Qərbi Azərbaycana Qayıdış: Kəsəmən kənd sakinlərinin həsrət görüşü 


6 iyul 2024-cü il tarixdə Qərbi Azərbaycan icmasının Basarkeçər rayonu Kəsəmən kənd sakinlərinin, xüsusən qadınlardan ibarət bir qrupunun Gədəbəy rayonunun Şirxan yaylağında görüşü keçirildi. Görüşdə kənd icra nümayəndəliyinin rəhbəri Nəvai Qurbanov, icra nümayəndəliyinin Elm və Ziyalılar şurasının sədri, fəlsəfə elmləri doktoru, birinci Qarabağ veteranı, beynəlxalq dərəcəli idman ustası Yəhya Abbasov, qadın işləri üzrə koordinator Səyyarə Məmmədli çıxış edərək "Qərbi Azərbaycana Qayıdış" proqramı çərçivəsində belə bir görüşün əhəmiyyətini vurğulamışlar. Qeyd edək ki, bu toplantı-görüş kəndin qadın sakinlərinin istəyi ilə olsa da, kənd icma rəhbərliyinin, xüsusən Yəhya Abbasovun təşkilatçılığı və maddi dəstəyi ilə baş tutmuşdu.

Tədbirə yüksək səviyyədə aparıcılıq edən Mehriban xanım Abbasova Kəsəmən kəndinin tarixi, ağsaqqalları, ziyalıları, Vətən şəhidləri, Vətən Müharibəsi qəhrəmanları haqqında ətraflı məlumat vermişdi.  Bakı, Gəncə, Şəmkir, Daşkəsən, Göygöl, Tovuz rayonlarında məskunlaşan Kəsəmən kənd əhalisinin bir qrupunun iştirakı ilə keçirilən tədbirdə əsas məsələ doğma Göyçə mahalına, öz dədə-baba torpaqlarına - Kəsəmən kəndinə qayıtmaq arzusu idi. Tədbirdə Kəsəmən kəndinin xanımları öz adətimizə uyğun olaraq dadlı-ləziz şirniyyətlərmizdən, qovud-qorğamızdan, əydək-fəsəli təamlarından da gətirmyi unutmamışdılar. 
Tədbirdə Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədr müavini, filologiya elmləri doktoru, professor Kəsəmən kənd sakini Almaz Ülvi Binnətova iştirak və çıxış edərək Kəsəmən kənd icmasının fəaliyyətinə uğurlar arzulamışdır.  
Vətən ətirli şeir və musiqi ilə müşayiət olunan bu görüş yüksək əhval-ruhiyyə ilə başa çatmışdır və hər kəsin bir arzu ilə ayrılmışdır: doğma kəndə - Göyçə mahalının Kəsəmən kəndinə qayıtmaq. 
Bu həsrət görüşün sonunda Kəsəmən kənd sakini, yazıçı-publisist Almaz Ülvi Binnətova müəllifi olduğu  "Göyçə mahalı - Kəsəmən kəndi: bir kəndin tarixindən səhifələr" və "Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri" adlı kitablarını kənd sakinlərinə hədiyyə etmişdir.