ABŞ açıqladı: Türkiyə F-16-ların satış qəbul məktubunu imzaladı

ABŞ Dövlət Departamenti Türkiyənin ABŞ-dan F-16 döyüş təyyarələrinin alınması ilə bağlı təklif və qəbul məktubunu imzaladığını açıqlayıb.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller, "Türkiyə F-16-ların alınması üçün təklif və qəbul məktubunu imzaladı. Bu satış NATO ilə birgə əməliyyat qabiliyyətinə investisiyadır və ABŞ, Türkiyə və NATO-nun təhlükəsizlik maraqlarını dəstəkləyəcək. Bu satışın təsdiqlənməsi bir az zaman aldı" deyə bildirib. 

Proses çərçivəsində Türkiyənin ABŞ-dan 40 ədəd yeni "F-16 Block 70" döyüş təyyarəsi və mövcud donanmanın yenilənməsi üçün 79 ədəd F-16 modernizasiya dəsti alması planlaşdırılır.

Türkiyə İsveçin NATO üzvlüyünü təsdiqlədikdən sonra ABŞ administrasiyası Türkiyəyə 20 milyard dollarlıq F-16 qırıcılarının satışını dəstəklədiyini açıqlayıb və ABŞ prezidenti Co Bayden ABŞ Konqresini satışı təsdiqləməyə çağırıb.