Millət vəkilinin təklifi müzakirə olunmalıdır
“Bu, mühüm qələbənin qeyd olunmasının bir simvolu kimi çıxış edə bilər. Belə bir qərar, cəmiyyətdə birlik və həmrəylik hissini daha da gücləndirə, həm də ölkənin tarixi nailiyyətlərini vurğulaya bilər”
“Amnistiya aktları adətən milli bayramlar və mühüm tarixi hadisələr münasibətilə, cəmiyyətdə həmrəyliyi daha da gücləndirmək üçün qəbul edilir. Bununla yanaşı, belə qərarlar bir sıra hüquqi, sosial və siyasi amillərə əsaslanır”.
Bu fikirləri “Sherg.az"a açıqlamasında Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev deyib. Xatırladaq ki, Ədalət, Hüquq, Demokratiya Partiyasının sədri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin ilk iclasında Amnistiya aktının qəbul olunmasını təklif edib və təklifini belə əsaslandırıb: “Biz müstəqillik əldə edəndən sonra ilk dəfə 20 sentyabrda dövlət suverenliyi gününü qeyd elədik-həmin gün münasibətilə və Zəfər Bayramına qədər ölkəmizdə milli həmrəyliyə nail olmaq, həmrəyliyimizi daha da gücləndirmək üçün bir amnistiya aktı qəbul olunsun. Və bu Amnistiya aktı dövlət və şəxsiyyət əleyhinə xüsusilə ağır cinayətlər törətmiş şəxslər istisna olunmaqla digər şəxslərə şamil olunsun. Düşünürəm ki, COP29 ərəfəsində belə bir aktın qəbul olunması da ölkəmizin və dövlətimizin maraqlarına cavab vermiş olar, humanist bir addım kimi həm də həmin şəxslərin tərbiyələnməsinə, yenidən cinayətlər törətməməsinə də bir töhfə vermiş olar”.
Ə.Nuriyev “Sherg.az"a açıqlamasında bildirdi ki, millət vəkili Qüdrət Həsənquliyevin Zəfər Günü ilə bağlı Amnistiya aktının qəbul edilməsi təklifi xüsusi əhəmiyyət daşıyır və bir neçə aspektdən müzakirə olunmalıdır:
- 8 Noyabr - Zəfər Günü, Azərbaycanın 2020-ci ildə Qarabağ müharibəsində əldə etdiyi böyük qələbənin rəmzidir və bu tarix ölkənin müstəqilliyi və ərazi bütövlüyü üçün çox böyük əhəmiyyət daşıyır. Bu kontekstdə Amnistiya aktının qəbul edilməsi, bu mühüm qələbənin qeyd olunmasının bir simvolu kimi çıxış edə bilər. Belə bir qərar, cəmiyyətdə birlik və həmrəylik hissini daha da gücləndirə, həm də ölkənin tarixi nailiyyətlərini vurğulaya bilər. Amnistiya aktları, cəmiyyətin daha həssas təbəqələrinin, xüsusilə də azadlıqdan məhrum olan və hüquqi cəzalarla üzləşən insanların reabilitasiyası üçün bir vasitə ola bilər. Bu addım, müəyyən kateqoriyalar üzrə məhkumların cəzalarının yüngülləşdirilməsi və ya azadlığa buraxılması vasitəsilə cəmiyyətdəki sosial gərginliyi azalda bilər. Zəfər Günü ilə bağlı belə bir akt, ölkənin yeni mərhələyə keçdiyi bir vaxtda cəmiyyətin bir araya gəlməsi üçün motivasiya yarada bilər. Amnistiya aktları, tez-tez humanitar məqsədlərlə qəbul olunur və müəyyən sosial qrupların reabilitasiyasına kömək edir. Xüsusilə, daha az ağır cinayətlərə görə məhkum olunmuş şəxslərin, qadınların, yaşlıların və yetkinlik yaşına çatmamışların azad olunması mümkün ola bilər. Bu humanitar addım, cəmiyyətdə ədalətin bərpası və fərdlərin yenidən cəmiyyətə inteqrasiyasını təşviq etmək məqsədi daşıyır. Belə bir akt cəmiyyətə mülayimlik, ədalət və humanizm prinsiplərinin təbliğ olunduğunu göstərə bilər. Bu həm də hüquqi sistemin humanitar tərəfinin gücləndirilməsi kimi qəbul oluna bilər. Azərbaycan xalqının həmrəyliyini və millətin vahidliyini vurğulamaq məqsədilə belə bir qərarın qəbul edilməsi müsbət bir addım kimi qiymətləndirilə bilər.
Ə.Nuriyev bildirdi ki, 2023-cü iln sentyabrında antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazisi üzərində dövlətimizin suverenliyi tam bərpa edilib:
- Sonuncu dəfə Amnistiya aktınınsa 2021-ci ildə qəbul olundugunu nəzərə alaraq Milli Məclis tərəfindən Amnistiya aktının qəbul edilməsi məqsədəuygun olardı. Cəmiyyətin humanitar ehtiyaclarını, sosial problemləri və məhkumların reabilitasiya prosesini təşviq etmək üçün belə bir aktın qəbul edilməsi faydalı ola bilər.