Tərəflər heç vaxt bir-birini rədd edəcək həddə münasibətləri korlamayıblar
Azərbaycan Prezidenti İlham Əliyevi 28 may - Dövlət Müstəqilliyi Günü münasibəti ilə təbrik edən dünya liderləri arasında ABŞ prezidenti Cozef Bayden də var. ABŞ rəhbərinin dövlət başçısı İlham Əliyevə göndərdiyi təbrik məktubunda vurğulanıb ki, Vaşinqton Bakı ilə ikitərəfli münasibətlərinə dəyər verir.
Həmçinin məktubda vurğulanıb ki, diplomatik əlaqələrin 30 ildən artıq bir dövründə enerji təhlükəsizliyi, regional təhlükəsizlik və terrorçuluqla mübarizə də daxil olmaqla birgə maraqlara söykənən tərəfdaşlıq qurulub: "Hər iki ölkəmiz Əfqanıstanda çiyin-çiyinə döyüşmüş və birlikdə Cənub Qaz Dəhlizini inkişaf etdirməklə regional enerji təhlükəsizliyi ilə bağlı çağırışlara sinə gərmişdir. Biz həmçinin Rusiyanın davam edən qəddar müharibəsi fonunda Azərbaycanın Ukraynaya göstərdiyi həyat əhəmiyyətli humanitar yardımı da yüksək qiymətləndiririk. Prezidentliyinizin beşinci müddətinin başladığı bir vaxtda, Amerika Birləşmiş Ştatları regional və qlobal məsələlərdə, o cümlədən iqlim dəyişikliyi və yaşıl enerjiyə keçid sahəsində qarşılıqlı əməkdaşlığımızı dərinləşdirməyə səy göstərəcəkdir. Biz Azərbaycanı demokratik idarəetməni gücləndirilməsi və bütün azərbaycanlıların insan hüquqları və fundamental azadlıqlarının qorunması üçün əsaslı addımlar atmağa dəvət edirik". Baydenin məktubunda eyni zamanda qeyd olunub ki, ABŞ noyabrda Bakıda keçiriləcək COP29 çərçivəsində iqlimlə bağlı birgə məqsədlərin irəlilədilməsini arzulayır və tədbirin uğurla keçirilməsində Azərbaycana dəstək verməyə hazırdır: "Azərbaycanın müstəqilliyinin qeyd edildiyi bu bayramda Amerika Birləşmiş Ştatları Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyinə dəstəyini bir daha təsdiq edir. Biz Azərbaycan və Ermənistanın davamlı və ləyaqətli sülhün təmin edilməsinə yönəlmiş addımlarını alqışlayırıq və bu səyləri dəstəkləməyə hazırıq. Ən əsası isə biz Azərbaycan xalqı ilə tərəfdaşlığımızı inkişaf etdirməyi və əlaqələri möhkəmləndirməyi arzulayırıq".
Politoloq Azər Qasımov "Sherg.az"a deyib ki, Azərbaycan-ABŞ münasibətləri enişli-çıxışlı olsa da, ikitərəfli dialoq pəncərəsi hər zaman açıq olub. Analitik vurğulayıb ki, tərəflər heç vaxt bir-birini rədd edəcək həddə münasibətləri korlamayıblar: "ABŞ Azərbaycana müstəqilliyin ilk illərində 907-ci düzəliş adı altında sanksiya tətbiq etsə də, hər il yardım edib, dəniz sərhədlərinin qorunması üçün katerlər verib. NATO çərçivəsində həm lojistik, həm də əsgəri əməkdaşlıqlar olub.
Azərbaycanın Qarabağ məsələsində ərazi bütövlüyü məsələsini həmişə qəbul edib. Təbii ki, ABŞ-nin müəyyən dairələrində Azərbaycana qarşı fəaliyyət olub, indi də var. Amma ümumilikdə ABŞ dövləti Azərbaycanla əməkdaşlıqda maraqlı olub. Azərbaycan Cənubi Qafqaz regionunun lider dövləti kimi ABŞ-nin maraq dairəsindədir. Hesab edirəm ki, Azərbaycan dövləti ABŞ-la əlaqələrində yeni mərhələyə qədəm qoymalıdır".