Azərbaycan tərəfi İranı da əhatə edəcək böyük beynəlxalq nəqliyyat qovşağından hamının qazanacağını bəyan edir
Tehranda Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşdə İranın ali rəhbəri Əli Xameneinin Zəngəzur dəhlizi və ermənilərlə bağlı açıqlamaları Azərbaycan ictimaiyyətini hiddətləndirib. Xomenei iddia edib ki, Zəngəzur dəhlizi" ideyası Ermənistanın maraqlarına cavab vermir. O, Ermənistanın ərazi bütövlüyünün vacibliyini də vurğulayıb və qeyd edib ki, İran-Ermənistan münasibətləri digər ölkələrin siyasətindən asılı olmayaraq qarşılıqlı maraqlar əsasında inkişaf edəcək. Həmçinin Xomenei əlavə edib ki, xarici dövlətlər qonşu ölkələr arasındakı münasibətlərə müdaxilə etməməlidirlər. Ermənistan baş naziri isə bildirib ki, ölkəsinin daxilindən keçən heç bir transregional marşrutu qəbul etmir. Paşinyan İran və Ermənistan arasındakı münasibətlərinin strateji olduğunu bildirib. O, iki ölkə arasında əlaqələrin genişlənməsindən və şaxələnməsindən məmnunluğunu ifadə edib, bu prosesin davam etdirilməsinin vacib olduğunu vurğulayıb. Qeyd edək ki, Nikol Paşinyan İrana yeni Prezident Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün getmişdi. Bundan öncə İranın yeni Prezidenti Məsud Pezeşkian da Paşinyanla telefon danışığında Zəngəzur dəhlizi məsələsinə toxunmuşdu. Pezeşkian Tehranın beynəlxalq sərhədlərin istənilən dəyişikliyinə qarşı olduğunu demişdi: "Bizim Ermənistanla kiçik sərhədimiz var, lakin böyük ümidlərimiz olan ölkə ilə əlaqələrimizi dərinləşdirmək niyyətyindəyik. İran istənilən sərhəd dəyişikliyinin əleyhinədir, ölkələrin əraz bütövlüyünü dəstəkləyir". Tehran hökuməti 2020-ci ildən bu yana Zəngəzur dəhlizinin reallaşmasına qarşıdır. Çünki İran hesab edir ki, Zəngəzur dəhlizinin reallaşması ilə regional səviyyədə geosiyasi əhəmiyyəti azalacaq. Türkiyə ilə şimalda və şimal-qərbdə yerləşən türk dövlətləri arasında birbaşa quru əlaqəsi formalaşacaq. İranın türk dünyasında geosiyasi əhəmiyyəti xeyli zəifləyəcək. Bundan əlavə, qlobal səviyyədə Çindən Qərbə uzanacaq Şərq-Qərb dəhlizi Zəngəzur dəhlizi vasitəsilə reallaşarsa, İran təkcə regional deyil, həm də qlobal miqyasda geostrateji üstünlüklərini böyük dərəcədə itirmək ehtimalı ilə üzləşəcək. Bu vəziyyət Tehranın 1990-cı illərdən bəri yaratmağa çalışdığı, lakin heç vaxt reallaşdıra bilmədiyi Şərq-Qərb dəhlizinin tamamilə boşa çıxması deməkdir.
Politoloq Cəmaləddin Quliyev "Sherg.az"a açıqlamasında deyib ki, Tehranın Zəngəzur dəhlizi ilə bağlı mövqeyinin mənfi olmasına rəğmən, Azərbaycan tərəfinin gərginliyi yumşaldan addımları sayəsində müəyyən uzlaşmalara gedilib. Ekspertin sözlərinə görə, sabiq Prezident İbrahim Rəisinin son səfəri də məhz iki ölkə arasında yumşalmaların nəticəsi sayılan layihələrin açılışı ilə bağlı idi:
"Azərbaycan tərəfi heç bir layihənin İrana qarşı olmadığını, Zəngəzur dəhlizi layihəsinin Araz yolu keçidi vasitəsilə İranı da əhatə edəcək böyük beynəlxalq nəqliyyat qovşağı olacağını, bu təşəbbüslərdən hamının qazanacağını bəyan edir. Belə təəssürat var idi ki, İran sanki bu arqumentləri qəbul edir. Həm də Türkiyə və Azərbaycanla əməkdaşlıqda həssas olan Məsud Pezeşkianın seçilməsi İranın hətta Macarıstan kimi Türk Dövlətləri Təşkilatına müşahidəçi statusunda qoşulacağı, regionun yersiz qarşıdurmalardan yayınmaq üçün fürsət pəncərəsi açılacağı haqda ümidlər də yaratmışdı. Təəssüf ki, İran ali dini liderinin Ermənistan baş nazirini qəbul edərkən işlətdiyi ifadələr bu müsbət başlanğıcları xeyli dərəcədə sual alıtna alır. Maraqlıdır ki, Paşinyan hakmiyyətinin ilk illərində onun müşaviri və müdafiə naziri postlarını tutmuş Arşak Karapetyan bu görüşdən bir müddət əvvəl Livan mediasına geniş müsahibəsində Zəngəzur dəhlizi ilə bağlı təxminən eyni fikirləri səsləndirmişdi. İranın bu “türk dəhlizi” ideyasını öz hərbi gücü ilə dayandıra biləcəyini demişdi. Karapetyan Ermənistanın Yəmən, Livan, Fələstin və İranla birgə yeni müqavimət oxu koalisyası-yeni hərbi ittifaq yaratmasını da təklif etmişdi".
Ekspert vurğulayıb ki, radikal xristian təəssübkeşləri özündə cəm edən Beynəlxalq Xristian Həmrəyliyi (CSİ) adlı təşkilat bizi “Ermənistana hücum etməyə hazırlaşmaqda" ittiham edir. Həmçinin dünya xristianlarını erməniləri “müsəlman şiə diktaturası” adlandırdığı Azərbaycandan müdafiə etməyə çağırır: "Əslində, beynəlxalq siyasi leksikonda “şiə diktaturası” deyəndə birmənalı olaraq İran və onun teokratik rejimi başa düşülür. Və bu rejimin Azərbaycana, onun haqq işinə münasibəti Ermənistandakı revanşistlərin və dünyanın müxtəlif ölkələrində olan fundamentalist radikal xristian təşkilatlarının münasibətindən fərqlənmir".