Depressiya və stress halları artıb

Bu halı yaşayan insanlarda enerji itkisi, yuxu və iştahanın dəyişməsi və intihar düşüncələri ola bilər


  Getdikcə daha çox insan əhvali-ruhiyyəsinin pisləşməsindən, çarəsizlikdən və depressiyanın digər simptomlarından şikayətlənir.
Böyük Britaniyada yerləşən Milli Statistika İdarəsinin son sorğu rəqəmləri göstərir ki, hər altı nəfərdən biri orta və ya ağır depressiv simptomlar yaşayır. Bu, əvvəlki üç illə müqayisədə 60 faiz çoxdur.
Bu dəhşətli artıma COVID-19 pandemiyası zamanı baş verən qapanma və bundan irəli gələn həyat tərzi dəyişikliklərinin səbəb olduğu düşünülür. Alimlər bütün bunların zehni təzyiqi və stressi pik həddə çatdırdığını bildirirlər.
  Ümumdünya Səhiyyə Təşkilatının ekspertlərinin proqnozunda isə bildirilib ki, gələcəkdə depressiya əmək qabiliyyətinin pozulmasının əsas səbəblərindən biri olacaq və say etibarilə onkoloji xəstəlikləri üstələyəcək.
Qeyd edək ki, beynəlxalq ekspertlər depressiyadan əziyyət çəkən insanların sayının sürətlə artmasına səbəb kimi depressiyanın soyuqdəymə və ya qrip kimi yoluxucu bir xəstəlik olduğu iddiasını irəli sürürlər.
  Finlandiya psixoloqları bu fikri “JAMA Psychiatry” jurnalındakı məqalələrində qeyd edib. Helsinki Universitetinin psixologiya üzrə dosenti Kristian Hakulinenin rəhbərlik etdiyi komanda yeni araşdırma aparıb. Araşdırma çərçivəsində 16 yaşından başlayaraq 11 il ərzində 700 mindən çox uşağın sağlamlıq qeydləri izlənilib.
Təhlillər müəyyən edib ki, əgər sinifdəki şagirdlərdən birində əhəmiyyətli depressiya əlamətləri varsa, onun sinif yoldaşlarının eyni xəstəlikdən əziyyət çəkmə ehtimalı ən azı 9 faiz artır. 11 illik araşdırma dövründə birdən çox sinif yoldaşı depressiyadan əziyyət çəkən şagirdlərə oxşar diaqnoz qoyulma riskinin ən azı 18 faiz yüksək olduğu müəyyənləşib.
  Araşdırmaçılar yekun nəticəyə gələrkən gəlir səviyyəsi kimi əhvali-ruhiyyəyə birbaşa təsir edə biləcək faktorları nəzərə alıblar. Qeyd edək ki, əvvəlki araşdırmalar da depressiyanın yoluxucu ola biləcəyini irəli sürüb.
  Psixoloq Təhminə Əliyevanın “Sherg.az"a açıqlamasına görə, depressiya son dövrlər ən geniş yayılan psixoloji problemlərdən biridir: “Depressiya çox vaxt uzunmüddətli kədər, ümidsizlik və dəyərsizlik hissi kimi təsvir edilən psixi sağlamlıq vəziyyətidir. Bu halı yaşayan insanlarda enerji itkisi, yuxu və iştahanın dəyişməsi, konsentrasiyada çətinlik və intihar düşüncələri ola bilər. Depressiya zamanı artıq yemək və ya iştahsızlıq yuxuya getməkdə çətinlik, tez-tez oyanma və ya həddindən artıq yuxu kimi hallarda olur.
Son zamanlar bütün dünyada, xüsusilə də pandemiya sonrası insanlar arasında depressiya və stress halları artıb.
  COVID-19 pandemiyası yalnız fiziki sağlamlıq problemlərinə səbəb olmaqla qalmadı, eyni zamanda bir çox insanda ciddi psixoloji problemlərə də yol açdı. Depressiya, bu dövrdə ortaya çıxan əsas psixoloji təsirlərdən biridir. Depressiyada olan insanlar durğun olurlar, alçaq səslə, yavaş və az danışırlar. Kədərli və ağrılıdırlar. Tez-tez ağlayırlar və narahatdırlar. Əvvəllər həvəslə gördükləri işlərə qarşı maraqsız və istəksizdirlər. Düşüncələr nisbətən yavaşlamışdır. Belə olan insanın çarəsiz və ümidsiz olduğuna dair düşüncələri vardır”.
Depressiyanın yoluxucu olması məsələsinə gəldikdə isə psixoloq deyib ki, depressiya viruslar kimi birbaşa keçici deyil. Lakin duyğu və emosiyalar keçicidir: “Ətrafında depressiv insanlar olan, yaxınları intihar edən şəxslərin intihar düşüncələri yüksək olur.Tədqiqatlar göstərir ki, sosial problemlər, təbii fəlakətlər və toplumsal yaslar depressiv duyğular hissetmə ehtimalını çoxaldır.
  Sosial şəbəkələrdə davamlı neqativ məlumatlar oxumaq, neqativ duyğular hiss etməyə səbəb olur. Yəni neqativ duyğular yoluxucudur və depressiya yaşama ehtimalını artıra bilir”.