Şəhər yenidən salınır
“Bütün xocalılıların qısa müddətdə geri qayıdışını arzulayırıq və bunun üçün Azərbaycan hakimiyyətinə əlimizdən gələn dəstəyi verməliyik”
İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri davam etdirilir. Qarabağ və Şərqi Zəngəzur bölgəsində ilk növbədə müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır, daha sonra isə işğaldan azad edilmiş ərazilərə əhalinin köç prosesi başlayır. "Böyük Qayıdış"a dair birinci Dövlət Proqramının icrası çərçivəsində Xocalı şəhəri yenidən salınır. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Xocalıya ilk köç mayın 28-də, Dövlət Müstəqilliyi Günündə baş tutub. Xocalıya köç mayın 29-da həyata keçirilib. Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Xocalıya 24 ailə - 88 nəfər köçürülüb. Gələn ailələri Xankəndi, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məsul şəxsləri qarşılayıblar. Ailələrə ANAMA əməkdaşları tərəfindən mina təhlükəsizliyinə qarşı məlumatlar verilib, maarifləndirici bukletlər paylanılıb. Xocalı sakinlərinə evlərin açarları paylanılıb. İndiyədək isə Xocalıda 44 ailənin, 169 nəfərin daimi məskunlaşması təmin edilib. Doğma yurda qayıdan Xocalı sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər. Xocalıya dönən sakin Cəmilə Nəsibova deyib ki, doğma vətəninə qayıtdığı üçün sevincinin həddi-hüdudu yoxdur: "Allah Prezidentimizə cansağlığı versin. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Onlar bizə bu sevinci yaşadıb. Xocalıdan çıxanda 11 yaşım var idi, indi 43 yaşım var. Çox kövrək hisslər keçirirəm. Uzun illərin Vətən həsrəti sona çatır və biz artıq bundan sonra həyatımıza doğma torpağımızda davam edəcəyik". Digər sakin Rəsmiyyə Hüseynova da deyib ki, uzun illər həsrətini çəkdiyi doğma yurda geri qayıtdığı üçün sevincli və həyəcanlıdır: "Uzun illər həsrətini çəkdiyimiz doğma yurdumuza geri qayıdırıq". O qeyd edib ki, uzun illərin həsrətindən sonra doğma yurdunda yaşamağa getdiyi üçün sevincinin həddi-hüdudu yoxdur: "Allah Prezidentimizi var eləsin. Məhz onun rəhbərliyi sayəsində biz öz yurdumuza geri dönürük. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin". Afət Mustafayeva bildirib ki, 32 ildən sonra doğma vətəninə qayıdır: "Sevincimi sözlərlə ifadə etməkdə çətinlik çəkirəm". O qeyd edib ki, torpaqlarımızın işğaldan azad ediləcəyinə inanırdı: "Bu gün çox şadam. Bu hissləri bizə yaşadan Ali Baş Komandan, Prezident İlham Əliyev başda olmaqla ordumuza minnətdaram. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı arzulayıram". Xocalıya dönən sakin Məlahət Paşayeva keçirdiyi hisslərin sözlə ifadəsinin mümkün olmadığını söyləyib: "1992-ci ildə evimi, obamı tərk-etmişdim. Bu gün elə hisslər keçirirəm ki, sözlə ifadə etmək olmur. 30 yaşımda doğma torpağımı tərk etmişdim, gənc ailə idik. Bu gün artıq nəvələrimlə qayıdıram. Ali Baş Komandanımızın sayəsində yenidən doğma yurda qayıdırıq. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə cansağlığı versin".
Qeyd edək ki, Xocalı şəhərinin strateji mövqeyi onun iqtisadi potensialını daha da artırır. Xocalının Baş planı hazırlanarkən şəhərin nəqliyyat qovşağı və logistika mərkəzi kimi inkişaf etdirilməsi nəzərdə tutulub. Bu, Xocalı Beynəlxalq Hava Limanının, respublika əhəmiyyətli avtomobil yollarının və tezliklə çəkiləcək dəmir yolunun mövcudluğu ilə təmin ediləcək. Bu nəqliyyat infrastrukturu şəhəri regionun əsas tranzit mərkəzinə çevirəcək və iqtisadi fəaliyyətin sürətli inkişafına şərait yaradacaq. Şəhərin ətrafındakı zəngin kənd təsərrüfatı torpaqları, kiçik aqroparkların yaradılması və müxtəlif tikinti materialları istehsalı, yüngül sənaye və qida sənayesi obyektlərinin qurulması ilə şəhərin iqtisadiyyatı şaxələndiriləcək. Xocalının kənd təsərrüfatı potensialı yüksəkdir və bu sahədə inkişafla şəhər daxilində əhalinin məşğulluğunu artırmaq mümkündür. "Böyük Qayıdış" proqramı Xocalı şəhərinin və ətraf bölgələrin iqtisadi inkişafında əhəmiyyətli rol oynayacaq. Bu proqram çərçivəsində yeni infrastruktur layihələrinin həyata keçirilməsi, şəhərin sosial və iqtisadi infrastrukturlarının yenilənməsi və genişləndirilməsi nəzərdə tutulub. Bu, bölgədə yeni iş yerlərinin yaradılmasına, əhalinin yaşayış səviyyəsinin yüksəldilməsinə və regionun iqtisadiyyatının sürətlə böyüməsinə gətirib çıxaracaq. Xocalının yaxınlığında yerləşən Ağdam, Xankəndi və Şuşa şəhərlərinin inteqrasiyası regional iqtisadi inkişaf üçün vacibdir. Bu şəhərlərin bir-biri ilə əlaqəli inkişafı, bölgədə iqtisadi fəaliyyətlərin genişlənməsinə və yeni investisiyaların cəlb edilməsinə şərait yaradacaq. Xocalı şəhərinin inkişafında yaşıl enerji mənbələrindən istifadə və davamlı inkişaf prinsiplərinə önəm verilir. Bu istiqamətdə görüləcək işlər şəhərin ekoloji cəhətdən təmiz və yaşıl bir məkana çevrilməsini təmin edəcək. Xocalı şəhərinin iqtisadi inkişafı və Böyük Qayıdış proqramı çərçivəsində həyata keçirilən layihələr Azərbaycanın regional iqtisadiyyatına və ümumilikdə ölkə iqtisadiyyatına mühüm töhfə verəcək. Xocalının strateji mövqeyi, zəngin kənd təsərrüfatı potensialı və inkişaf etmiş nəqliyyat infrastrukturu, şəhərin dinamik və dayanıqlı inkişafını təmin edəcək.
Politoloq Abutalıb Səmədov "Sherg.az"a bildirib ki, Xocalı Azərbaycan tarixində mühüm yer tutan bir şəhərdir və son illərin ən böyük faciəsi bu şəhərdə yaşanıb. Ekspert bildirib ki, Xocalı ermənilərin vəhşicəsinə dinc insanları öldürdüyü, öz evlərindən, dədə-baba torpaqlarından didərgin saldığı günləri daim bizə xatırladır:
"Xocalı 44 günlük müharibədən sonra xüsusilə müxalifət tez-tez deyirdi ki, Xocalıya qayıtmaq istəyirlər. "Niyə Xocalı bizim nəzarətimizdə deyil" deyə car çəkirdilər. Amma indi danışmırlar. Etiraf etmək istəmirlər ki, Azərbaycan hakimiyyəti hər şeyi çox yüksək səviyyədə, çox müdrikliklə, uzaqgörənliklə təşkil etdi. Xocalı azad olundu, oranı zəbt etmiş ermənilər könüllü surətdə ərazilərimizdən getdilər. Ardınca Rusiya sülhməramlıları da çıxarıldı. Növbəti addım isə qısa müddətdə xocalılıların geri qayıtması idi ki, artıq bu da baş verməkdədir. Biz ilk növbədə Şuşanın, Xankəndi və Xocalının məskunlaşmasında, orada normal həyatın təmin olunmasında maraqlıyıq və maraqlı olmalıyıq. Azərbaycan Prezidenti bu istiqamətdə çox ciddi işlər görür. Hələ də geri qayıdacaqlarına ümid edən ermənilər var. Xocalının məskunlaşması və Xankəndidə görülən işlər onların ümidlərini tamamilə puç edir. Əminik ki, ermənilər bir daha Qarabağa qayıtmayacaqlar və qısa fasilələrlə törətdikləri təxribatlar bir daha baş verməyəcək. Xocalı bizim üçün çox dəyərlidir. Bütün xocalılıların qısa müddətdə geri qayıdışını arzulayırıq və bunun üçün Azərbaycan hakimiyyətinə əlimizdən gələn dəstəyi verməliyik. Yeri gələndə də minnətdarlıq etməyi də unutmamalıyıq".