İndiyə qədər həyata keçirdikləri əməliyyatlar da bunu deməyə əsas verir
İran HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin qətlinə cavab olaraq İsrailə qarşı xüsusi əməliyyatlar keçirmək niyyətindədir. Bu barədə İranın BMT-dəki missiyasının bəyanatında bildirilib. Bəyanatda qeyd olunub ki, qətlə cavab olaraq daha sərt və günahkarlarda dərin təəssüf hissi yaratmağa yönəlmiş xüsusi əməliyyatlar olacaq. İranın ali dini lideri Əli Xamenei də Haniyənin Tehranda öldürülməsinə cavab olaraq İsrailə birbaşa zərbə endirmək əmri verib. Xatırladaq ki, İsmayıl Haniyə İranın yeni Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehrana getmişdi. Haniyənin Tehrandakı iqamətgahı raket hücumuna məruz qalıb və nəticədə o, həyatını itirib. Hücum Haniyənin Pezeşkianın andiçmə mərasimində iştirakından sonra baş verib. Fələstin Prezidenti Mahmud Abbas İsmayıl Haniyəyə yönəlmiş sui-qəsdi qorxaq və təhlükəli addım kimi dəyərləndirib. Abbas Fələstin xalqını İsrail işğalına qarşı dirəniş göstərməyə və birlik olmağa çağırıb.
Netanyahu meydan oxudu: "Qanı başına bulaşacaq..."
İsrailin Baş naziri Benyamin Netanyahu HƏMAS-ın siyasi lideri İsmayıl Haniyə və Hizbullah komandiri Fuad Şükrün ölümündən sonra xalqa müraciət edib. Baş nazirin sözlərinə görə, İsrail çətin günlər yaşayır, amma istənilən ssenariyə hazırdır: "Üç həftə əvvəl HƏMAS-ın hərbi lideri Məhəmməd Deyfə hücum etdik. İki həftə əvvəl Husilərə hücum etdik, bu, Hərbi Hava Qüvvələrinin həyata keçirdiyi ən uzaq hücumlardan biri idi. Dünən Hizbullahın hərbi lideri Fuad Şükrə hücum etdik". Netanyahu bildirib ki, İsrail çətin günlər yaşayır: "Eyni zamanda İsrail Livan Hizbullahından təhdidlər alır. Bunlar çətin günlərdir. Beyrutdan təhdidlər gəlir. İstənilən ssenariyə hazırıq. Bizə zərər verənlər, uşaqlarımızı və vətəndaşlarımızı öldürən hər kəslə hesablaşacağıq. Millətimizə zərər verənin qanı onun başına bulaşacaq".
İsrail kəşfiyyatı Haniyəni vatsapla izləyib
İsrail kəşfiyyatı HƏMAS lideri İsmayıl Haniyəni vatsap vasitəsilə izləyib. Livanlı jurnalist Eliya Manenin iddiasına görə, İsrail kəşfiyyatı vatsap mesajı vasitəsilə Haniyənin telefonuna casus proqram quraşdırıb. Casus proqram HƏMAS liderinin yerləşdiyi evin dəqiq yerini aşkarlamağa və ona pilotsuz təyyarədən raket zərbəsi endirməyə imkan verib.
Moskva İsmayıl Haniyənin öldürülməsini qəti şəkildə qınayıb. Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirib ki, bu, İranı regional konfrontasiyaya cəlb etmək üçün atılmış provokativ addımdır.
Quterreş açıqladı: Haniyənin qətli və Beyruta zərbələr...
BMT-nin Baş katibi Antonio Quterreş hesab edir ki, İranda HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsi, həmçinin İsrailin Beyruta endirdiyi zərbələr Yaxın Şərq regionunda vəziyyətin təhlükəli eskalasiyasını özündə ehtiva edir. Livanın xarici işlər naziri vəzifəsini icra edən Abdullah Bou Həbib də deyib ki, İsrailin təcavüzkar siyasəti böyük regional müharibəni yaxınlaşdırır və diplomatik həll səylərini baltalayır.
AB-dən Haniyənin qətli ilə bağlı açıqlama...
Avropa Birliyi (AB) vurğulayıb ki, Yaxın Şərqdə eskalasiyanın heç kimə faydası yoxdur. AB-nin Xarici Siyasət Xidmətinin nümayəndəsi Piter Stano HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda qətlə yetirilməsini şərh edərkən deyib: "AB prinsipial mövqe tutaraq, eləcə də beynəlxalq cinayət məhkəməsi sahəsində qanunun aliliyini dəstəkləyir".
İsrail Haniyənin 12 qohumunu qətlə yetirib
İsrail Qəzza zolağında HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin övladları və nəvələri də daxil olmaqla, 12 qohumunu qətlə yetirib. İranın Rusiyadakı səfiri Kazım Cəlali deyib ki, terror aktları Fələstin xalqının işğal olunmuş torpaqlarını azad etmək əzminə təsir etməyəcək.
Blinken İrandan İsrailə cavab verməməsini xahiş edib
ABŞ dövlət katibi Antoni Blinken Qətər vasitəsilə İrandan HƏMAS lideri İsmayıl Haniyənin qətlinə cavab verməməsini xahiş edib. Qeyd olunub ki, o, xahişini Qətər vasitəsilə rəsmi Tehrana çatdırıb. Blinken Qətər hökumətinin başçısı və XİN rəhbəri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani ilə söhbət edib. O, İran hökumətinə və Livandakı "Hizbullah" hərəkatının nümayəndələrinə mesaj çatdırıb.
Qətər şeyxi xahişi çatdıracağına söz verib.
"İsrailin İranda daha geniş casus şəbəkəsi mövcuddur"
Siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a deyib ki, İsmayıl Haniyənin öldürülməsi HƏMAS-ın siyasi qanadının sıradan çıxarılması mərhələsinin başlanması deməkdir. Ekspertin fikrincə, əsas hədəfi HƏMAS-ı yox etmək olan İsrail Qəzzada tamamilə buna nail ola bilməz:
"Qruplaşmanın hərbi qanadı üzərində uğur qazansa belə, HƏMAS məsələsini bitimək üçün onun siyasi rəhbərliyi də aradan qaldırılmalıdır. Haniyənin ölümünə qədər bu çətin görünürdü. Çünki Qəzzadan kənarda olan HƏMAS-ın siyasi rəhbərliyi Qətərdə mənzillənmişdi və kifayət qədər yaxşı qorunurdu. Haniyə Qətəri tərk etdikdən sonra Tehranda öldürüldü və bu amil birdən çox açıq sual yaradır. Haniyənin Pezeşkianın inauqurasiyası zamanı öldürülməsinin İran-Qərb təmaslarını baltalamaq məqsədi daşıdığı versiyası real görünür. Bu, İsrailin marağındadır. Hərçənd, Haniyənin Qətərdə yox, məhz İranda açıq hədəf olmasının da burada rol oynadığı istisna edilməməlidir. Bunun iki mümkün səbəbi ola bilər. Birincisi, İsrailin İranda daha geniş casus şəbəkəsi mövcuddur. İndiyə qədər həyata keçirdikləri əməliyyatlar da bunu deməyə əsas verir. İkincisi, Haniyəni İsrailə İranın özü, yaxud rejim daxilindəki qüvvələr qurban verib".
"Haniyənin ölümündə İranın əlinin olmadığı fikri ön plana çıxa bilər"
Analitik hesab edir ki, ikinci versiya birinci ilə müqayisədə daha zəifdir: "HƏMAS liderinin İranda, məhz prezidentin inauqurasiya mərasimində iştirak məqsədilə səfəri zamanı öldürülməsi bu ölkənin təhlükəsizlik imicini alt-üst edir. Həm də Pezeşkianı daha sərt siyasi xətt izləməyə məcbur edəcək. Bu baxımdan, Haniyənin ölümündə İranın əlinin olmadığı fikri ön plana çıxa bilər. Lakin bu, şübhələri aradan qaldırmır. Pezeşkianın Qərblə normallaşma siyasətinə təkcə İsrail yox, İran daxilindəki qüvvələr də “isti yanaşmır”. Haniyəni qurban verənlərin daxili qüvvələr olması da istisna edilməməlidir. Qəzza müharibəsinin başlanmasına zəmin yaradan HƏMAS-ın “7 oktyabr” hücumunun İran tərəfindən təşviq edildiyi ehtimalları kifayət qədərdir. Bu hücum İsrailə Qəzzanı bombalamağa - HƏMAS-ın hərbi qanadını məhv etməyə imkan yaratdı; “indi siyasi qanadın sıradan çıxarılmasında İran İsrailə yenidən “pas ötürür?” sualı önə çıxır".