Nə qədər lazımdırsa, səbr etməli, konstitusiya dəyişikliyinədək gözləməliyik
Bakı üçün hazırda vacib olan odur ki, Qarabağ məsələsi tamamilə bağlansın. Bu iddia ilə erməni konfliktoloq Artur Martirosyan çıxış edib. O bildirib ki, proses şəffaf olmadığına görə, ermənilər digər razılaşmalar barəsində heç nə bilmirlər: "Məsələn, Azərbaycan deyir ki, Zəngəzur dəhlizi məsələsinə sülh müqaviləsində baxılmayacaq və biz bilmirik ki, o bunun qarşılığında nə alıb. Burada yalnız təxminlər irəli sürə bilərik. Azərbaycanın bu addıma nəsə almadan getməsi inandırıcı deyil. Zəngəzurun qarşılığında Bakı Qarabağ məsələsinin birdəfəlik bağlanması vədini ala bilər. Bu o deməkdir ki, ermənilərin Qarabağa qayıtması məsələsi qaldırılmayacaq”. Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan da deyib ki, İrəvan Azərbaycanın tələbi ilə Konstitusiyaya dəyişiklik etməyəcək: "Bu, ölkənin daxili işidir. Ermənistan Respublikası öz konstitusiyasını vətəndaşların qərarı ilə dəyişə bilər. Bunu etmək, yaxud etməmək daxili məsələdir". Siyasi şərhçilərə görə, kommunikasiyaların açılmasını sonrakı illərdə də müzakirə etmək olar, çünki vaxt aparan mövzudur. Əvvəlcədən də sülh sazişində Zəngəzur dəhlizi məsələsi yox idi. Zəngəzur dəhlizi regionun inkişafı ilə bağlı məsələdir və bu, Orta Dəhlizin tərkib hissəsi kimi Azərbaycanla yanaşı, Ermənistanın da xeyrinədir. Əslində, kommunikasiya məsələlərinin ayrıca müzakirə olunması ilə bağlı razılaşma sülh sazişinin imzalanmasını sürətləndirmək məqsədi daşıyır. Lakin görünən odur ki, bu addım da prosesi irəli daşımağa kifayət etməyib. Ermənistan rəhbərliyi konstitusiyada Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarını aradan qaldırmaq istəmir. "Sülhpərvər" açıqlamaları da sadəcə manipulyasiya xarakteri daşıyır.
Millət vəkili Nəsib Məhəməliyev "Sherg.az"a açıqlamasında deyib ki, sülh danışıqlarının dalana dirənməsinin məsuliyyəti birbaşa Ermənistanın üzərinə düşür. Deputatın sözlərinə görə, istənilən müharibənin və yaxud münaqişənin sonu danışıqlar yolu ilə bitir:
"Lakin Ermənistan Baş naziri Nikol Paşinyanın Londondakı davranışları, Fransa, Hindistan, İran vasitəsilə silahlanma, ABŞ hərbçiləri tərəfindən təlimatlandırma tamam başqa mətləblərdən xəbər verir. Bu o deməkdir ki, Ermənistan sülhə hazır deyil. Digər tərəfdən, Paşinyan stabil mövqeyi olmayan, xarici təsirlər və yaxud təzyiqlər altında tez-tez fikirlərini dəyişən siyasətçilərdəndir. Paşinyan regiona daxil olmaq istəyən güclərin işinə yarayır. Avropaya gedir Fransanın, İrana gedir Tehranın tapşırıqlarını yerinə yetirir, yerinə görə təlimatlar alır. Bu yaxınlarda, İranın yeni prezidentinin andiçmə mərasimində dini lider S.Xameneyi Paşinyana dedi ki, Zəngəzur dəhlizinin açılması Ermənistanın ziyanınadır. Paşinyan özünə hörmət edən dövlət başçısı olsaydı, deyərdi ki, "necə olur, həmin yol İrandan keçəndə zərərli olmur, amma Ermənistandan keçəndə zərərli olur?!". Heç kim üçün sirr deyil ki, Zəngəzur dəhlizinin açılması Ermənistana yüz milyonlarla iqtisadi dividend gətirə bilər.
Ermənistanı təcrid olunmaqdan xilas edər".
Parlamentari diqqətə çatdırıb ki, Prezident İlham Əliyev tam haqlı olaraq, Ermənistan konstitusiyasının dəyişdirilməsini, qonşu ölkələrin ərazi bütövlüyünə təhdid olan maddələrin çıxarılmasını tələb edir: "İmkan verə bilmərik ki, Ermənistan havadarlarının dəstəyi ilə silahlansın, vaxt qazansın, güclənsin və yenidən müharibəyə başlasın. Gələcək nəsillərə separatçılıq problemlərini ötürə bilmərik. Konstitusiya dəyişikliyinə nail olmadan sülh müqaviləsini imzalamaq olmaz. Heç kim qarantiya verə bilməz ki, növbəti hökumət Paşinyanın imzaladığı sülh müqaviləsini qeyd-şərtsiz tanıyacaq. Tələsmək lazım deyil. Əsas odur ki, torpaqlarımız işğaldan azad olunub və hazırda orada genişmiqyaslı tikinti, quruculuq-bərpa işləri aparılır. Soydaşlarımız yurdlarına qayıdırlar. Nə qədər lazımdırsa, səbr etməli, konstitusiya dəyişikliyinədək gözləməliyik. Sülh müqaviləsi bizim diktə etdiyimiz şərtlərlə bağlanmalıdır. Bir məsələni də vurğulamaq istərdim. Azərbaycan Prezidenti müstəqil siyasət aparır, müstəqil qərarlar verir. Paşinyanın isə müstəqil qərarlar vermək imkanları məhduddur. Ermənistan bir-birinə zidd olan xarici güclərdən çox asılıdır. Ona görə də sülh müqaviləsinin imzalanması geosiyasi faktorlardan asılıdır".