhərində 1903-cü ildə anadan olmuş Cəlaləddin Vangın həyat hekayəsi maraqlı səhnələrlə doludur. Cəlaləddin Vang Çində müsəlman ailəsində dünyaya gəlib. Orta təhsilini bitirdikdən sonra Türkiyəyə gəlib. “Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, Cəlaləddin Vang təhsilini Türkiyədə - İstanbulda davam etdirib. Onun Çinin paytaxtı Pekindən İstanbula qədər uzanan həyat hekayəsi çox maraqlıdır. C.Vang o zamanlar Pekin İmperatorluq Universiteti, indi isə Pekin Universiteti adlanan ali məktəbdə ərəb və türk dilini öyrənib. Sonra İstanbula gəlib və Darülfünun adlanan İstanbul Universitetində tarix ixtisası üzrə təhsil alıb. Təhsilini bitirdikdən sonra Çinə qayıdıb və elm adamı kimi tanınıb. Siyasətlə məşğul olub və 1935-ci ildə Çan Kay Şek hökuməti tərəfindən Orta Şərqdəki müsəlman ölkələrinə göndərilib. Uzun illər bu ölkələrdə Çini təmsil edib. Ölkəsindəki siyasi qarışıqlıq illərində vəzifəsindən istefa edərək Pakistana gedib. O illərdə türkoloq-alim Zəki Vəlidi Togan ilə dostluğu davam edirdi və məktublaşırdılar. Togan dostunu yenidən Türkiyəyə dəvət edib. İstanbul Universitetində Çin dili və fəlsəfəsi kafedrası təşkil etməyi məsləhət görüb. C.Vang ikinci dəfə Türkiyəyə gəlib və daha geri qayıtmayıb. Ailəsiylə birlikdə Türkiyəyə köçən C.Vang İstanbulda çin dili müəllimi olaraq çalışmağa başlayıb. 8 övladı olan C.Vang müəllimlikdən aldğı maaaşla ailəsini çətin dolandırıb. Başqa yollar axtarmağa başlayıb və türküstanlı dostlarının köməyi ilə İstanbulda ilk Çin restoranını açıb. Həyat yoldaşı Fatma Vang restoranın mətbəxində çalışıb. Bir müddət sonra restoran bağlanıb. Lakin o, ruhdan düşməyib və ikinci dəfə Taksimdə Çin restoranı açıb. Həm müəllimlik edib, həm də restoranı işlədib. Övladlarına istədiyi kimi təhsil verib. Onun hətta "Qurani-Kərim"i çin dilinə tərcümə etdiyi də bildirilir. 1961-ci il, yanvarın 23-də vəfat edib. Və İstanbulun Eyyubsultan səmtindəki Ədirnəqapısı şəhidliyində dəfn edilib. Həyat yoldaşı Fatma Vang övladlarını təkbaşına böyüdüb. Çin restoranını işlətməyə davam edib. Ondan sonra oğlu İsa Vang bu işi davam etdirib. İsa Vang qızının adını verdiyi "Mai-Ling" (əbədi gözəllik) adlı yeni restoranı Bağdad küçəsində açıb. Vang ailəsinin 8 övladı, 26 nəvəsi əcdadlarının işini bu gün davam etdirirlər.