Şuşada daha böyük hədəflərin təməli qoyuldu - ANALİZ

“Qarabağ Bəyannaməsi”  bütün Türk dünyasının birliyini, həmrəyliyini təmin edəcək


Həftə sonu Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib. Türkdilli dövlətlərin qeyri-rəsmi Zirvə görüşündə iştirak edən rəsmilər  Azərbaycanın Qarabağ bölgəsinin rəmzi və incisi olan, türk xalqlarının birliyinin və həmrəyliyinin yeni rəmzi olan tarixi Şuşa şəhərində keçirilməsindən məmnun olduqlarını vurğulayıblar. İlk növbədə, Azərbaycan Respublikasının Prezidenti, hörmətli İlham Heydər oğlu Əliyevə ənənəvi qonaqpərvərliyə və yüksək səviyyəli hazırlığa görə dərin minnətdarlığlarını ifadə ediblər. Görüşun sonunda “Qarabağ Bəyannamə”si imzalanıb.

 Türk Dövlətləri Təşkilatının Şuşada keçirilən qeyri-rəsmi zirvə görüşü Türk dünyasının əsas lokamativi kimi Azərbaycanın nüfuzunu daha da möhkəmləndirib. Şuşa zirvəsi Azərbaycanın xarici siyasətində xüsusi önəm verdiyi - Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi baxımından növbəti mərhələ kimi tarixə düşdü.
Türk dünyasının mədəniyyət paytaxtından verilən mesajlardan aydın oldu ki, təşkilata üzv ölkələr TDT-nin dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməsində maraqlıdır. Prezident İlham Əliyevin zirvə görüşündə bəyan etdiyi kimi, biz böyük coğrafi məkanı əhatə edirik, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensialımız döyüş meydanlarında özünü dəfələrlə göstərib. Zəngin təbii resurslarımız, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tariximiz, mədəniyyətimiz bizim böyük sərvətimizdir. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır. Bu istiqamətdə bütün üzv ölkələr imkanları düzgün dəyərləndirmək və konkret addımlar atmaq niyyətini bir daha ortaya qoydu.
Yeri gəlmişkən, Azərbaycanın katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində vəsait köçürməsi nəzərdə tutulan hədəflərin reallaşdırılmasına təkan olacaq. Zirvə görüşündə imzalanan tarixi “Qarabağ Bəyannaməsi” ilə Türk Dünyasının inkişafının yeni yol xəritəsi müəyyənləşdi. Qarşıdakı dövrdə təşkilat öz fəaliyyətini Qarabağ bəyannaməsinin müddəllarında əks olunan istiqamətlər əsasında davam etdirəcək.
Qeyd edək ki, Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Macarıstanın Baş naziri Viktor Orban, Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev  iştirak ediblər. 
TDT dövlət başçılarının Şuşada qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi ilə bağlı qərar isə  ötən ilin noyabrında Astanada - TDT-nin “Türk Əsri” çağırışı altında keçirilən 10-cu yubiley Zirvə görüşündə verilib. Prezident İlham Əliyev də bu il iyunun 6-da TÜRKPA nümayəndələri ilə görüşündə bildirmişdi ki, onun təşəbbüsü ilə bir aydan sonra Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. Dövlət başçısı xüsusi vurğulayıb ki, ildə bir dəfə Zirvə görüşünün keçirilməsi kifayət etmir. Eyni mövqeni Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da səsləndirib: “Türk Dövlətləri Təşkilatındakı birliyimizin daha da güclənməsi üçün fəaliyyətimizi davam etdiririk. Təşkilatımızın növbədənkənar Zirvə Toplantısının iyul ayında Türk dünyasının mədəniyyət paytaxtlarından olan Şuşada keçirilməsindən məmnunluq hissi keçirdiyimi xüsusi qeyd etmək istəyirəm”. 


Şuşa Sammitinin əhəmiyyətin şərh edən Azərbaycan Həmrəylik Komitəsinin sədri, politoloq  Əlisahib Hüseynov “Sherg.az”a açıqlamasına görə, “Qarabağ Bəyannaməsi”nin imzalanması bütün Türk dünyası üçün yeni dönəmin başlanmasının rəsmi təsdiqi deməkdir: 

“35 il öncə ikiqütblü dünyanın varlığına son qoyulmuş və onun yerinə ABŞ-ın liderliyi, hegemonluğu ilə təkqütblü dünya nizamı gəlmişdi. Berlin divarının sökülməsi ilə demokratik Qərb və kommunist Şərq arasında qarşıdurmaya son qoyulmuşdu. Lakin Berlin divarının sökülməsindən 35 il sonra Rusiya-Ukrayna müharibəsi fonunda, dünya yenidən geosiyasi qütbləşmə, ideoloji düşərgələşmə yolunu tutub. Belə ki, indi təkqütblü dünya nizamı çoxqütblü dünya düzəni ilə əvəz olunmaqdadır. ABŞ-ın liderlik etdiyi kollektiv Qərbin alternativi olaraq Çin və Rusiyanın əsas aparıcı rol oynadığı Qlobal Cənub qütbü sürətlə önə çıxmaqdadır. Bu iki qütbün hal-hazırda Ukrayna üzərindən bir-birilə gərgin mübarizə aparması kontekstində indi dünyanın yeni güc mərkəzlərinin ortaya çıxmasına ciddi ehtiyacı var. Türk Dövlətləri Təşkilatı (TDT) məhz bu yeni güc mərkəzlərindən biri kimi çıxış etmək potensialına malikdir. Prezident İlham Əliyevin təşəbbüsü ilə ötən gün Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi və bu görüşünün yekununda liderlər tərəfindən “Qarabağ Bəyannaməsi”nin imzalanması Türk dünyasının əsas birləşdirici qurumu olan TDT-nin yeni hədəflərini ortaya qoymuş oldu. “Qarabağ Bəyannaməsi”nin imzalanması bütün Türk dünyası üçün yeni dönəmin başlanmasının rəsmi təsdiqi deməkdir. Göründüyü kimi ortada türk dövlətlərinin və türk liderlərinin güclü siyasi iradəsi var. “Qarabağ Bəyannaməsi”nin imzalanması türk dövlətlərinin birliyini və inkişafını sürətləndirmək üçün daha dərin inteqrasiyaya yol açır”. 

Ə. Hüseynovun sözlərinə görə, Türk dünyasının birləşməsi və daha sıx inteqrasiyaya getməsi, böyük güc mərkəzi kimi formalaşması günün tələbidir və bu prosesdə Azərbaycan hazırda aparıcı rol oynayır: 

“ Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Şuşa Zirvəsində çıxışında qeyd etdiyi kimi Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə böyük səylər göstərib. Bu gün türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, Türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir. Şuşa Zirvəsi isə Türk Dövlətləri Təşkilatının dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməsi istiqamətində yeni səhifə açır.  Dövlətimizin başçısı Türk Dövlətləri Təşkilatının gələcəyi barədə danışarkən Azərbaycanın mövqeyini bu qədər açıq və birmənalı şəkildə bəyan etdi: “Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir. Biz böyük coğrafi məkanı əhatə edirik, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensialımız döyüş meydanlarında özünü dəfələrlə göstərmişdir. Zəngin təbii resurslarımız, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tariximiz, mədəniyyətimiz bizim böyük sərvətimizdir. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır”.
Biz bu sitatın əvvəlindəki və sonundakı fikirlərə xüsusilə diqqət yetirməliyik. Bəli, Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir və XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır”.

Politoloq həmçinin qeyd edib ki, İlham Əliyevin bu mesajı bütün Türk dünyası üçün “yol xəritəsi”dir. Hər bir türk dövləti bu yolda öz töhfəsini verməlidir: “ Şuşa Zirvəsində imzalanmış “Qarabağ Bəyannaməsi”ni və qəbul edilmiş digər qərarları isə bu istiqamətdə səylərimizi birləşdirmək üçün etibarlı təməl hesab etmək olar. 

“Şuşa Bəyannaməsi” Türkiyə ilə Azərbaycanın birliyinin nümayişi idisə, “Qarabağ Bəyannaməsi” isə bütün Türk dünyasının birliyini, həmrəyliyini təmin edəcək. Eyni zamanda, “Qarabağ Bəyannaməsi” TDT-nın beynəlxalq nüfuzunu daha da gücləndirəcək.  Bir sözlə, Şuşada keçirilən ilk qeyri-rəsmi Türk Zirvəsi daha böyük hədəflərin təməlini qoydu. Şuşa Zirvəsi Türk Dövlətləri Təşkilatının qlobal güc mərkəzlərindən birinə çevrilməsinə təkan verəcək. Şuşanın özü isə belə mötəbər beynəlxalq toplantıya ev sahibliyi etməklə bu şəhərin Türk şəhəri olduğunu bir daha bütün dünyaya sərgiləmiş oldu. Şuşanın bütün Türk Dünyasını birləşdirən şəhərə çevrilməsi hər birimizi qürurlandırır”.