Bəlli oldu ki, heç bir kənar müdaxilə, vasitəçi olmadan iki ölkə müstəqil qərar qəbul edərək sərhədləri delimitasiya və demarkasiya edə bilirlər.
Qazax rayonunun 30 il işğal altında olan Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndləri bu gün rəsmən Azərbaycana geri qaytarılıb. Bu razılaşma Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın 2024-cü il 19 apreldə əldə olunmuş razılaşma əsasında həyata keçirilib.
Delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və Qazax rayonunun 4 kəndinin - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 kv. kilometr) Azərbaycana qaytarılması təmin edilib. Həmin kəndlərin əraziləri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb. Bu hadisənin çox böyük tarixi əhəmiyyəti var. Sovet İttifaqının 1991-ci ildə dağılmasından bəri ilk dəfə Azərbaycan və Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə razılığa gəlib. Artıq sərhədin 12,7 km uzunluğunda olan hissəsi şərti deyil, real sərhəd xəttidir və qarşılıqlı şəkildə tanınır. Qazaxın 4 kəndinin 1 güllə atılmadan qaytarılması isə Azərbaycanın suverenliyinin təmin olunmasında daha bir önəmli addımdır. Delimitasiya üzrə komissiyaların əldə etdiyi razılaşmanın icrası təkcə iki ölkə deyil, ümumilikdə Cənubi Qafqazın tarixində yeni səhifə açır, iki ölkə arasında etimad mühiti yaradır. Eyni zamanda, rəsmi Bakının sülh danışıqlarını və delimitasiya ilə bağlı prosesi vasitəçilərsiz, üçüncü tərəf olmadan aparılması təklifinin effektivliyini sübut edir. Qeyd olunmalıdır ki, proses Azərbaycan tərəfinin irəli sürdüyü məntiqli və ədalətli təkliflər əsasında həyata keçirilir. Bu tarixi hadisə də Azərbaycan Prezidenti İlham Əliyevin dövlət xadimik kimi aktivinə yazılmalıdır. Çünki məhz Azərbaycan Prezidentinin həm hərbi, həm də diplomatik sahədə müəyyən etdiyi xətlər üzrə inkişaf edən Azərbaycan dövləti, Azərbaycan Ordusu Azərbaycan xalqının dəstəyi ilə, Ali Baş Komandanın rəhbərliyi altında Ermənistanı beynəlxalq hüquqa hörmətlə yanaşmağa, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etməyə vadar etdi. Sözü və əməli həmişə üst-üstə düşən ölkə başçısının Qazaxın 4 kəndinin azad ediləcəyi ilə bağlı açıqlaması da reallaşdı. 1992-ci ildən Ermənistanın qanunsuz işğalına məruz qalan həmin kəndlər ölkə başçısının iradəsi ilə Azərbaycana qaytarıldı. Hələ bu ilin yanvarında yerli televiziya kanallarına müsahibə verən dövlət başçısı Qazaxın anklav və qeyri-anklav 8 kəndi ilə bağlı mövqeyini açıq ortaya qoymuş, “O kəndlər ki, anklav kəndlər deyil, həmin dörd kənd Azərbaycana qeyd-şərtsiz qaytarılmalıdır” demişdi. Göründüyü kimi, Prezidentin müsahibəsində dedikləri 3 ay sonra reallığa çevrildi və Qazaxın qeyri-anklav 4 kəndi Azərbaycana qaytarıldı. Azərbaycan-Ermənistan sülh müqaviləsi və delimitasiya prosesi ilə bağlı aydın, ardıcıl və kompleks yanaşma sərgiləyən dövlət başçısı həmin müsahibəsində Qazaxın qeyri-anklav 4 kəndi barədə də danışmışdı. Ermənistan hökumətinin də delimitasiya prosesi ilə bağlı son razılaşmalarda nümayiş etdirdiyi konstruktivliyi qeyd etmək lazımdır. Təbii ki, bu mövqe elə-belə yaranmayıb. Bunun birinci şərti Azərbaycanın daim beynəlxalq hüquqa, ədalətə, dövlətlərarası münasibətlərə əsaslanmasıdır. İrəvan artıq anlamağa başlayıb ki, Azərbaycanın istəkləri və tələbləri haqlıdır, əsaslıdır, müvafiq sənədlərə, imzalanmış razılaşmalara bağlıdır. İrəvan onu da anlamağa başlayıb ki, Azərbaycan haqlı tələbi yerinə yetirilməyəcəyi təqdirdə, onu başqa yollarla alır və alacaq. 2020-ci ilin payızından bu yana baş verənlər bunun əyani sübutudur.
Ümid etmək olar ki, Ermənistanın bu konstruktivliyi Azərbaycanla imzalanacaq sülh müqaviləsinə və şərti sərhədin digər istiqamətlərində aparılacaq delimitasiya və demarkasiya işlərinə də müsbət fon verəcək. Bu kontekstdə Ermənistan hökumətinin üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsi - Zəngəzur dəhlizinin açılması, eyni zamanda Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının yer aldığı müddəaları Konstitusiyasından çıxarması münasibətlərin daha da inkişafına töhfə olardı. Qazaxın 4 kəndinin dinc yolla qaytarılması Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın 44 günlük Vətən Müharibəsi, 2022-ci ilin sentyabr döyüşləri və 2023-cü ilin sentyabrında Qarabağda həyata keçirdiyi anti-terror tədbirləri ilə əldə etdiyi zəfərin davamıdır. Son proseslər bir daha göstərdi ki, Azərbaycan bir qarış torpağını belə heç kimə güzəştə getməyəcək.
Millət vəkili Hikmət Babaoğlu "Sherg.az"a açıqlamasında deyib ki, Qazax rayonu ərazisində sərhədlərin delimitasiya və demarkasiya edilməsi ilə bağlı aprelin 19-dan başlayan proses may ayının 24-də uğurla başa çatdı. Deputatın sözlərinə görə, bununla 12,7 kilometr uzunluğunda Ermənistan və Azərbaycan sərhədi delimitasiya və demarkasiya edildi:
"Sərhəd qoşunları hər iki tərəfdən qəbul edilən sərhədlər boyunca xidmət həyata keçirməyə başladılar. Nəzərə almaq lazımdır ki, ermənilər bu əraziləri mübahisələndirməyə çalışırdılar. Azərbaycana məxsus olan ərazilərin verilməsinə etiraz edirdilər. Bu proses həm Ermənistanın daxilindəki radikallar, həm də xarici qüvvələr tərəfindən dəstəklənirdi. Bütün bunlara baxmayaraq, Azərbaycanın qətiyyətli davranışı, tətbiq etdiyimiz diplomatik- siyasi və yumşaq güc vasitələri bir güllə atılmadan 4 kəndimizin Azərbaycana qaytarılması ilə sona çatdı. Kəndlərin qaytarılması sadəcə Qazaxın əraziləri kimi qiymətləndirilməməlidir. Bu proses Ermənistan-Azərbaycan arasında delimitasiya və demarkasiyaya ehtiyacı olan ərazilərdə sərhədlərin müəyyənləşməsi üçün bir başlanğıcdır".
Parlament üzvü vurğulayıb ki, kəndlərin strateji əhəmiyyətini hərbçilər daha yaxşı bilirlər, amma həmin kəndlər yurdumuz, tarixi vətənimiz, hərbi-strateji nöqteyi-nəzərdən çox mühüm əhəmiyyət kəsb edən coğrafiyamızdır: "Başqa əhəmiyyəti ondan ibarətdir ki, yeni bir təcrübə yaratdı. Bəlli oldu ki, heç bir kənar müdaxilə, vasitəçi olmadan iki ölkə müstəqil qərar qəbul edərək sərhədləri delimitasiya və demarkasiya edə bilirlər. Bu, vacib bir nümunədir və bundan sonrakı sərhədlərin delimitasiya və demarkasiyasında özünəməxsus bir metodologiyanın yaranmasıdır. "Hansı metodla, necə edilməlidir" sualına cavabdır".