“İranda yeganə söz sahibi Xomenei və SEPAH-dır. Prezident seçilən şəxs isə dini rəhbərin təzyiqi və təlimatları əsasında işləyir"
Zərdüşt Əlizadə: “Siyasətdə, ən azı İranda etnik mənsubiyyətin, onların vəzifə sahibi olmasının heç bir əhəmiyyəti yoxdur. Ona qalsa, Xomenei də milliyətcə azərbaycanlıdır. İranda kifayət qədər azərbaycanlılar yüksək postlarda təmsil olunublar, bu gün də vəzifədə olanlar var. Amma bunlar İranda azərbaycanlıların mövcud vəziyyətinə müsbət təsir göstəribmi?”
Məlum olduğu kimi, İranda iyunun 28-də keçirilən prezident seçkisinin birinci turunda azərbaycanlı Məsud Pezeşkian ən çox (10,4 milyon) səs toplayıb. Onun ən yaxın rəqibi Səid Cəlili isə 9,4 milyon səslə ikinci olub. Onlar 5 iyulda ikinci turda mübarizə aparacaqlar. İran prezidentliyinə namizəd Məsud Pezeşkian seçkilərin ikinci turu ilə bağlı yaydığı bəyanatda Səid Cəlilini təcrübəsiz və təhlükəli adlandırıb. Pezeşkian birinci turda Cəliliyə səs verməyənlərə təşəkkür edib, onların bu hərəkətini qeyri-adi və təhlükəli ideyalara mənfi cavab kimi qiymətləndirib: “Fəlakətdən qaçıb özümüzü sığortalamalıyıq. Gəlin bir daha düşünək və baş verə biləcəklərin heç də zarafat olmadığını qəbul edək! Etibarsız, təcrübəsiz və təhlükəli insanlar İranı qəribə ideyaların ən böyük laboratoriyasına çevirə bilər”. Pezeşkian əlavə edib ki, qiymətlərin bahalaşması, qız və qadınlara qarşı münasibət, internetə məhdudiyyət səbəbindən günü-gündən sosial dəstəyi itirirlər. O, qeyri-farslar və qeyri-şiələrə qarşı ədalətsiz münasibətə də diqqət çəkib: “Bu, vətəndaşların hakimiyyətə qarşı inamsızlığına səbəb olur”. Azərbaycanlı namizəd 2022-ci ilin ümumi etiraz aksiyalarına da toxunub, etirazçılara qarşı münasibət və repressiyanı pisləyib: “Yanımızda olanların küçələrə axışıb mitinq keçirmələrinə haqq qazandırır, bizə etiraz edənlərin narazılıqlarını ifadə etməsini isə qanunsuz adlandırır, onları saxlayır və həbsxanalara salırıq”. M.Pezeşkian çıxışının sonunda hakim sistemdə təmsil olunan bir çoxlarını ölkəni qəfəsə çevirməkdə, bütün qapıları bağlamaqda və dünya ilə normal münasibətlər qura bilməməkdə günahlandırıb.
Politoloq Zərdüşt Əlizadə "Sherg.az"a açıqlamasında deyib ki, İranla bağlı danışarkən ilk növbədə ölkənin konstitusiyasına nəzər yetirmək lazımdır. Ekspertin sözlərinə görə, İran konstitusiyasına əsasən, ölkənin bir nömrəli rəhbəri "vilayəti fəqih" düsturuna uyğun olaraq Seyidəli Xameneidir:
"İranda prezident dini rəhbərin başçılığı altında bir növ icra hakimiyyətinin başçısı kimi gündəlik işlərlə məşğuldur. Digər məqam isə odur ki, siyasətdə, ən azı İranda etnik mənsubiyyətin, onların vəzifə sahibi olmasının heç bir əhəmiyyəti yoxdur. Ona qalsa, Xomenei də milliyətcə azərbaycanlıdır. İranda kifayət qədər azərbaycanlılar yüksək postlarda təmsil olunublar, bu gün də vəzifədə olanlar var. Amma bunlar İranda azərbaycanlıların mövcud vəziyyətinə müsbət təsir göstəribmi? Təbii ki, yox, heç bir nəticəsi olmayıb. Ona görə Məsud Pezeşkianın prezident seçilməsi belə vəziyəti dəyişməyəcək. Çünki Pezeşkianın müstəqil addım atmaq səlahiyyəti yoxdur və olmayacaq. Hakimyyətdə siyasi və iqtisadi maraqlar rol oynayır. Pezekşianın atasının azərbaycanlı olması, soydaşlarımızla bağlı danışması müəyyən kəsimi aldatmaq üçündür. Əslində, Pezeşkian İran konstitusiyasında azərbaycanlılarla bağlı mövcud olan qanunları sadalayır. Deyir ki, etniklərin ana dilində məktəbi olmalıdır, onların hüquqlarına hörmətlə yanaşılmalıdır və s. Bunları illərdir deyirlər, ancaq ortada nəticə yoxdur. Yenə deyirəm, İrana yeganə söz sahibi Xomenei və SEPAH-dır. İranda prezident seçilən şəxs isə dini rəhbərin təzyiqi və təlimatları əsasında işləyir".
Z.Əlizadə seçkinin nəticələri ilə bağlı proqnozunu da açıqlayıb: "Çox güman ki, Pezeşkian prezident seçilməyəcək. Böyük ehtimal İranın yeni prezidenti Səid Cəlili olacaq. Çünki həm ilk turdan əvvəl geri çəkilənlər, həm də ikinci tura keçə bilməyən namizədlər birbaşa Cəlilini dəstəkləyiblər. Deməli, onların tərəfdarları ikinci turda Səid Cəliliyə səs verəcəklər. Bu da imkan verəcək ki, Cəlili Pezeşkiandan önə keçsin və 13-14 milyon səs toplasın. Pezeşkianın səsi isə artmayacaq".
Analitik Azərbaycan-İran münasibətlərindən də bəhs edib: "İranın obyektiv dövlət maraqları Azərbaycanın dövlət maraqları ilə daha çox üst-üstə düşür. Ermənistan birmənalı şəkildə istiqamətini Qərbə götürüb. Bugünədək İranla yaxınlıq edən İrəvan hökuməti artıq öz hamilərini Qərbdə axtarır. Bu da Tehranı sevindirmir. Azərbaycan isə dəfələrlə vurğulayıb ki, bizim Avropa İttifaqına, NATO-ya girmək kimi bir hədəfimiz yoxdur. Ona görə hazırda Qərbə yönəlmiş Ermənistanla deyil, Azərbaycanla münasibətləri sıxlaşdırmaq İran üçün daha məqsədəuyğundur".