“Paşinyan həm kilsə, həm də orduda təmizlik aparmasa, bu qüvvələr birləşib, Ermənistanda təxribatlara əl atacaqlar”
Azərbaycan Ordusunun Naxçıvan istiqamətində mövqeləri yenidən atəşə tutulub. Müdafiə Nazirliyinin məlumatına görə, iyunun 14-ü saat 07:15-də Ermənistan silahlı qüvvələri Naxçıvanın Şərur rayonu istiqamətində mövqelərimizi atıcı silahlardan atəşə tutublar. Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb. Xatırladaq ki, erməni silahlıları iyunun 12-də də Naxçıvan istiqamətində atəşkəsi pozmuşdular. İki aya yaxın idi ki, şərti sərthədlərdə heç bir təxribat törədilməmişdi. Lakin Ermənistan Baş naziri Nikol Paşinyanın sülhlə bağlı açıqlamalarından sonra erməni təxribatları yenidən başladı.
Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a bildirib ki, Ermənistan ordusunun Naxçıvan istiqamətində atəşkəsi pozması hökumətin sülh planına qarşıdır. Ekspertin sözlərinə görə, ötən gün Baş nazir Nikol Paşinyan sülh mətninin hazır olduğunu və bir ay ərzində sazişin bağlana biləcəyini qeyd etdi. Dərhal sonra Ermənistan silahlı qüvvələri sərhəddə təxribatlara əl atdı:
"Görünür, Ermənistan ordusunda sülhə qarşı olan qüvvələr var. Baş nazir orduda revanşist qurupu zərərləşdirə bilmir. Ümumiyyətlə, 30 ildir Ermənistan ordusunda generalitet Rusiyanın hərbi kəşfiyyatı ilə sıx bağlıdır. Proseslər göstərir ki, Ermənistan ordusunun Baş Qərargahı Paşinyanın sülh planına qarşıdır və hökumətin Azərbaycanla normal əlaqələr siyasətini dəstəkləmir. Bu qüvvələr təlimatı Rusiya Hərbi Baş Kəşfiyyatından alırlar. 30 il ərzində Azərbaycana qarşı işğalın arxasında hansı qüvvənin olduğu məlumdur. Paşinyan sülhdən danışanda həmin qüvvələr silahları işə salırlar".
Analitik vurğulayıb ki, Paşinyan həm kilsə, həm də orduda təmizlik aparmasa, bu qüvvələr birləşib, Ermənistanda təxribatlara əl atacaqlar: "Azərbaycanla sülh müqaviləsinin bağlanmasının qarşısını almağa çalışacaqlar. ABŞ Ermənistanda gedən prosesləri izləyir və hər həftə öz rəsmilərini İrəvana göndərir. Azərbaycanla Ermənistan arasında sülh danışıqları kövrəkdir. Əgər Paşinyan daxildə təhlükəsizliyi tam təmin edərsə, sülhə imza atacaq".