Erməni qardaşlığı farsın qurduğu rejimin ana xəttidir  - ŞƏRH

Məsud Pezeşkiandan nəsə gözləməyə dəyməz

Harada müsəlman varsa, mütləq bu rejim onun düşmənləri ilə dost olmalıdır. Çünki bu rejimin Qərbdə planı cızılanda bu öhdəliyi götürüblər"

“Qafandakı konsul demək istəyib ki, erməni-fars birliyi davam edir. Yəni ideoloji, əsas siyasi istiqamətdə İranın bir dəyişiklik etmək niyyəti yoxdur”


  İranın Qafandakı baş konsulu Mürtəza Abidin Varamin erməni mediasına geniş müsahibə verib. Konsul bildirib ki, dünyada ölkələr və liderlər arasında İrəvan-Tehran kimi sıx dialoqun nümunələri çox azdır: "İran və Ermənistan arasında dostluq və münasibətlərin tarixi minillikləri əhatə edir, biz həmişə bir yerdə olmuşuq. Bu, Ermənistanın bizim üçün əhəmiyyətini göstərir və bu münasibətlərin düşmənləri var”. Varamin İranda prezidentin dəyişməsinin, azərbaycanlı Məsud Pezeşkianın İran prezidenti olmasının Ermənistanla münasibətlərə heç bir təsir etməyəcəyini vurğulayıb: “İran qanunvericiliyi elə qurulub ki, prezidentin dəyişməsi heç nəyi dəyişməyəcək”. Varaminin sözlərinə görə, İran-İsrail gərginliyi Tehranın Cənubi Qafqaza diqqətinin zəifləməsinə gətirib çıxarmayacaq: “Baxmayaraq ki, müxtəlif ölkələr İranın diqqətini yayındırmağa çalışır. Üstəlik, elə ölkələr var ki, bu regiondan minlərlə kilometr aralıda yerləşsələr də, yerli proseslərə müdaxilə edərək Ermənistanı strateji qarşıdurma zonasına çevirmək istəyirlər. Bu ölkələr və bu insanlar burada olmamalıdır”. O, Zəngəzur bölgəsinin İran üçün xüsusi əhəmiyyət kəsb etməsindən də bəhs edib: “Çünki bu erməni bölgəsi İranla həmsərhəddir və bizim Ermənistanla çoxəsrlik əlaqələrimiz var. Ermənistan müstəqil dövlətdir və bu müstəqilliyə hörmət edilməlidir. Heç kim ona kiminlə dostluq qurmalı və kiminlə dostluq etməməli olduğunu deməməlidir. Ermənistan öz yolu ilə getməlidir. Ukrayna münaqişəsi həqiqətən də erməni xalqı üçün bir növ dərs olmalıdır”.
  Milli Cəbhə Partiyasının sədri Tural İrfan "Sherg.az"a deyib ki, bəzi sadəlövh şərhçilərimiz düşünürdü ki, guya Pezeşkianın azərbaycanlı olması nəyisə dəyişəcək. Əslində isə bu, tam əksinə olacaq. Ekspertin sözlərinə görə, farslar iz azdırmaq üçün bunu etdilər ki, belə sadəlövh adamlar bu cür düşünsün: 

"İranda siyasi, ideoloji xətti və xarici əlaqələri birbaşa ali dini lider təyin edir. Onun izni olmadan prezident heç bir addım ata bilməz. Prezident sadəcə əhalini təskin edib boş yerə nəyəsə ümidləndirmək üçün fiqurdur. Demək olar ki, əsas, aparıcı, həlledici məsələlərdə heç bir yolu və təsiri yoxdur. Bu, İran konstitusiyasına görə də belədir. Ermənilərlə onların sarsılmaz əlaqələri var ki, bunun da kökünü türk-islam düşmənçiliyi təşkil edir. İran bir fars imperiyasıdır, özünü Sasanilərin varisi hesab edir və amalı da öncə türkləri birləşməyə imkan verməmək, sonra da həqiqi islamı aradan aparıb özünün qondardığı islam kimi təqdim etdiyi fars-Sasani ideologiyasını yeritməkdir. Bu ideoloji xətti heç bir prezident dəyişə bilməz". 
  Analitikin fikrincə, Pezeşkianın vədləri tamamilə manipulyasiya idi və onun dediklərinin reallaşması əsla mümkün deyil: "Ali dini lider, radikal və mühafizəkar qüvvələr o istəsə belə buna imkan verməzlər. Qafandakı konsul demək istəyib ki, erməni-fars birliyi davam edir. Yəni ideoloji, əsas siyasi istiqamətdə İranın bir dəyişiklik etmək niyyəti yoxdur. Bizim bəzi siyasətçilər İrandakı prezident postunu digər demokratik ölkələrdəki prezidentlik postu ilə eyniləşdirirlər. İranda Azərbaycan əsilli və islahatçı təqdimatı ilə (əksinə, vaxtilə ən mühafizəkar qrupa daxil olan) şəxsin prezident postuna gətirilməsi daxili narazılıqları yatırmaq, guya xalqın istəyinə uyğun davranmaq görüntüsü yaratmaq üçün idi. Şəxslər dəyişsə də, siyasət və ideologiya əsla dəyişməz. Erməni qardaşlığı farsın qurduğu rejimin ana xəttidir. Harada müsəlman varsa, mütləq bu rejim onun düşmənləri ilə dost olmalıdır. Çünki bu rejimin Qərbdə planı cızılanda bu öhdəliyi götürüblər". 
  T.İrfanın qənaətincə, İran heç zaman müsəlman birliyinə imkan verməyəcək: "ABŞ İrana ciddi müdaxilə etməyəcək. Çünki müsəlman dövlətlərini üz-üzə qoyan, arasını vuran, birliyinə mane olan güclərdən biri, bəlkə də birincisi məhz fars rejimidir. Əgər ABŞ tanksız-topsuz bəzi yerlərdə İranın əli ilə istəyinə nail olursa, əlbəttə, ona toxunmaz. Bu gün ABŞ Ermənistana hərbçilərini yerləşdirir. İran buna ciddi etiraz etmir, lakin Zəngəzur məsələsinə hər dəfə toxunaraq buna qarşı çıxır, özləri dediyi müsəlman Azərbaycanın yox, kafir ermənilərin yanında yer alırlar. Məsud Pezeşkiandan nəsə gözləməyə dəyməz. Sadəcə farslar indi də öz siyasi qərarlarının icrasını bir türkün əli ilə həyata keçirəcəklər".