Obama Harrisi dəstəkləmədi: "Önümüzdəki günlərdə naməlum sularda üzəcəyik"

Bayden qərarından sonra keçmiş ABŞ prezidentlərindən açıqlama! Harrisə dəstək varmı?

ABŞ-ın keçmiş prezidentləri Barak Obama və Bill Klinton prezident Co Baydenin seçki yarışından geri çəkilməsi ilə bağlı açıqlama veriblər.
Sherg.az xəbər verir ki, Bill Klinton və həyat yoldaşı Hillari Klinton verdikləri yazılı açıqlamada, prezidentliyi dövründə böyük uğurlar qazandığını bildirən Baydenə təşəkkür ediblər.

Respublikaçılar Partiyasının namizədi Donald Trampın yenidən prezident seçilməsi ehtimalının dərin narahatlıq doğurduğunu bildirən Klinton cütlüyü ABŞ-ın vitse-prezidenti Kamala Harrisi tam dəstəklədiklərini bildiriblər.

ABŞ-nin keçmiş prezidenti Barak Obama verdiyi yazılı açıqlamada Baydenin ABŞ tarixinin ən mühüm prezidentlərindən biri olduğunu bildirib.

Obama, Baydenin 4 ilə yaxındır ölkəni Donald Trampın prezidentliyindən “qoruduğunu” qiymətləndirərək, Baydenin bu seçkidə də risklərin fərqində olduğunu bildirib.

Açıqlamasında Harrisin namizədliyini açıq şəkildə dəstəkləməyən Obama, "Önümüzdəki günlərdə bir qədər naməlum sularda üzəcəyik, amma partiya liderlərimizə tam güvənirəm" deyə mesajını verib.