Əgər Paşinyan qalib gələrsə, bu, Ermənistan cəmiyyətində sülh yoluna üstünlük verildiyini göstərən mühüm siyasi mesaj olacaq
Ermənistanda parlament seçkilərinin keçirilməsinə 2 aydan da az müddət qalıb. Vaxt çəmbəri daraldıqca ölkənin siyasi gündəmi rəqib partiyaların bir-birinə ünvanladığı təhqirlər və aşağılayıcı bəyanatlarla gərginləşir. İyunun 7-də keçirilməsi planlaşdırılan seçkilərdə, Baş nazir Nikol Paşinyanın qarşısında müxalifət liderləri kimi sabiq preizdent Robert Köçəryan, rusiyalı milyarder Samvel Karapetyan və siyasətçi-biznesmen Qaqik Sarukyan dayanır. Xüsusilə R.Köçəryan seçki kampaniyasını Paşinyanı təhqir və hədə üzərində qurub.
Müharibə siyasətçisi kimi tanına Robertin son bəyanatı Paşinyanı çilədən çıxarıb. O, açıqlamasında Ermənistanın böyük diaspora malik olduğunu xatırlatmaqla, 29.743 kvadrat kilometr ərazi ilə məhdudlaşmasını qınayıb. Paşinyan isə onun müharibə istədiyini vurğulayıb. Siyasi karyerasına Qarabağ münasiqşəsi ilə başlayan Koçaryandan başqa açıqlama gözləmək absürd olardı.
Mövzu ilə bağlı hərbi-siyasi eskpert Həşim Səhrablı Sherg.az-a bildirib ki, parlament seçkiləri Ermənistan dövlətinin gələcəyini müəyyən edən siyasi mərhələdir:
“Artıq Ermənistan cəmiyyəti müasir münaqişələrin qayda-qanun tanımadığı dövrdə seçim qarşısındadır. Onlar bunu nəzərə almaqla ya sülhü seçməlidir, ya da müharibə yoluna doğru addımlamalıdır. Əgər Paşinyan qalib gələrsə, bu, Ermənistan cəmiyyətində sülh yoluna üstünlük verildiyini göstərən mühüm siyasi mesaj olacaq. Əks halda, radikal siyasi dairələrin Paşinyanı üstələməsi, xalqın 200 il bundan əvvəlki xəstə təfəkkürünün dəyişmədiyini ortaya çıxaracaq”.
Analitikin sözlərinə görə, R.Koçaryanın Ermənistan ərazisi ilə bağlı bəyanatı, yenidən ərazi iddialarının gündəmə gətirildiyini ortaya qoyur:
“Bu iddialar birbaşa Qarabağ, Naxçıvan və Türkiyənin şimal-qərb bölgəsinə, eləcə də Gürcüstanın bəzi rayonlarına şamil olunur. Paşinyana müxalif mövqedə dayanan revanşist qüvvələr Rusiya, Fransa və İran kimi dövlətlərə arxayın olaraq anti-Azərbaycan siyasətinə qayıtmaq niyyətindədir. Lakin Ermənistan xalqı indiki dövrü 1990-cı illərlə səhv salmamalıdır. Hazırda Rusiya əvvəlki dövrlə müqayisədə Ermənistana dəstək göstərməyəcək. Bunun səbəbi Kremlin siyasi arqumentlərinin dəyişməsidir”.
H. Səhrablı vurğulayıb ki, artıq Rusiya dairələri ermənilərə arxalanaraq dayanıqlı nəticə əldə etməyin mümkünsüz olduğunu anlayıb:
“Bir zamanlar Qarabağın işğalında Ermənistana dəstək göstərən Rusiya, indi zəif və güclü nisbəti dəyişdiyi an tərəfdaşının onu satacağını dərk edir. Rusiyanın Ukrayna ilə müharibədə olması da başqa bir reallığı ərsəyə gətirir. Moskva üçün hazırkı mərhələdə əsas prioritet Ermənistanın ərazilərini genişləndirmək deyil, öz hərbi-strateji məqsədlərinə nail olmaqdır. İran höküməti də 44 günlük müharibədə Ermənistana dəstək göstərdiyinə görə xəcalət çəkəcək. Onlar Azərbaycanın heç vaxt İrana qarşı sərt siyasət xətti yürütmədiyini anlayacaqlar”.
Ekspertin fikrincə, əgər İranı düşmən kimi qəbul etsəydik, Yaxın Şərqdə baş verən proseslərdən istifadə edərək ərazi iddialarımızı reallaşdırmaq üçün müdaxilə yolunu seçərdik:
“Əksinə, rəsmi Bakı birmənalı şəkildə bəyan etdi ki, ölkə ərazilərindən İrana qarşı hər hansı məqsədlə istifadə olunmasına yol verilməyəcək. Bununla da ölkəmizin bütün tərəflərlə bərabərhüquqlu münasibətlər saxladığını nümayiş etdirdik. Azərbaycanın siyasi xətti İrandakı ermənipərəst qüvvələrə də dərs olacaq. Artıq ermənilər İran üçün heç bir əhəmiyyətə malik olmadıqlarını anlamalıdır”.
H.Səhrablı qeyd edib ki, ermənilər Fransaya da bel bağlaya bilməzlər:
“Əgər Fransa Ermənistanı qorumaq niyyətində olsaydı, İkinci Qarabağ müharibəsi zamanı onu çətin vəziyyətdən çıxarardı. Azərbaycan 2020-ci ildə bu günə nisbətən daha güclü ordu ilə qarşı-qarşıya idi. 44 gün ərzində erməniləri darmadağın edən Azərbaycan ordusu üçün, bu günkü Ermənistanı məğlub etmək böyük çətinlik yaratmaz. Ona görə də parlament seçkiləri ermənilər üçün son şansdır. Xalq yeni müharibəyə başlamaq qərarını verərkən Ermənistanın hərbi və iqtisadi imkanlarının məhdudluğunu nəzərə alaraq daha rasional mövqe sərgiləməlidir”.