Şərqi Zəngəzur dəhlizi də mütləq açılacaq və Ermənistanla vəziyyət yaxşılaşacaq
Azərbaycan sərhədçiləri Qazaxın 4 azad edilmiş kəndini nəzarətə götürüblər. Bu barədə Baş nazirin müavini Şahin Mustafayevin xidməti məlumat yayıb. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin işğaldan azad olunmasını təmin etmək məqsədilə, 19 aprel 2024-cü il tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası məsələləri və sərhəd təhlükəsizliyi üzrə Komissiyasının 8-ci görüşünün Protokolu imzalanmışdır.
Qeyd olunan Protokolun həyata keçirilməsi məqsədilə sərhəd xəttinin koordinatları üzrə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirmə aparılmış və müvafiq sərhəd xəttinin keçməsinin Protokol-təsvirini özündə əks etdirən birgə çöl işləri nəticələri haqqında Texniki Protokol tərtib edilmişdir.
15 may 2024-cü il tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Komissiyaların növbəti 9-cu görüşü keçirilmiş, sözügedən Texniki Protokol razılaşdırılmış və bu barədə Komissiyaların müvafiq Protokolu imzalanmışdır.
Delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilmiş və bununla Azərbaycan Respublikasının Qazax rayonunun 4 kəndinin: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılması təmin edilmişdir.
Bu gün Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin əraziləri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülmüşdür.
Azərbaycanın növbəti qələbəsini “Sherg.az”a dəyərləndirən Milli Məclisin deputatı Tahir Rzayev bildirib ki, istər 44 günlük Vətən savaşı, istər lokal xarakterli antiterror tədbirləri və Qazaxın 4 kəndinin heç bir itki verilmədən geri qaytarılması Prezident İlham Əliyevin yürütdüyü müdrik siyasətin nəticəsidir:
“Çünki Cənab Prezident bütün fəailiyyəti dövründə həmişə sülh və əmin-amanlıq üçün çalışıb.Torpaqlarımız işğal altında olanda belə İlham Əliyev münaqişəni sülh yolu ilə həll etməyin tərafdarı idi. Hər zaman bildirirdi ki, torpaqlar itkisiz Azərbayacana qaytarılsın və Ermənistanla əlaqələr möhkəmlənsin. Amma Ermənistan tərəfi heç vaxt buna ciddi yanaşmadı. Nəticə etibarilə də Azərbaycan öz gücünə qalib gəldi. Qazaxın 4 kəndinin qan qansız-qadasız Azərbaycana qaytarılması böyük uğurdur. Eyni zamanda, Azərbaycanın iqtisadi gücünün, ordusunun möhkəmlənməsinin və insanların birliyinin nəticəsidir. Azərbaycanın iqtisadi cəhətdən güclənən dövlət olduğunu dünya görür. Bizim yüksək səviyyəli hərbi hazırlığa malik olan ordumuz var. Azərbaycan xalqı vətənin qorunmasında və torpağın mühafizəsində birdir. Ona görə də dünyanın bir çox ölkələri bu uğura sevinirlər”.
Deputat bildirib ki, əleyhimizə olan qüvvələr isə bizə qarşı kompaniya aparırlar:
“Onlar istəyirlər ki, Azərbaycanın zəfərinə kölgə salsınlar və Cənubi Qafqazda yenidən təhlükə ocağı yaratsınlar. Bunların isə heç bir əhəmiyyəti yoxdur. Çünki Azərbaycan Prezidenti beynəlxala normalara və hüquqlara əsaslanmaqla tədbirlər həyata keçirir. Heç bir beynəlxaq təşkilat Azərbaycanın mübarizəsinə irad tuta bilmir. Qazaxın 4 kəndinin geri qaytarılması həm Azərbayacanın, həm də Ermənistanın xeyrinədir. Amma daha çox ermənilər üçün vacibdir. Rəsmi İrəvan gördü ki, Azərbaycan öz gücü ilə bir neçə saat içərisində Ermənistanın bütün ərazilərini məhv etməyə qadirdir. Ancaq İlham Əliyev dəfələrlə çıxışlarında özgənin torpaqlarının bizə lazım olmadığını vurğulayıb. Sözügedən uğurlu nəticələrin davamı gələcək zamanda da olacaq. Şərqi Zəngəzur dəhlizi də mütləq açılacaq və Ermənistanla vəziyyət yaxşılaşacaq. Ermənistanın indiki düşdüyü vəziyyət həmin ölkəni və xalqı uçuruma aparır. Son günlər Nikol Paşinyanın xülyalara deyil də reallıqlara arxalanmaqla bağlı fikirləri çıx yaxşı haldır. Erməni xalqı özünə gəlməli və qonşu ölkələrlə əməkdaşlıq qurmalıdır. Azərbaycan müdrik rəhbərinə və güclü ordusuna görə çox xoşbəxt xalqdır”.