Sağlam olaraq bilinirdi
Son illərdə bir çox insan dieta saxlamağa çalışır və müxtəlif dieta üsullarından istifadə edirlər. Kalorisi az qidalara üstünlük verənlər, proteinli qidalarla bəslənməyə çalışanlar, su dietası saxlayanlar, həmçinin fasilərlə - aralıqlı oruc dietasından istifadə edənlər var. Amerika Ürək Dərnəyinin apardığı araşdırma aralıqlı oruc tutmanın ürək-damar sistemi üçün təhlükəli olduğunu açıqlayıb. “Sherg.az” “NTV,com.tr”yə istinadən bildirir ki, dərnək aralıqlı orucun ürək-damar xəstəliklərindən ölüm riskini 90 faizdən də çox artırdığını bildirib. Aralıqlı oruc dietasının bir neçə növü var: 24 saatın 16 saatını qidadan imtina, axşam nahardan sonra ertəsi gün günortaya qədər ac qalmaq, aclığı şəkərsiz qəhvə və ya su ilə aradan qaldırmaq. Bu dieta üsulları populyarlıq qazansa da, dərnək üzvləri onun insanı ölümə daha çox yaxınlaşdırdığı qənaətindədir. Dərnək üzvləri 20 min insanı tədqiqata cəlb edib və 8 saatlıq zaman kəsiyində məhdud qidalanmanın kardioloji problemlərə yol açdığı və ölüm riskini artırdığı bəlli olub. “Bütün qidaları 8 saat çərçivəsinə sığışdıranlar ürək-damar xəstəliklərinə daha tez tutula bilər. Çünki gün ərzində qəbul edilməli olan bütün qidaları yalnız 8 saat ərzində qəbul etmək orqanizmi yorur, damarlarda tıxanmanı artırır, bu da ürəyin fəaliyyətini çətinləşdirir. 10 saatdan az qida qəbul etmək də, həmçinin xəstəlik təhlükəsini artırır” bəyan edilən araşdırmada bildirilib ki, aralıq orucu tutan şəxslərdə ürək-damar sistemi xəstəliklərinin artdığını görmək təəccüblüdür. Tədqiqat heyətində təmsil olunan professor Victor Venze Song bildirib ki, bu dieta üsulu hər nə qədər populyar olsa da, qidalanma saatlarının azaldılmasının uzun ömür yaşamağa kömək etdiyini söyləmək mümkün deyil. Sağlam və uzun ömür daha az qidalanmaya bağlı deyil. Hər bir şəxs özlüyündə ayrıca bir fərd olduğundan və orqanizmlər də fərqli olduğundan dietalar hər şəxsə görə təyin edilməlidir. “Bu yaxşı dietadır”, deyib hamının istifadə etdiyinə baş vurmaq olmaz. Sağlam qidalanma az qidalanma, az yemək qəbul etmək deyil, keyfiyyətli qidalanmadır. Sağlam qidalanmanın ən üstün növü isə Aralıq dənizi menyusudur. Bu menyu bol tərəvəz və meyvə, tərkibi tam taxıl olan ərzaqlar, təbii yağlar, balıq kimi proteinlə zəngin qidalardan ibarətdir. Qırmızı ət, alkoqol və işlənmiş qidalar menyuda azdırsa, xərçəng riskini azaltmış olursunuz. Aralıq dənizi dietası ürək-damar xəstəlikləri ehtimalını xeyli azaldır. Oksford Universitetinin epidemioloqu Tim Key isə “işlənmiş ətin bağırsaq xərçənginə səbəb olduğuna dair təsdiqlənmiş dəlillər vardır. Ümumdünya Səhiyyə Təşkilatı bu əti konserogen qida olaraq təsdiq edib”, söyləyib.