Əkiz tayını Tiktokda tapdı

Varlığından xəbəri belə olmayıb

  Gənc qadın əkiz tayını gözlənilmədən sosial şəbəkədə tapıb. “Sherg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, gürcüstanlı Elene Deisadze Tiktokda vaxt keçirərkən eynilə özünə bənzəyən, Anna Pançulidze adında birisini gördükdə çox təəccüblənib. Məlum olub ki, hər ikisi 19 yaşındadır. Bir-biriylə tanış olub, dostlaşıblar. Anna universitetdə ingilis dili təhsili alır, Elene isə psixologiya üzrə təhsilini bitirib. Gənc qızlar özləri haqqında bir-birinə danışmağa başlayıblar. Anna “bacı olduğumuzu ağlımıza belə gətirmirdik, çox yaxşı rəfiqə idik. Amma qəribədir ki, aramızda nəsə xüsusi bir bağlantı varmış kimi hiss edirdik”, söyləyib. Sonra qızlar valideynlərindən öyrənib ki, körpə ikən övladlığa götürülüblər. Bu isə körpələrin qanundankənar satışı ilə bağlı cinayətlərin üzə çıxmasına səbəb olub. Dəhşətli bir şəkildə insan alveri qurbanı olduqlarını öyrəniblər. Anna bununla bağlı “uşaqlığım qayğısız, şən keçib. Bu barədə pis bir söz deyə bilmərəm. Amma olanları düşündükcə, həyatımın bir yalana bağlı olduğunu görürəm və bu məni çox incidir”, deyib. Bacı olan rəfiqələr valideynlərindən gerçəyi duyduqdan sonra DNA müayinəsindən keçib və nəticə onların bir yumurtalıqdan doğan əkiz olduğunu təsdiqləyib. Zamanında onlar da qanundankənar satılan 10 minlərlə gürcü körpələrinin arasında olublar. Araşdırmalar bir çox valideynlərə “körpəniz doğuş zamanı tələf olub”, deyilərək körpələrinin başqalarına satıldığı gerçəyini ortaya çıxarıb. Yaxın qohumlarını, ailə üzvlərini axtaran ailələrin DNA testləri nəticəsində minlərlə insan doğma ailəsini tapıb. Məlum olub ki, zamanında minlərlə körpə “öldü” adı altında analarından oğurlanaraq satılıb. Araşdırma insan ticarətində iştirakı olan doğum evləri, övladlığa verilmə ilə məşğul olan quruluşların çirkin əməllərini üzə çıxarıb. Anna isə “məni böyüdən, mənə ailə olan insanları çox sevirəm. Onlara qarşı heç bir qəzəb hiss etmirəm. İndi doğma ailəmi, bacımı tapmağın xoşbəxtliyi içindəyəm”, söyləyib. Satılmış körpələrin üzə çıxması feysbukda insan ticarəti şəbəkəsiylə mücadilə aparan və doğmaların tapılmasına yardım edən sosial şəbəkə qrupuna rəhbərlik edən gürcü jurnalist Tamuna Museridzenin əməyidir. Qrupun 200 mindən artıq üzvü var. Onların arasında bu gün də körpələrini axtarmaqda davam edən analar da var.