Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Düşərgə ənənəsinin son illərdə yenidən formalaşması müsbət haldır
“Uşaqlara asudə vaxtlarının düzgün və səmərəli təşkili, müasir innovasiyalar, tələb olunan bacarıqlar, müasir peşələr, ixtisaslar haqqında məlumat verilir”
Düşərgə ənənəsinin son illərdə yenidən formalaşması müsbət haldır
“Uşaqlara asudə vaxtlarının düzgün və səmərəli təşkili, müasir innovasiyalar, tələb olunan bacarıqlar, müasir peşələr, ixtisaslar haqqında məlumat verilir”
Uşaqların sağlam yetişməsi üçün fiziki inkişaf nə qədər önəmlidirsə, düzgün tərbiyə, yüksək mənəvi hisslərin aşılanması da bir o qədər vacibdir. Fiziki və mənəvi inkişaf paralel aparılırsa, gələcəyimiz olan uşaqların sağlam nəsil kimi yetişəcəyini əminliklə söyləyə bilərik. Ölkəmizdə bu istiqamətdə görülən işlər də təqdirəlayiqdir. Xüsusən son illər ərzində dövlətin müxtəlif qurumları, eləcə də ictimai birliklər tərəfindən həyata keçirilən tədbirlər uşaq və gənclərin sağlam inkişafına töhfə vermək məqsədi daşıyır. Bu səpkili tədbirlər zəfərlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra daha da aktuallaşıb. Vətən müharibəsi şəhidlərinin, qazilərinin övladlarının, ailə üzvlərinin iştirakı ilə keçirilən tədbirlər uşaq və gənclərə yüksək mənəvi keyfiyyətlər aşılanmasında böyük əhəmiyyət daşıyır. Müxtəlif qurumlar tərəfindən təşkil olunan yay düşərgələri də bu qəbildəndir. Yay müddətində bir neçə belə tədbir keçirilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən, ümumilikdə 66 nəfəri əhatə edən yay düşərgəsində Komitənin 11 Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin benefisiarları olan şəhid və qazi ailələrinin, həmçinin aztəminatlı ailələrinin uşaqları iştirak edib. Yay düşərgəsi Şamaxı şəhərində təşkil olunub. Düşərgənin ilk günündə Komitənin Ailə məsələləri şöbəsinin Ailə problemləri sektorunun müdiri Aydın Rəcəbli açılış nitqi ilə çıxış edərək, iştirakçıları salamlayıb, düşərgənin məqsədi və təlim proqramı barədə məlumat verib. Yay düşərgəsinin keçirilməsində məqsəd uşaq və yeniyetmələrin fiziki və mənəvi inkişafı, asudə vaxtlarının səmərəli təşkili, onların həmyaşıdları ilə maraqlı və əyləncəli vaxt keçirməsi, yay tətilinin mənalı və yaddaqalan olması, uşaqlara yeni bacarıqların aşılanmasıdır. Düşərgə müddətində uşaqlara uşaq hüquqları, şəxsi inkişaf mövzularında təlimlərin, rəqs üzrə ustad dərslərin keçirilməsi, müxtəlif idman oyunları, kino-cizgi film saatının, musiqili-əyləncəli proqramların, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində iməcilik, Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası və Şamaxı Safari Parkına ekskursiyalar təşkil edilib. Qeyd edək ki, uşaqlar üçün yay düşərgəsi 3 mərhələdə olmaqla 08-14 iyul, 29 iyul-04 avqust tarixlərində keçirilib, düşərgənin 19 avqustda başlayan sonuncu mərhələsi isə 25 avqustda başa çatacaq. Digər yay düşərgəsi “Əmanət” - Şəhid və Qazi övladlarının fərdi inkişafına dəstək layihəsi çərçivəsində baş tutub. 26 şəhid və 11 qazi övladı üçün təşkil edilən 5 günlük yay düşərgəsi, iştirakçıların fərdi inkişafını dəstəkləmək və onlara unudulmaz təcrübə yaşatmaq məqsədilə keçirilib. Şamaxı Astrofizika Rəsədxanası ərazisində baş tutan düşərgə, “Təbiət Əmanətdir!” sloqanı altında, “Yaşıl Dünya Naminə Həmrəylik İli”nə həsr edilib. Düşərgə müddətində gənclər üçün şəxsi inkişaf təlimləri, ekoloji mövzulu seminarlar, mentorlarla görüşlər, masterklaslar və əyləncəli oyunlar təşkil olunub. Bununla yanaşı, intellektual yarışlar, animasiya saatları, Şamaxı Futbol Klubuna, Astrofizika Rəsədxanasına, Dəmirçi Arxeologiya Muzeyinə və Yay Fest düşərgəsinə ekskursiyalar təşkil edilib. Bu, "Əmanət" layihəsinin təşkil etdiyi sayca dördüncü yay düşərgəsidir. Layihə artıq 4 ildir ki, şəhid və qazi ailələrinin 1-ci dərəcəli üzvləri üçün təlimlər, seminarlar, karyera və psixoloji konsultasiyalar, təkmilləşdirmə hazırlıqları, dil kursları və sosial işlər istiqamətində davamlı fəaliyyətlər həyata keçirir. Tamamilə ianələr hesabına idarə olunan bu layihədə 200-dən çox şəhid və qazi ailəsi üzvləri təhsil alır. Layihədə 150-dən artıq müəllim, psixoloq, loqoped və digər sahə mütəxəssisləri könüllü olaraq xidmət göstərir. Bu cür tədbirlər vasitəsilə "Əmanət" layihəsi, şəhid və qazi övladlarının gələcəyinə işıq tutaraq, onların potensialını inkişaf etdirməkdə mühüm rol oynayır. Layihə çərçivəsində uşaqlar üçün əl işləri master klassı keçirilib, moderatorun təlimi ilə uşaqlara əl əməyinin önəmi haqda məlumat verilib, iplə hörmə və muncuqlarla qolbaqlar hazırlanması öyrədilib. Bundan başqa, uşaqlara “Gələcəyin ixtisasları” mövzusunda təlim keçirilib. Təlimçi, təhsilin idarə olunması üzrə mütəxəssis, fəlsəfə doktoru, TED təşkilatçısı, təlimçi Qoşqar Məhərrəmov öz təcrübəsini uşaqlarla paylaşıb. Hibrid formada keçirilən təlimə həm region, həm də paytaxtdan olan şəhid və qazi övladları qatılıb. Birlik nəzdində 12-15 yaş qrupu üçün “İngilis dili danışıq klubu” da fəaliyyət göstərir. İnteraktiv metodlar əsasında həyata keçirilən danışıq klubunun əsas məqsədi uşaqların ünsiyyət bacarıqlarının və ingilis dili biliklərinin inkişaf etməsinə dəstək olmaqdır. Layihə çərçivəsində indiyədək Bakı, Sumqayıt, Mingəçevir, Gəncə, Qobustan, Şamaxı, Qusar, Sabirabad, Salyan, Neftçala şəhərlərində 200-ə qədər layihə iştirakçısı olan şəhid və qazi övladları ziyarət edilib. Ziyarət edilən zaman hər ailəyə dərs ləvazimatları, bədii və uşaq ədəbiyyatı, müxtəlif yaş qrupuna görə hədiyyələr verilib. Ümumilikdə layihə məktəbəqədər təhsil müəssisəsi, məktəb, kollec və universitet tələbəsi olan şəhid və qazi övladlarını əhatə edir və təklif olunan bütün xidmətlər təmənnasızdır. Layihənin məqsədi sinif dərsləri üzrə hazırlıqlar, abituriyent hazırlığı, dil kursları, psixoloji dəstək, dərslik və dərs vəsaiti təminatına dəstək, şagird və tələbələrin yaş və təhsil istiqamətinə uyğun bədii və elmi ədəbiyyat, jurnal və digər vəsaitlərlə təminatı, şagird və tələbələrin müxtəlif kurs və dərnəklərə olan ehtiyacının qarşılanması (dil, kompüter və idman), şagird və tələbələr üçün müxtəlif seminar və ekskursiyaların təşkilidir. “Ənənə” Yay Düşərgəsi isə "Bakcell"in baş sponsorluğu və “YAŞAT” Fondunun təşkilatçılığı ilə təşkil olunub. Göygöl rayonunun Milli Yaylaq Festivalı ərazisində baş tutan tədbirdə 50-dək şəhid övladı iştirak edib. Hərbi vətənpərvərlik və milli ənənələr mövzusuna həsr olunan düşərgə beş gün davam edib. Tədbirdə gənclərin iştirakı ilə qədim milli oyun növləri üzrə yarışlar, müxtəlif təlimlər və interaktiv oyunlar keçirilib. “Müasir bacarıqlar və innovasiya" adlı təlim düşərgə iştirakçıların xüsusi marağına səbəb olub. Təlimdə “Bakcell”in əməkdaşı Rüfət Quliyev gələcəyin peşələri, ən çox tələb olunan bacarıqlar və bu bacarıqların əldə edilməsində texnologiya və innovasiyanın rolundan danışıb. Bundan əlavə, “Bakcell”in innovativ xidmətləri, “high-tech” və “AI” dəstəkli məhsulları barədə məlumat verilib.
Yay düşərgələrinin faydalı olduğunu vurğulayan təhsil eksperti Kamran Əsədov “Sherg.az"a açıqlamasında qeyd etdi ki, düşərgə ənənəsinin son illərdə yenidən formalaşması müsbət haldır:
- Bilirsiniz ki, sovet illərində yay düşərgələri populyar idi. Tədris ili başa çatar-çatmaz məktəblilər üçün “Pioner düşərgələri” təşkil olunurdu. Deyərdim ki, yay düşərgələri sovet təhsil sisteminin bəlkə də, ən uğurlu istirahət-təlim proqramı idi. Düşərgələrə müxtəlif yaş qruplarından olan uşaqlar, yeniyetmələr qatılırdı. Düşərglər həm istirahət üçün, həm də lazımi, faydalı bacarıqlar əldə edilməsi üçün unikal fürsət idi. Dəstə rəhbərlərinin iştirakı, nəzarəti altında uşaqlar həm istirahət edir, həm də müəyyən bacarıqlara yiyələnirdilər. Bu düşərgələr böyüklərin də təşkilatçılıq, idarəetmə bacarıqlarını artırırdı, inkişaf etdirirdi. Dövrümüzdə yay düşərgələrinin təşkilinə böyük ehtiyac var. Hesab edirəm ki, düşərgələrin təşkilində əsas məqsəd məhz uşaq və yeniyetmələrin yeni bacarıqlar, biliklər əldə etməsidir. Müsbət haldır ki, düşərgə müddətində təlimlər təşkil olunur, uşaqlara asudə vaxtlarının düzgün və səmərəli təşkili, müasir innovasiyalar, tələb olunan bacarıqlar, müasir peşələr, ixtisaslar haqqında məlumat verilir. Asudə vaxtın təşkili xüsusilə önəmlidir, çünki hazırda zərərli vərdişlər geniş yayılıb, uşaq və yeniyetmələri bunlardan uzaq tutmaq, onların bu vərdişlərə meyl etməməsi üçün sağlam şəkildə tərbiyə olunmaları, yüksək mənəvi hisslər aşılanması vacibdir. Bunun üçün ən uyğun zaman tədris ili bitdikdən sonra, yay müddətində düşərgələrin təşkil edilməsi və daha çox uşağın bura cəlbini təmin etməkdir. Yay düşərgələri uşaq və yeniyetmələr üçün ilk həyat məktəbi rolunu oynamalıdır.