Diplomatiya, informasiya və hərbi üstünlük: Azərbaycan nümunəsi dərsdir

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması

Prezident İlham Əliyevin siyasəti Azərbaycanı Cənubi Qafqazın liderinə çevirdi

Uzun illərdir davam edən Rusiya-Ukrayna və cari ilin fevral ayında başlayan İran-ABŞ/İsrail qarşıdurması kimi qeyri-müəyyən nəticəli əməliyyatlar fonunda Azərbaycanın 44 günlük Vətən müharibəsi və 2023-cü il antiterror əməliyyatı ilə əldə etdiyi qələbə, hərbi-siyasi model xüsusi diqqət çəkir. Cəmi 44 gün ərzində Ermənistanı kapitulyasiyaya məcbur edən Azərbaycan müasir dövrdə nadir rast gəlinən “mütləq qələbə” nümunəsi ortaya qoyub.

Bu uğur təkcə hərbi üstünlük deyil, eyni zamanda strateji planlaşdırmanın, düzgün siyasi kursun və milli birliyin nəticəsi kimi dəyərləndirilir. Bunun davamı kimi 2023-cü il antiterror əməliyyatı ilə Azərbaycan suverenliyini tam şəkildə bərpa etməklə yeni reallıq yaratdı.

Azərbaycan təcrübəsi göstərdi ki, müasir dövrdə qalibiyyət yalnız hərbi meydanda qazanılmır. Qələbə diplomatiya, hüquq və institusional idarəetmə ilə tamamlandıqda davamlı və dönməz xarakter alır.

Mövzunu şərh edən siyasi şərhçi Azər Niftiyev “Şərq”ə açıqlamasında bildirib ki, qlobal təhlükəsizlik nizamının sürətlə dəyişdiyi, klassik beynəlxalq hüquq mexanizmlərinin isə bir çox hallarda real güc balansı qarşısında zəiflədiyi bir şəraitdə dövlətlərin hərbi-siyasi davranışları artıq təkcə diplomatik ritorika ilə deyil, həm də konkret nəticə verən strateji model ilə ölçülür. Bu kontekstdə Azərbaycan nümunəsi son illərin ən çox müzakirə olunan, eyni zamanda ən çox təhlil edilən dövlət təcrübələrindən biridir.

Siyasi şərhçi xüsusilə qeyd edib ki, 44 günlük müharibə və 2023-cü il antiterror tədbirləri təkcə regional deyil, geosiyasi hərbi-siyasi analizlərdə “nəticə verən müharibə modeli” kimi qiymətləndirilir. Onun fikrincə, bu modelin siyasi-strateji təməlində isə Prezident İlham Əliyev tərəfindən formalaşdırılan uzunmüddətli dövlət siyasəti dayanır: “Müasir münaqişələrin ümumi tendensiyası göstərir ki, müharibələr artıq sürətli qələbə və ya tam nəticə ilə deyil, əksinə, uzanan konfliktlər, dağıdıcı iqtisadi təsirlər və qeyri-müəyyən diplomatik proseslərlə xarakterizə olunur. Rusiya-Ukrayna müharibəsinin illərlə davam etməsi, Yaxın Şərqdə və daha geniş regionda qarşıdurmaların periodik eskalasiya mərhələlərinə keçməsi beynəlxalq sistemdə “sabit nəticə” anlayışını zəiflədib. Bu xüsusda Azərbaycanın münaqişəni qısa müddətdə hərbi-siyasi nəticə ilə yekunlaşdırması, klassik müharibə modellərindən fərqli bir idarəetmə və strateji planlama nümunəsi kimi təqdim olunur.

Bu nəticənin əsas izahı təkcə hərbi əməliyyatların gedişində deyil, ondan illər öncə formalaşmış siyasi xətdədir. İlham Əliyevin çıxışlarında ardıcıl şəkildə vurğulanan əsas tezislərdən biri dövlətin uzunmüddətli strateji hazırlıq konsepsiyasıdır. Diplomatiya, iqtisadi güc, hərbi quruculuq və informasiya üstünlüyü paralel şəkildə inkişaf etdirilməli, münaqişə isə yalnız “dondurulmuş vəziyyətdə idarə olunan risk” kimi deyil, “həll ediləcək strateji problem” kimi qəbul olunmalıdır. Bu yanaşma Azərbaycanın son onillikdə həyata keçirdiyi dövlət siyasətinin əsas ideoloji həlqəsinə çevrilib.

44 günlük Vətən müharibəsi dövründə formalaşan hərbi-siyasi dinamika göstərdi ki, müasir müharibələrdə qələbə yalnız cəbhə xəttində deyil, informasiya müstəvisində, beynəlxalq legitimlik platformasında və daxili ictimai konsolidasiyada qazanılır. Təsadüfi deyil ki, İlham Əliyevin çıxışlarında bu məqam xüsusi yer tutur. Dövlətin mövqeyi beynəlxalq hüquqa əsaslanır, hərbi əməliyyatlar isə “özünümüdafiə və ərazi bütövlüyünün bərpası” çərçivəsində həyata keçirilən tezis sistemli şəkildə irəli sürülür. Bu, Azərbaycanın hərbi əməliyyatlarını klassik işğalçılıq təbliğatından narrativindən tamamilə fərqləndirən əsas siyasi xətt kimi təqdim olunur.

Eyni zamanda 2023-cü il antiterror tədbirləri dövlət suverenliyinin tam bərpası mərhələsidir. Burada diqqətçəkən əsas məqam ondan ibarətdir ki, proses genişmiqyaslı beynəlxalq müharibəyə çevrilmədən lokal və operativ hərbi-siyasi mexanizmlərlə yekunlaşdırılıb. İlham Əliyev bu mərhələni dövlətin suveren hüquqlarının tam icrası kimi təqdim edərək, “vahid dövlət konsepsiyasının bərpası” tezisini ön plana çıxarır”.

A.Niftiyevin sözlərinə görə, Azərbaycan modelinin digər mühüm elementi strateji ardıcıllıqdır: “Prezidentin müxtəlif illərdəki çıxışlarında müşahidə olunan əsas xətt dəyişmir. Heç bir halda ərazi bütövlüyü prinsipindən geri addım atılmır, diplomatik danışıqlar isə yalnız real nəticə verə biləcəyi çərçivədə davam etdirilir. Bu, “sonsuz danışıqlar” modelindən imtina və “nəticəyə yönəlmiş diplomatiya” yanaşmasının formalaşması kimi interpretasiya olunur.

Qlobal kontekstdə bu yanaşmanın fərqli tərəfi ondan ibarətdir ki, Azərbaycan həm hərbi, həm diplomatik, həm də informasiya müstəvisində sinxron strategiya tətbiq edib. Bir çox münaqişələrdə bu üç komponent bir-birindən ayrıldığı halda, Azərbaycan təcrübəsində onların vahid strateji mərkəzdən idarə olunması müşahidə olunur. Bu da nəticənin sürətinə və effektivliyinə birbaşa təsir edən amil kimi qiymətləndirilir.

Nəticə etibarilə müasir beynəlxalq sistemdə uzanan və həll olunmayan münaqişələr fonunda Azərbaycan nümunəsi “idarə olunan münaqişənin həll edilmiş münaqişəyə çevrilməsi” modelini ortaya qoyur. Bu modelin ideoloji və praktiki əsasları isə ardıcıl şəkildə İlham Əliyev tərəfindən formalaşdırılmış dövlət strategiyası üzərində qurulub. Bu strategiya təkcə hərbi qələbəni deyil, həm də postmünaqişə mərhələsində dövlətin suverenlik, legitimlik və regional güc statusunu möhkəmləndirən kompleks sistem kimi çıxış edir.

Bu baxımdan Azərbaycan təcrübəsi müasir geopolitikada nadir hallarda rast gəlinən bir nəticəni göstərir. Münaqişənin uzadılması deyil, onun sistemli, mərhələli və nəticəyə yönəlmiş şəkildə bağlanması. Bu isə artıq təkcə regional hadisə deyil, qlobal strateji analizlər üçün ayrıca model kimi qəbul edilir”. 

A.Niftiyev əlavə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən məntiqli, ardıcıl, rasional, praqmatik və çoxvektorlu islahatlar nəticəsində ölkəmiz nəinki Cənubi Qafqaz regionunun lider dövləti olaraq mövqeyini qoruyur, dünya miqyasında önəmli aktorlardan birinə çevrilib: “Prezidentin uzaqgörən və müdrik siyasəti nəticəsində qlobal müstəvidə cərəyan edən hadisələr Azərbaycanın xeyrinə dəyişir və gərginləşən beynəlxalq münasibətlər sistemində bu, Azərbaycanın manevr imkanlarını genişləndirərək onun strateji əhəmiyyətini daha da gücləndirir”.