Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə yanvarın 13-də Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) işgüzar səfərə gedib.
Əbu-Dabinin Zayed Beynəlxalq Aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed qarşılayıb. İki ölkənin Prezidenti birgə nahar ediblər.
Politoloq Samir Hümbətov "Sherg.az"a söyləyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin BƏƏ-yə səfəri bu ölkənin təklifi ilə təşkil olunub:
"Səfərdə müzakirə ediləcək mövzular sırasında birinci növbədə iki dövlət arasında iqtisadi, siyasi, mədəni və turizm sahəsi və bununla bağlı sənədlərin imzalanması durur. Nəzərə almaq lazımdır ki, alternativ və bərpa olunan enerjiyə keçid prosesi ilə bağlı ciddi işlər aparılır. Hətta Azərbaycan, Gürcüstan, Ruminiya və Macarıstan arasında 4 tərəfli anlaşma da imzalanıb. Bunu həyata keçirmək üçün biz BƏƏ-nin təcrübəsindən istifadə edə bilərik. Həmçinin bu dövlətin "Masdar" şirkəti bu sahədə beynəlxalq səviyyədə qabaqcıldır. Digər tərəfdən Azərbaycanın kənd təsərrüfatı məhsullarının BƏƏ və ümumiyyətlə Ərəb ölkələrinin yerləşdiyi coğrafiyaya çıxarılması və iqtisadi əlaqələrin genişlənməsi istiqamətində yol xəritəsi konsepsiyası var. Üstəlik, ölkəmizin ticarət nümayəndəliyi olan 4 dövlətdən biri də BƏƏ-dir".
Politoloqun sözlərinə görə, İlham Əliyevin BƏƏ-yə səfəri çərçivəsində əlaqələrin dərinləşməsi istiqamətində ciddi addımların atılacağı gözlənilir:
"İki ölkə arasında qarşılıqlı turist axınları mövcuddur. Bununla yanaşı, COP29-un Azərbaycanda keçirilməsi və bu tədbir çərçivəsində BƏƏ ilə artan iqtisadi və siyasi əlaqələrdən sonra indiki səfər də əhəmiyyət kəsb edir. Ümumilikdə İlham Əliyevin BƏƏ-yə səfəri faydalı və məhsuldar olacaq. Bu da ölkəmizin çoxvektorlu xarici siyasət tendensiyasına tam uyğundur".