İqtisadi inkişaf sosial proqramları daha fəal icra etməyə stimul verir
Azərbaycan Prezidenti cənab İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə ölkənin iqtisadi inkişafı və sosial siyasətinə dair mühüm mesajlarla zəngin oldu. 2024-cü ilin iqtisadi nəticələrindən danışan ölkə başçısı dünyada baş verən proseslər fonunda inkişaf dinamikasını müsbət qiymətləndirdi. Ümumi daxili məhsulun 4 faizdən çox artımı, həqiqətən də, normal göstəricidir. Dünya iqtisadiyyatının artım tempində müşahidə olunan ləngimələrə, tənəzzülə nəzər saldıqda Azərbaycan iqtisadiyyatının inkişaf etdiyini əminliklə söyləyə bilərik.
Bizim hədəfimiz Ümumi Daxili Məhsulun həcmini 7 faizə qədər artırmaqdır. Bu məqsədlə sənaye istehsalının artırılması istiqamətində mühüm işlər həyata keçirilir. Prezidentin də qeyd etdiyi kimi, biz 2024-cü ildə iribüdcəli layihələr icra etməyimizə baxmayaraq, maliyyə vəziyyətimizi böyük dərəcədə yaxşılaşdıra, öz rezervlərimizi artıra bildik. İl ərzində valyuta ehtiyatlarımız təqribən 5 milyard dollardan çox artıb və indi bu rəqəm 72 milyard dollara bərabərdir. 10 milyon əhalisi olan bir ölkədə adambaşına düşən ehtiyatların həcminə görə biz dünyada aparıcı ölkələr sırasındayıq. Valyuta ehtiyatlarımızın xarici borcumuzu 14 dəfə üstələməsi iqtisadiyyatımızın dayanıqlılığından xəbəri verir. Əgər 5 il öncə xarici borcumuz ümumi daxili məhsulun təqribən 20 faizi həcmində idisə, bu gün bu cəmi 7.2 faizdir.
2025-ci ilin dövlət büdcəsinin fonunda Azərbaycanın iqtisadi və maliyyə imkanlarının aydın mənzərəsi təqdim olundu. Büdcə parametrlərinin hər bir ölkənin iqtisadi potensialını əks etdirdiyini önə çəkən Prezident bildirdi ki, bu ilin büdcəsi rekord səviyyədədir - büdcə xərcləri 41 milyard manatdan çoxdur, icmal büdcə isə 48 milyard manatı ötüb. Azərbaycan tarixində bu qədər böyük büdcə olmayıb. Azərbaycan yalnız daxili resurslar hesabına, şəffaflıq, idarəetmə və düzgün iqtisadi siyasət sayəsində bu nəticələrə nail olub. Hər bir ölkənin siyasi müstəqilliyi onun iqtisadi müstəqilliyindən asılıdır. İqtisadi və maliyyə məsələləri cəhətdən əgər heç kimdən asılı deyilsənsə, müstəqil siyasət apara bilərsən.
İqtisadi inkişaf sosial proqramları daha fəal icra etməyə stimul verir. Artıq icrasına başlanan növbəti sosial paket bunu bir daha təsdiqləyir. Dövlətimizin başçısı İlham Əliyevin sərəncamına uyğun olaraq bu il yanvarın 1-dən minimum əməkhaqqı 400, minimum pensiya 320 manata çatdırılıb. Prezident İlham Əliyev müsahibəsində bu reallığı xüsusi qeyd etdi ki, bu qədər böyük sərmayə qoyan və Qarabağın bərpası kimi qarşımızda böyük problemi olan ölkədə bu sahəyə də belə diqqət yetirmək, əlbəttə ki, siyasətimizin mahiyyətini göstərir. Yəni Azərbaycan vətəndaşları ildən-ilə daha yaxşı yaşamalıdırlar. İmkan yarandıqca, sosial sahə diqqətdə saxlanılır.
Azərbaycanın həm iqtisadi inkişafının, həm də beynəlxalq nüfuzunun əsas göstəricilərindən biri kimi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 sözügedən müsahibədə əsas diqqət göstərilən məsələlər sırasında oldu. Reallıq budur ki, COP29 böyük bir çağırış idi. “Yaşıl dünya naminə həmrəy olaq!” çağırışını edən Azərbaycan dünyanı Bakıya toplamaqla növbəti uğur hekayəsini yazdı. Azərbaycan hər zaman çoxtərəfliliyin tərəfdarı kimi tanınır. Yeni əməkdaşlıq formatlarının yaradılması, ölkələr arasında əməkdaşlıq körpülərin qurulması Azərbaycanın xarici siyasətinin əsas tərkib hissələrindən biridir. Dövlətimizin başçısı cənab İlham Əliyev müsahibəsində onu da vurğuladı ki, beynəlxalq təşkilatlarda fəaliyyət təcrübəsi və şaxələndirilmiş xarici siyasət ölkəmizə körpülər qurmaqda yardımçı olacaq. Bu reallıq da diqqətə çatdırıldı ki, COP-a ev sahibliyi etmiş heç bir ölkə bu dərəcədə müqavimətə rast gəlməmişdi. Lakin Azərbaycan bunun da öhdəsindən gələ bildi. Boykot uğursuz oldu. Baxmayaraq ki, bəzi ölkələr, xüsusilə də Fransa əlindən gələni edirdi ki, tədbiri gözdən salsın: “Həmkarlarımdan aldığım məlumata görə, Fransa prezidenti şəxsən onlara zəng edərək Bakıya getməməyi tövsiyə edirmiş. Yəni liderlərin buraya səfər etmələrinin qarşısını almaq üçün hətta belə vasitəyə də əl atılmışdır. Lakin bu da uğursuz oldu”. Prezident İlham Əliyev səksən dövlət və hökumət başçısının Bakıya səfərini Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirməsinin nümayişi kimi qeyd etdi. Bu tədbir Avropa Komissiyasının Prezidentinin iştirak etmədiyi ilk COP oldu. Halbuki onun iştirakı bir neçə ay əvvəl artıq təsdiq edilmişdi. Bu, COP29-un keçirilməsinə xələl gətirmədi, ancaq COP-a üzv olan tərəf kimi Avropa Komissiyasının iştirak etməməsi çoxsaylı suallar doğurur.
Dövlətimizin başçısının öz müsahibəsində səsləndirdiyi hər bir fikir gələcəyə yönələn çağırış idi. Qlobal problemlərin həllinə öz töhfələri ilə diqqətdə olan Azərbaycan bir çağırış da səsləndirdi ki, əgər hər bir ölkə öz daxili işləri ilə məşğul olsa, onda nə müharibə, nə münaqişə, nə qarşıdurma olacaq. Hərə öz sərhədləri çərçivəsində öz işi ilə məşğul olsun və başqa ölkələrin daxili işlərinə qarışmasın. Bəlkə də belə bir dünya fantastik görünür. Çünki tarixən imperialist qüvvələr “böl və hökm sür” prinsipi ilə yanaşmışlar, müstəmləkələri tamamilə idarə edərək onların bütün sərvətlərini oğurlayıb özləri üçün dövlətlər qurublar. Müstəmləkəçilik kimi iyrənc praktikaya son qoyulmalıdır. Ölkələrin suverenliyi toxunulmaz olmalı və qorunmalıdır, heç kim heç kimin işinə qarışmamalıdır. Azərbaycan buna nail ola bilib. Bu baxımdan Azərbaycanın yeni dünya nizamının formalaşmasına töhfəsi əhəmiyyətli olacaq.
Murtəza Həsənoğlu,
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının
Siyasi idarəetmə fakültəsinin dekanı, siyasi elmlər üzrə fəlsəfə doktoru