Qarabağda bütün reallıqları diplomatlar öz gözləri ilə görür - ANALİZ

Bu, ən ağıllı təbliğat və kreativ yanaşmadır. Göz yaddaşı qulağın nəsə eşitməsindən daha önəmli sayılır
 
“Belə bir üsuldan istifadə bir daha göstərir ki, Prezidentimiz xarici siyasəti çox gözəl bilir. Azərbaycan "qışqırıq diplomatiyası"ndan istifadə etmir”

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri, o cümlədən hərbi attaşeləri və beynəlxalq təşkilatların təmsilçiləri mayın 24-də Laçın İqlim Fəaliyyəti Dialoqu çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda səfərdə olublar. Səfirlik və beynəlxalq təşkilatların nümayəndələri COP29-la əlaqədar təqdimat mərasimində iştirak ediblər. Həmçinin, diplomatik korpus nümayəndələri Laçın şəhərində həyata keçirilən bərpa və yenidənqurma işləri ilə tanış olaraq, Zerti Aqro-Sənaye Parkını və Hoçazfilm kinopavilyonunu ziyarət ediblər. Diplomatlara Zerti Aqro-Sənaye Parkındakı heyvanlar, yem istehsalı, həmçinin göyərti və pomidor becərilməsi üçün konteyner tipli təsərrüfatlar barədə məlumatlar verilib. 

Qeyd edilib ki, burada fəaliyyət göstərən bütün müəssisələr ən müasir texnologiyalarla təchiz olunub. Laçınlılar xaricdən dəvət edilmiş mütəxəssislərdən dərs alaraq həm işlə təmin olunur, həm də peşəkar vərdişlərə yiyələnirlər. Sonra diplomatik korpusun nümayəndələri s “Hoçazfilm” studiyasına gəliblər. Məlumat verilib ki, çoxşaxəli yaradıcılıq məkanı olan “Hoçazfilm”in perspektiv fəaliyyət istiqamətləri çox genişdir. Bu istiqamətlərə Qarabağ regionunun genişmiqyaslı təbliğatı ilə bağlı layihələrin həyata keçirilməsi, bölgədə keçiriləcək mədəni-kütləvi tədbirlərin işıqlandırılması, Laçında yenidənqurma işlərinin, regionun milli brendlərinin və yerli məhsulların təşviqi, kinoteatr və yaradıcı ittifaqla əməkdaşlıq, gənclər üçün yay məktəbləri, yaradıcılıq atelyeləri, kinematoqrafiya, rəsm kursları və müsabiqələrinin təşkili daxildir. Diplomatlar Qarabağ və Şərqi Zəngəzur ərazisində ekosistemin bərpasına töhfə vermək məqsədilə Həkəri çayının Laçın rayonu ərazisindən keçən hissəsinə forel balıqlarının buraxılması prosesini də izləyiblər. Sonra 28 May - Müstəqillik Gününə həsr olunan “Xalça belə yarandı” sərgisinin açılışı olub. Sərgidə milli xalçalarla yanaşı, müxtəlif dizaynlarda hazırlanmış sənət nümunələri də nümayiş etdirilib. Prezidentin köməkçisi Hikmət Hacıyev deyib ki, Cənubi Qafqaz regionunda yeni reallıq yaranıb. Onun sözlərinə görə, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini təmin etmək, habelə məcburi köçkün və qaçqınların hüquqlarını müdafiə etmək kimi suveren hüququnu təmin edib: "Dünya məcburi köçkünlərin, xüsusən də uşaqların öz evlərinə qayıtmasını, Laçının və Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin dirçəlişinin şahidi olur. Sanki baharın özü Laçında və digər işğal olunmuş ərazilərdə qalan münaqişənin yaralarını sağaltmaq üçün əlavə səylər göstərir. Təbiət bu ecazkar diyarı öz rəngləri ilə mükafatlandırıb, hər künc-bucaq yaşıllıqlarla, çiçəklərlə bəzədilib".
Ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev deyib ki, komanda artıq bir neçə aydır ki, COP29 üçün hazırlıqlar görür: "Bugünkü tədbir isə sizin təkliflərinizi dinləmək üçün bir fürsətdir. Ümidvarıq, bütün ölkələr COP29 ilə bağlı anlayış və həmrəylik göstərəcəklər. Onlar öz səylərini birləşdirərək bir-birinə daha yaxın olacaq, bu da məsələləri həll etməyimizə kömək edəcək". 
COP29-un baş danışıqçısı, Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev də bildirib ki, Azərbaycanın əsas məqsədi COP hədəflərinə nail olmaq üçün hərəkətə keçmək və daha da irəliləməkdir: "Ötən il Dubayda keçirilən COP28 tədbiri bütün ölkələr üçün əlverişli olub. İndi isə Azərbaycan həmin səyləri artıq konkret fəaliyyətə çevirməyə başlayıb. Azərbaycanın əsas məqsədi COP hədəflərinə nail olmaq üçün hərəkətə keçmək və daha da irəliləməkdir". Nazir müavini bildirib ki, Birləşmiş Ərəb Əmirlikləri və Braziliya ilə mühüm danışıqlar olub və bu sahədə bir çox irəliləyiş əldə edilib: "İtaliyanın G7 prezidentliyi də bizi danışıqlar aparmaq üçün dəvət edib. Konkret fəaliyyət olmadan hədəflər dəyişə bilməz". 

Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev "Sherg.az"a açıqlamasında deyib ki, diplomatik korpuslarla bağlı Azərbaycan dövlətinin atdığı addım diplomatiyanın ən elit tədbiri sayılır. Professorun sözlərinə görə, bu, "lal diplomatiya"dır: 

"Heç kimdən heç nə tələb etmirik. Sadəcə diplomatik korpusun nümayəndələrini bir yerə yığıb işğaldan azad edilmiş ərazilərə səfərlərini təşkil edirik. Oradakı bütün reallıqları səfirlər, diplomatlar öz gözləri ilə görürlər. Bu, ən ağıllı təbliğat və kreativ yanaşmadır. Göz yaddaşı qulağın nəsə eşitməsindən daha önəmli sayılır. Belə bir üsuldan istifadə bir daha göstərir ki, Prezidentimiz xarici siyasəti çox gözəl bilir. Azərbaycan "qışqırıq diplomatiyası"ndan istifadə etmir. Həm də dövlətimiz səfirlikləri, diplomatik korpusların nümayəndələri COP29-a dair təqdimat mərasiminə toplamaqla dünyaya mesaj verir ki, Azərbaycan bu beynəlxalq tədbirə çox böyük əhəmiyyət verir. Fransa səfirinin də işğaldan azad edilmiş əraziyə səfər etməsi müsbət addımdır. Azərbaycan əleyhinə ən çox danışanlar fransızlardır, təbliğat aparanlar Makron hökumətidir. Amma görünən odur ki, müəyyən yumşalmalar var. Fransa Azərbaycanın gücünü görür. Başa düşdü ki, hansısa ölkənin ərazisinin böyüklüyü-kiçikliyi rol oynamır. Əgər dövlət ağıllı siyasət yürüdürsə, həmin dövlətlə hesablaşmaq lazımdır. Azərbaycanın gücünü açıq etiraf etməsələr də, fransız səfirin ora getməsi Fransanın yumşalan mövqeyini ortaya qoyur".