"Paşinyan istəsə Bakıya özü gələcək, istəməsə başqasını göndərəcək" - Zərdüşt Əlizadə

"Ermənistanın prezidenti cənab Vaaqn Xaçaturyan çox savadlı, mötəbər və sanballı insandır. Düzdür, onun Ermənistan konstitusiyasına görə səlahiyyətləri o qədər də geniş deyil. Amma cəmiyyət içində hörməti böyükdür"

"Bütün hallarda COP29-a Ermənistan tərəfindən kimin gələcəyi Nikol Paşinyandan asılıdır"

Azərbaycan energetika nazirinin müavini, bu ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) baş icraçı direktoru Elnur Soltanov Türkiyənin “Anadolu” agentliyinə müsahibəsində deyib ki, Ermənistan COP29-a dəvət edilib. Bundan öncə isə Azərbaycan XİN bənzər formada İrəvanı dəvət edib. 

Azərbaycan Ermənistanın COP29-da iştirakını istəyir. Prinsipcə bu, tarixi hadisə ola bilər. Xüsusilə münaqişənin həlli baxımından İrəvan nümayəndələrinin Bakıya gəlməsi, COP29-da iştirakı mühümdür. İki ölkə rəsmilərinin Bakıda bir araya gəlib sülh istiqamətində danışması prosesin gələcəyi və həlli baxımından yenilik ola bilər. Ermənistanın COP29-a qatılıb-qatılmayacağı isə sual altındadır. Ermənistanın COP29-da iştirakına xüsusi bir maneə yoxdur. Rəsmi İrəvan COP29-un Azərbaycanda keçirilməsi üçün həlledici səs verən ölkədir. Yəni təbii olaraq Bakıdakı təbdirə qatıla bilər. Amma İrəvan bu məsələdə ehtiyatlı davranacağı da şübhə doğurmur. Hətta Bakının dəvətinə müsbət cavab verməmək ehtimalı da var. Bununla belə, müsbət qərar verərsə, Bakıdakı COP29-a bu 4 şəxsdən ən azı biri gələ bilər:
 Ermənsitan Prezidenti Vaaqn Xaçaturyan, Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan, Ermənistan parlamentinin sədri Alen Simonyan.
Nəzərə alsaq ki, ötən il Dubayda baş tutan COP28 tədbirində Ermənistanı Prezident Vaaqn Xaçaturyan təmsil edib, onda Bakıya da onun gəlməsi daha real görünür.

Mövzu ilə bağlı “Sherg.az” politoloq Zərdüşt Əlizadənin fikirlərini öyrənib. 

- Zərdüşt bəy, Azərbaycanın COP29-a görə Ermənistanı Bakıya dəvət etməsini necə dəyərləndirirsiniz? 

-COP29 ümumdünya miqyaslı tədbirdir. Azərbaycan isə COP29-a ev sahibliyi etmək öhdəliyini öz üzərinə götürüb. Ona görə də ev sahibi kimi məcburdur ki, dünyadakı bütün dövlətləri həmin tədbirə dəvət etsin. O cümlədən Ermənistanı da. Azərbaycan öz ev sahibliyi hüququndan istifadə edərək dünyadakı bütün dövlətləri, iqlimlə məşğul olan beynəlxalq təşkilatların rəhbərlərini Bakıya dəvət edib. Eyni zamanda Ermənistana da COP29-da iştirak etməsi üçün dəvət göndərilib.

-Sizcə, Ermənistanın sözügedən dəvətə münasibəti necə olacaq?
 
-COP29 tədbirində hansı səviyyədə təmsilçilik etmək  Ermənistan hakimiyyətinin öz məsuliyyətidir. Ermənistan tədbirə baş nazir Nikol Paşinyanı, ekologiya nazirini, xarici işlər nazirini və parlament sədrini göndərə bilər. Yəni Ermənistan kimi istəsə COP29-a göndərəcək.

-Ermənistan rəhbərliyindən kimin COP29-a gəlmə ehtimalı daha böyükdür?

-Ermənistanın prezidenti cənab Vaaqn Xaçaturyan çox savadlı, mötəbər və sanballı insandır. Düzdür, onun Ermənistan konstitusiyasına görə səlahiyyətləri o qədər də geniş deyil. Amma cəmiyyət içində hörməti böyükdür. Çünki xalq içində Xaçaturyanı abırlı və təcrübəli insan kimi tanıyırlar. Eyni zamanda Robert Köçəryanın zamanında Ermənistanın meri olub. Həmçinin, o içtimai xadim və alimdir. Alen Simonyan, Mqer Qriqoryanın da rəsmi mövqeyi  böyük əhəmiyyətə malikdir. Amma COP29-a Ermənistan tərəfindən kimin gələcəyi Nikol Paşinyandan asılıdır, istəsə özü gələcək, istəsə də, başqasını göndərəcək".

-Ola bilər ki, Ermənistan Qərbin təkidi ilə Azərbaycanın hümanist təklifini geri çevirsin? 

-Qeyd etdiyim kimi, Ermənistanın tədbirə qatılmama istəyi də özlərindən asılıdır. Ermənistanın hansısa beynəlxalq tədbirdə iştirak etməsinin Qərbə aidiyyəti yoxdur. Qərb belə işlərlə məşğul olmur".