Mənzildə ölüsü tapıldı
İllərdir magistral yolla, yağışa, qara, istiyə, küləyə baxmadan səhər-axşam o baş-bu başa addımlayan adam, istanbulluların “Yol adam” adını verdikləri Selami Salman həyatla vidalaşıb. “Sherg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, Selami Salmanın acı həyat hekayəsi sosial mediada paylaşıldıqdan sonra bütün İstanbul, bütün Türkiyə onu tanıyıb. Bu adam hər səhər-axşam, payi-piyada Tuzla ilə Maltəpə arasındakı magistral yolda addımlayarkən hansısa sürücü tərəfindən kameraya çəkilib və bu video sosial şəbəkələrdə paylaşılıb. Selami Salman İstanbulun Pendik bölgəsində Kavakpınar məhəlləsində anasıyla bir mənzildə yaşayıb. Onun meyiti isə evdə, axşam saat 21:00 radələrində aşkarlanıb. “Yol adam” ölümündən bir neçə gün əvvəl daha yolda görünməyib. Həmin magistral yolla hər gün hərəkət edənlər Selamini görməyincə təəccüb ediblər. Başına bir iş gələcəyindən narahat olublar. Sonda isə Selaminin ölüm xəbəri gəlib. Mənzilə daxil olan təcili yardım həkimləri Selaminin meyitini tibbi ekspertiza olunmaq üçün Ədli Tibb Qurumuna aparılıb. Selaminin anası Mədinə Salman oğlunun acı həyat hekayəsini anladaraq övladının gənc yaşlarında şux, söhbətcil, mehriban, üzügülər, nəşəli birisi olduğunu, sevdiyi qız onu tərk edincə qaradinməz, sakit, dilsiz-ağızsız birisinə döndüyünü deyib. “Oğlum o qızı sevmişdi, nişanlandılar, 9 il nişanlı qaldılar. Amma sonda qızın ailəsi narazılıq etdi və nişan pozuldu. Oğlum bundan sonra psixoloji gərginlik keçirdi, ruhdan düşdü, həyatdan küsdü. “Bir daha evlənməyəcəm”, dedi. Sonra da qəzaya düşdü, başından ağır zərbə aldı, xəstələndi. Yollara düşdü. Çox adam gerçəyi bilmədən çox şey danışdı, yiyəsiz dedilər oğluma, ac-susuz dolaşır yollarda, dedilər. Amma bilmədilər ki, oğlum bəxtindən küskün olduğu üçün başını aşağı salıb yollarda addımlayır. Kədərini unutmaq üçün, həyatdan küsdüyü üçün yollara düşüb”.