Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və
mədəniyyətinin təbliği
Ermənilərin saxtakarlığı bizi geri addım atmağa sövq edə bilməz. Bütün abidələrimizə sahib çıxmışıq və bundan sonra da çıxacağıq
İşğaldan azad olunmuş ərazilərdə tarixi abidələrin, dini məbədlərimizin bərpasına dövlət səviyyəsində ciddi önəm verilir. Xüsusən, Heydər Əliyev Fondu dini və tarixi abidələrin tikinti-təmir işlərində xüsusi rol oynayır. Azərbaycanda olan bütün dini abidələr tariximizin bir hissəsidir. Respublikamızda olan bütün dinlərin məbədləri yüksək səviyyədə mühafizə olunur. Kilsələr, sinaqoqlara qarşı xüsusi diqqət göstərilir. Hətta Bakının mərkəzində yerləşən erməni kilsəsi belə bugünədək qorunub saxlanılıb. Əlbəttə ki, özündə böyük bir tarixi yaşadan bu abidələri qoruyub saxlamalı, gələcək nəsillərə miras kimi ötürməliyik. Azərbaycan multikultural və tolerant ölkə olaraq hər zaman tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin qorunması, həmçinin dini ziyarətgahların bərpası və mühafizəsini daim diqqət mərkəzində saxlayıb. Təəssüflər olsun ki, Ermənistan 30 illik işğal dövründə Qarabağ bölgəsində bütün dini abidələrimizə qarşı vəhşiliklər törədib. Bu abidələr ya dağılaraq bərbad vəziyyətə salınıb, ya da tamamilə məhv edilib. Qarabağ ərazisində olan 67 məsciddən 63-nü ermənilər yerlə yeksan ediblər. Qalan 4 məsciddən 3-nə isə ciddi ziyan vurulub. Yeganə 1 məscid, Qarabağın incisi Şuşa şəhərində yerləşən Yuxarı Gövhər ağa məscidində isə bəzi dəyişiklik edərək bu abidənin Azərbaycana aid olmadığını sübut etməyə çalışıblar. Buna baxmayaraq, torpaqlarını öz gücü hesabına işğaldan azad edən Azərbaycan daxili imkanları ilə işğaldan azad edilmiş ərazilərimizdəki tarixi-dini tikililəri bərpa edir, onlara yenidən həyat verir. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən verilən məlumata görə, cari dövrə qədər işğaldan azad olunmuş ərazilərdə inventarlaşdırılan abidələrdən 63-nün pasportlaşdırılması işləri yekunlaşdırılıb. Bildirilib ki, işğaldan azad olunmuş ərazilərdə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən 542 abidənin, eləcə də 368 tarixi, memarlıq və arxeoloji əlamət kəsb edən obyektin inventarlaşdırması həyata keçirilib. İnventarlaşdırılma işləri zamanı əksər abidələrin ermənilər tərəfindən vandalizmə məruz qaldığı, təhqir edildiyi, təyinatına uyğun olmayan şəkildə istifadə olunduğu müəyyən edilib. Baxış keçirilməyən abidələrin əksəriyyəti isə təhlükəsizlik baxımından riskli, yaşayış məntəqələrindən kənar, yüksək dağlıq və meşəlik ərazilərdə yerləşir. Hazırda həmin ərazilərdə yerləşən abidələrin də inventarlaşması üzrə işlər davam etdirilir. Tarixi abidələrin mühafizə zonalarının müəyyən olunması üzrə isə 32 layihə ilə bağlı işlər tamamlanıb. 2024-cü ilin planına əsasən qeyd olunan istiqamətlər üzrə işlər davam etdirilir.
Qeyd edilməlidir ki, Qarabağ ərazisində müxtəlif dinlərin mövcud olması insan cəmiyyətinin ictimai həyatına böyük təsir göstərib. Azərbaycanın hər yerində olduğu kimi Qarabağda da xristianlıq və müsəlmanlığın mövcud olması və birinin digərini əvəz etməsi tikinti mədəniyyətində özünü göstərib. Qarabağ ərazisində (Amaras, Ağdamda Govurqala, Kəlbəcərdə Xotəvəng, Laçında Ağoğlan) və Albaniyanın digər yerlərində (Qax rayonu Qum kəndi, Qəbələ rayonu böyük Əmidli kəndi, Mingəçevir) xeyli alban xristian abidəsi inşa edilib. Albaniyada Şərq xristianlığına məxsus memarlığın bütün növləri mövcud olub. Qarabağdakı Alban xaç daşları bir sıra mühüm lokal cizgiləri, bütün Alban yazılı daşlarının üzərində xristianlığa qədərki inamlar və kainat qüvvələrinin yerləşməsi ilə dini-bədii qanunlara tabe edilmiş özünə məxsus qrup təşkil edir. Alban xaçı xristianlığa qədərki inamların və kainatı dərk etmənin əlamətlərini özündə cəmləşdirən işarələrə malikdir. Onun bütün kompozisiyaları göylə yerin əlaqəsi, günəş, işıq və məhsuldarlıq simvolu kimi əks olunub. İslam dininin qəbul edilməsi Albaniyada (Azərbaycanda) yeni bir mərhələnin başlanğıcını qoyub. Bununla bərabər burada xristian kilsələri və digər dini məbədlər də saxlanılıb. Həmin dövrdə Qarabağın mənəvi mədəniyyətində çiçəklənmə dövrü başlanıb. Memarlıq və şəhərsalma, dekorativ-tətbiqi sənət sahələri inkişaf etməyə başlayıb, epiqrafik abidələr çoxalıb. Qarabağ zonasında çoxu müsəlman dövrünə aid olan 2000-dən artıq müxtəlif tarixi və mədəni abidələr qeydə alınıb. Qarabağın şəhərləri - Ağdərə, Kəlbəcər, Xocavənd, Şuşa, Xankəndi, Tərtər, Füzuli, Cəbrayıl, Ağcabədi, Laçın, Qubadlı, Zəngilan məhz müsəlman dövründə meydana gəlib. Bu şəhərlərin quruluşunda milli-mənəvi və ideolojı təfəkkür tərzi inşa mədəniyyətində öz bədii əksini tapıb. Yeni milli-ideoloji xüsusiyyətlər evlərin və inzibati binaların interyerində özünü göstərib. Bu, Qarabağda orta əsrlərdə inşa olunmuş memarlıq nümunələri ilə təsdiq olunub. Şuşa, Ağdam, Bərdə, Füzuli, Zəngilan, Cəbrayıl, Laçın, Kəlbəcər rayonları ərazisindən vaxtilə xeyli miqdarda tikinti, qəbir və s. epiqrafik abidələri qeydə alınıb, tədqiq edilib. Tədqiqatlar Qarabağın maddi mədəniyyət irsinin Azərbaycanın maddi və mənəvi mədəniyyətinin tərkib hissəsinin olduğunu aydın şəkildə göstərib. Qarabağ abidələrinin sonrakı taleyinə gəldikdə XX əsrin sonlarında Ermənistanın törətdiyi pozuculuq fəaliyyəti, münaqişə və müharibə Azərbaycanın Qarabağ bölgəsində maddi mədəniyyət abidələrinin taleyini təhlükə altında qoyub. Müharibə ərəfəsində abidələrin qeydinə qalmağa imkan belə olmayıb. Muzey eksponatlarının və kitabxanaların köçürülməsinə imkan verilməyib. Davam edən vandalizm Azərbaycanın əsrlərlə qoruyub saxladığı tarixi abidələrin çoxunu məhv edib. Əcdadlarımızın tarixi yaddaş rəmzi olan məşhur Xocalı qəbiristanlığı texnika vasitəsilə darmadağın olunub. Mənfur ermənilər Xocalıda və Şuşada bu vandalizmi ifrat dərəcəyə çatdırıblar. Məşhur Xocalı-Gədəbəy mədəniyyətinin qədim beşiyi olan Xocalı kurqanlarını yer üzündən siliblər. Şuşa muzeylərini dağıdıblar. Azıx mağarasını hərbi sursat anbarına çeviriblər. İslam abidələri yer üzərindən silinib. Alban xristian abidələri isə tamamilə saxtalaşdırılıb, "erməniləşdirilib", albanlara məxsus olan əşyalar dağıdılıb. Alban hökmdarı III Vaçaqanın qəbri və üzərindəki yazı tamamilə məhv edilib. Qarabağ və Şərqi Zəngəzur işğaldan azad edildikdən sonra orada mövcud olan abidələrimiz, silinməyə çalışılan tarixi irsimiz, saxtalaşdırılan dini məbədlərimiz barədə "Sherg.az"a danışan AMEA-nın əməkdaşı, türkoloq alim Faiq Ələkbərli bildirib ki, Azərbaycan ərazisində, Qarabağda, eləcə də indiki Ermənistan və Gürcüstan ərazisində olan tarixi abidələrimiz, xüsusən də islam dinindən öncəki abidələrimiz birmənalı Azərbaycan türklərinə məxsus tikililərdir. Ekspertin sözlərinə görə, vaxtı ilə türklərin bir qismi xristianlıq dinini qəbul etmişdi:
"Xristian türklərin dönəmində Azərbaycanda, Qarabağda bir çox dini məbədlər, kilsələr inşa olunub. Onların hamısı bizə, xristianlığı qəbul etmiş türklərə məxsus abidələr olub. Azərbaycan əhalisi sonradan islam dinini qəbul etsə də, xristianlıq abidələri bir qədər kölgədə qaldı. Ancaq bütövlükdə islamdan öncəki dövrdə inşa edilmiş kilsələr, Alban abidələri öz varlığını qoruyub saxlayıb. Çox sonradan torpaqlarımıza gəlmiş haylar xristian türklərə məxsus məbədləri mənimsəməyə çalışıblar. Ancaq indiki hayların albanlara, yəni Azərbaycan türklərinə məxsus dini abidələri, kilsələri saxta üsullarla "erməniləşdirmək" niyyəti heç bir nəticə verməyib və bundan sonra da verməyəcək. Dini-tarixi abidələrimiz üzərində erməni saxtakarlığı son dövrlərə təsadüf edir. Amma torpaqlarımızdakı istənilən dini abidənin Azərbaycan xalqına məxsus olduğu artıq geniş ölçüdə qəbul olunur. Azərbaycan əhalisi Cənubi Qafqazın qədim əhalisidir. Biz islamdan və xristianlıqdan öncə bu bölgədə olmuşuq, tanrıçılığa aid bir çox abidələrimiz olub. Ermənilərin saxtakarlığı bizi geri addım atmağa sövq edə bilməz. Bütün abidələrimizə sahib çıxmışıq və bundan sonra da çıxacağıq".