Təhsil almaq imkanları genişləndirilir

Elmi-Kütləvi, Mədəni-Maarif, Təhsil Proqramlarının Hazırlanması

Ali məktəblərdə dövlət sifarişli yerlərin sayı artır

Ali təhsil müəssisələrinə həyəcanlı qəbul günləri, yerləşdirmə mərhələsi arxada qaldı. Hazırda qeydiyyat mərhələsidir. Yeni tədris ilində 55 min 656 tələbə ilk dərs gününü müxtəlif ali təhsil müəssisələrinin auditoriyalarında keçirəcək. Builki qəbul və yerləşdirmə prosesi haqqında məlumat verərkən Dövlət İmtahan Mərkəzi İdarə Heyətinin sədri Məleykə Abbaszadə qəbul planının 95.27 faiz dolduğunu söyləyib və DİM-in 2024/2025-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib: “Müsabiqənin nəticələrinə əsasən 55656 nəfər, o cümlədən 7287 subbakalavr ali təhsil müəssisələrinə qəbul olunub. 27117 (o cümlədən 1579 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 28539 (o cümlədən 5708 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib”. Qeyd olunan rəqəmlər ötən ilin müvafiq məlumatları ilə müqayisə edildikdə bu il tələbə adını qazananların sayının daha da artdığı müşahidə edilir. Ötən ilə nisbətən bu il tələbə olanların sayı 3715 nəfər daha çoxdur. Bu il həmçinin dövlət sifarişi əsasında qəbul olunanların sayı da ötənilki göstəricidən 2523 nəfər çoxdur. Ümumiyyətlə, son illər qəbul planında dövlət sifarişli yerlərin sayının artırılması nəticəsində ödənişsiz oxumaq imkanı əldə edən tələbələrin sayı çoxalmaqda davam edir. Müsabiqənin nəticələrinə fikir verdikdə qrup və ixtisaslar üzrə vəziyyətin necə formalaşacağı – müəyyən ixtisaslar üzrə keçid ballarının ötən illə müqayisədə yüksələcəyi ilə bağlı proqnozların özünü doğrultduğu görünür. Plan yerləri ən çox ikinci ixtisas qrupunda dolub  - 98.29 faiz. Burada plan yerlərinin sayı imtahan verən və müsabiqədə iştirak etmək hüququ olan abituriyentlərin sayından çox olsa da, əvvəlcədən də proqnoz edildiyi kimi subbakalavrların şansı var idi və onların hesabına dolma göstəriciləri yüksəkdir. Ən çox subbakalavr (3549 nəfər) da məhz II qrup üzrə ixtisaslara qəbul olunub. I, III, IV və V ixtisas qruplarında plan yerləri müvafiq olaraq 93.37 faiz, 97.38 faiz, 89.96 faiz və 92.20 faiz dolub. Məleykə Abbaszadə vurğulayıb ki, I mərhələdən sonra tələbə qəbulu aparılan 44 ali təhsil müəssisəsinin 25-də plan yerləri 95 faizdən çox dolub. O bildirib ki, 8 ali təhsil müəssisəsində (Azərbaycan Tibb Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, ADA Universiteti, Azərbaycan Dövlət Dəniz Akademiyası, Bakı Ali Neft Məktəbi, Dövlət Gömrük Komitəsinin Akademiyası, Azərbaycan İlahiyyat İnstitutu, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası) 100 faiz dolub: "İlk dəfə qəbul aparılan Qarabağ Universitetinin plan yerləri 98.57 faiz, Türkiyə–Azərbaycan Universitetinin plan yerləri 96.67 faiz, İtaliya–Azərbaycan Universitetinin plan yerləri 95.52 faiz dolub". Məleykə Abbaszadə deyib ki, subbakalvrlar 34 müxtəlif ali təhsil müəssisəsinə qəbul olunublar. Bu, ötənilki göstəricidən 695 nəfər daha çoxdur. O bildirib ki, subbakalavrlar say etibarilə daha çox Azərbaycan Texniki Universitetinə (584), Mingəçevir Dövlət Universitetinə (569 nəfər) Azərbaycan Texnologiya Universitetinə (527 nəfər) və Lənkəran Dövlət Universitetinə (505 nəfər) qəbul olunub. Qarabağ Universitetinə qəbul olan tələbələrin 3,81 faizi Naxçıvandan, 6,80 faizi Sumqayıt, Xızı və Abşerondan, 16.77 faizi isə Gəncə şəhəri, Şəmkir və Qazax rayonlarındandır. 
Elm və Təhsil Nazirliyi isə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilən (ödənişli əsaslarla təhsil alan və sosial müdafiəyə ehtiyacı olanlar) şəxslərin aid olduğu sosial kateqoriyalar barədə məlumatı Nazirliyin rəsmi internet səhifəsində yerləşdirib. Bunlar, dövlət, bələdiyyə və özəl ali təhsil müəssisələrində təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər, şəhid ailəsinin üzvləri, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların övladları, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslər, orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə, habelə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusuna malik Azərbaycan Respublikasının vətəndaşlarıdır. Məlumatda eyni zamanda bildirilir ki, Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına əyani təhsil alan tələbələrə güzəştli kreditlər verilir. Təhsil kreditinin əldə olunması üçün www.e-ttkf.edu.az elektron portalına müraciət edə bilərsiniz.
“Bu il ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin sayının əvvəlki illərlə müqayisədə yüksək olması Azərbaycanda təhsil alanlara, təhsil almaq istəyənlərə yaradılan şəraitin ildən-ilə yüksəlməsinə bağlıdır”. Bu fikirləri “Sherg.az"a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirdi. Ekspert qeyd etdi ki, bu il rekord sayda tələbə qəbulunun həyata keçirilməsi növbəti illərdə də bu prosesin davam etməsinə gətirib çıxaracaq: 
"İlk növbədə qeyd edim ki, bu il ali təhsil müəssisələrinin bakalavr pilləsinə maksimum sayda tələbə qəbulu həyata keçirilir ki, bu da Azərbaycanın müstəqillik dövründə ən böyük rəqəmlərdir. Gələn illərdə ali təhsil müəssisələrinə qəbul planı yeri daha da artacaq. Yəni dövlət strategiyasına əsasən bu il ali təhsil müəssisələrinin bakalavr pilləsinə 60 minə yaxın tələbə qəbulu həyata keçirilməsi proqnozlaşdırılırdısa, 2025-ci ildə bu rəqəm daha da artacaq. İndiyə qədər Azərbaycanda keçən il 48 minə yaxın abituriyent ali təhsil müəssisələrinə qəbul olmuşdu. Müqayisə üçün deyim ki, 2010-cu ildə ali təhsil müəssisələrinə qəbul plan yeri 29000 idi. 2024-cü ildə isə artıq kifayət qədər böyük sayda tələbə 55 mindən çox tələbə bakalavr pilləsinə qəbul oldu. Bunlar yaxşı rəqəmlərdir. Bütün bunlar Azərbaycan dövlətinin təhsilin əlçatanlığının təmin edilməsi istiqamətində apardığı məqsədyönlü siyasətin nəticəsidir. DİM İdarə Heyətinin sədri M.Abbaszadənin də dediyi kimi, bu il dövlət sifarişi əsasında qəbul olunanların sayı ötənilki göstəricidən 2523 nəfər çoxdur. Bu onu göstərir ki, son illər qəbul planında dövlət sifarişli yerlərin sayı getdikcə artırılır, nəticədə ödənişsiz oxumaq imkanı əldə edən tələbələrin sayı da artır. Dövlət gənclərin təhsil almaq imkanlarını getdikcə genişləndirir. Sevindirici hal həm də budur ki, bu il yeni yaranan, istər Qarabağ Universitetində, istərsə də Türkiyə-Azərbaycan Universitetinə qəbul həyata keçirilib və diqqət etdikdə görürük ki, bu universitetlərə ballar artıq ciddi şəkildə formalaşıb. Bu, ölkənin təhsil mühitində  rəqabətin artmasına gətirib çıxaracaq əhəmiyyətli amildir".  
K.Əsədov dövlət sifarişi ilə təhsil alan tələbələrin təhsilinə ayrılan vəsaitin həcminin artırılmasını da vacib sayır. Ekspert bu fikirdədir ki, ali təhsildə adambaşına maliyyələşdirmə prinsipinin tətbiqi müsbət yenilikdir. Lakin bu məsələdə təkmilləşməyə ehtiyac var. Hazırkı şəraitdə dövlət sifarişli tələbələrin sayının artması universitet büdcəsini artırmaq əvəzinə azaldır. Çünki dövlət sifarişli tələbəyə ödənilən təhsil haqqı daha azdır. Amma bu, əksinə olmalıdır. Dövlət sifarişli ixtisaslarda təhsil üçün vəsait artırılarsa, ali təhsil müəssisələri dövlət sifarişli yerlərin sayının artmasından da, həmçinin dövlət hesabına – ödənişsiz təhsil alacaq tələbələrin sayının artmasından daha çox gəlir əldə edəcək. O zaman ödənişli ixtisaslara maraq da azalacaq, balların aşağı salınması, ali məktəblərin aşağı bal toplamış abituriyentlərdən maddi cəhətdən asılı qalması kimi hallar da olmayacaq.