Türkiyənin Ermənistanla yaxınlaşması İrəvanı Fransanın təsir dairəsindən çıxartmağa da xidmət edir
Ermənistan Azərbaycan ilə münasibətləri normallaşdırandan sonra Türkiyə bu ölkə ilə sərhədi aça bilər. Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib. Xatırladaq ki, ötən gün Ermənistan-Türkiyə sərhədində xüsusi nümayəndələr - Ruben Rubinyan və Serdar Kılıçın 5-ci görüşü keçirilib. Görüşdə hər iki ölkənin rəsmiləri iki ölkə arasında rəsmi pasport sahibləri üçün qarşılıqlı viza prosedurlarının sadələşdirilməsinə dair razılıq əldə edib. Bundan əvvəl Ermənistan Milli Assambleyasının sədri Ruben Rubinyan jurnalistlərə açıqlamasında bildirib ki, Ermənistan hökuməti Türkiyə ilə quru sərhədlərin açılmasına ümid edir. Türkiyə-Ermənistan sərhədlərinin açılmasının mümkünlüyünü Türkiyə Prezidenti Ərdoğan 2020-ci il noyabrın 9-da Azərbaycanla Ermənistan arasında imzalanan atəşkəs razılaşmasından sonra bildirib. 2023-cü il yanvarın 6-da Türkiyə ilə Ermənistan arasında yüklərin birbaşa hava limanından daşınmasına qoyulan qadağa aradan götürülüb. Bildirilib ki, bu, iki ölkənin xüsusi nümayəndələrinin səyləri nəticəsində əldə olunan razılaşmadır. Ermənistan mətbuatı yazır ki, hazırda üçüncü ölkə vətəndaşlarının quru sərhədini keçmək imkanlarını nəzərdə tutan başqa bir razılaşmanın da ən qısa zamanda həyata keçiriləcəyi gözlənilir.
Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev deyib ki, Türkiyənin addımları Azərbaycan-Ermənistan arasında sülh sazişinin imzalanmasına yönəlikdir. Analitik vurğulayıb ki, əsas məsələ Zəngəzur dəhlizinin açılmasına nail olmaqdır:
"Ötən gün İranın dini lideri Ermənistan Baş naziri Nikol Paşinyanla görüşündə Zəngəzur dəhlizinin açılmasının əleyhinə olduğunu açıq şəkildə bildirdi. İranın bu məsələdə əks mövqeyinin davam edəcəyini gündəmə gətirdi. Belə şəraitdə Türkiyə və Ermənistan nümayəndələri arasında görüşün keçirilməsi mühümdür. Hələlik tərəflər arasında diplomatik müstəvidə mümkün və zəruri olan güzəştlər tətbiq olunur, anlaşmalar əldə edilir".
C.Nuriyevin sözlərinə görə, Türkiyənin Ermənistanla yaxınlaşması İrəvanı Fransanın təsir dairəsindən çıxartmağa da xidmət edir: "Paşinyan daha çox Qərbin təsiri altındadır. Türkiyə Prezidenti R.T.Ərdoğan ilə Paşinyanın münasibətləri yaxınlaşarsa, bölgədə sülhün bərqərar olması çox uzun çəkməz. ABŞ, Fransa və bəzi Avropa ölkələri, bir sıra qonşularımız istəyirlər ki, bölgənin yeni siyasi düzənində bu və ya digər onlar da hakim statusunda, siyasi aktor rolunda çıxış etsinlər. Təbii ki, bu cür cəhdlər də bölgədə narazılığa və narahatlığa səbəb olur. O baxımdan region ölkələri arasında sıx təmaslar müsbətdir".